• cümə, 19 Aprel, 18:35
  • Baku Bakı 24°C

Bədii ümumiləşdirmələr ustası

02.03.20 15:00 2936
Bədii ümumiləşdirmələr ustası
Əməkdar rəssam Tahir Məmmədovun yaradıcılıq axtarışları haqqında...
Ötən əsrin yetmişinci illərində respublikamızın bədii məkanında ilk yaradıcılıq nümunələrini ictimailəşdirən gənclərin sırasında Tahir Məmmədov da vardı. O vaxtlar diqqəti ən çox cəlb edən Bakıda orta və ali ixtisas təhsili alan bu gəncin yaratdığı yeni ruhlu əsərləri ilə Rusiyanın adlı-sanlı ali təhsil ocaqlarında görkəmli fırça ustalarından dərs alıb vətənə dönən həmyaşıdlarından heç də geri qalmaması idi. Etiraf edək ki, 5-6 illik ayrılıqdan sonra Bakıya dönən gənc rəssamların əsərlərində müəyyən qədər məşhur müəllimlərinə bənzəmək meyli duyulurdusa, yaradıcılığı yerli bədii ənənələr əsasında formalaşan Tahir Məmmədovun tabloları əvvəlkilərdən fərqli estetikası ilə seçilirdi...
Bu təqdiri bir qədər də genişləndirməli olsaq, onda deməliyik ki, onun realist-gerçəkçi sənət ənənələrinə yaradıcı yanaşmasının əyani görüntüsü olan hiperrealizm nümunələrində Azərbaycan bədii məkanı üçün yeni olan estetik tutum mövcud idi. Həmin illərdə "Bayraq ləyaqət rəmzidir” tablosu ilə məşhurlaşan gənc rəssam, çox tezliklə realizmdən qaynaqlanan bədii ümumiləşdirmələr sahəsində nəhayətsiz yaradıcı potensiala malik olduğunu sərgiləmiş oldu.
Bu gün – duyulası zaman kəsiyindən geriyə baxmalı olsaq, onda onun son yarım əsrdə milli rəssamlıq məkanımızda baş verən bədii hadisələrə istiqamət verənlərin sırasında olduğunu görə bilərik. Dünyanın müxtəlif ölkələrində baş tutan fərdi sərgiləri (Fransa, Rusiya, ABŞ, Belçika və s.) Azərbaycan təsviri sənətinin təbliğində duyulası iz qoymuşdur.
Milli təsviri sənətimizin inkişafına verdiyi töhfələrə görə "Azərbaycan Respublikasının Əməkdar rəssamı” (2002) fəxri adını alan, yaratdığı orijinal biçimli əsərlərinə görə SSRİ Rəssamlıq Akademiyasının xüsusi diplomuna layiq görülən (1992), Azərbaycan Rəssamlar İttifaqının "Sultan Məhəmməd” (2001), "Bakılı” cəmiyyətinin nüfuzlu "Humay” (2004) mükafatlarını və II "Ənənəvilik və müasirlik” beynəlxalq müsabiqəsinin birinciliyini əldə edən Tahir Məmmədovun adı müasir təsviri sənətimizi dünya miqyasında ləyaqətlə təmsil edən sənətkarların sırasında çəkilir.
Azərbaycan Rəssamlar İttifaqının "Gənclər bölməsi”nə rəhbərlik edən və Azərbaycan Rəssamlıq Akademiyasının professoru vəzifəsində çalışan Tahir Məmmədov bu gün həm də yetişməkdə olan - sənətdə ilk addımlarını atan yeni nəslə hərtərəfli dəstək verən yaradıcı pedaqoqlardan sayılır...
Onun müxtəlif janr və mövzu müxtəlifliyi ilə seçilən rəngkarlıq əsərlərinin bədii tutum baxımından özünəməxsus olması birmənalıdır.
Yaradıcılığının əvvəlində sovet ideoloji məkanında hakim sayılan ‘‘ sosialist realizmi”nə rəğbətini bir o qədər gizlətməyən Tahir Məmmədov, bununla belə özündən əvvəlkilər və müasirləri kimi bədii ifadə imkanları nəhayətsiz olan bu bədii prinsipə fərqli töhfələr vermək istəyində idi. Onun yaradıcılıq axtarışlarında reallığa bədii improvizələrlə tapınmaqla uğur qazanmağın mümkünlüyünü nümayiş etdirməsi bunun əyani görüntüsü oldu. O, sübut etdi ki, çoxlarına dar görünən "realizm çərçivəsi”ni genişləndirmək mümkündür və buna özünəməxsus-fərqli estetika ilə nail olmaq, əslində, hər bir yaradıcının vəzifəsidir...
Heç şübhəsiz, rəssamın bu axtarışlarının mayasında ilk növbədə gerçəkliyə yeni münasibət və gözümüzdə adiləşən rənglərin dominant gücünə inamı dururdu. O, bəzən ram etdiyi, bəzən də duyulası dərəcədə gücləndirdiyi rənglərin məna-məzmun daşıyıcılığı yükünə daha çox inanmağa başladı və bununla da yaratdığı müxtəlif mövzulu əsərlərində cəlbedicilikdən əlavə, düşündürücülüyə nail oldu. Onun "çərçivəli” real sənətin başlıca göstəricisi olan anatomik dəqiqliyə etibarsızlıq göstərməsi isə o vaxta qədər əldə olunan bədii-estetik məziyyətlərə yeni görkəm bəxş etdi. "Müjdəçi”, "Abşeron”, "Qızmar natürmort”, "Rembrandtla görüş”, "Söhbət”, "İlham”, "Səhər uçuşu”, " Simurq” və s. tablolarında qeyd etdiyimiz bədii keyfiyyətlərin əyani ifadəsini görmək mümkündür. Əslində, gerçəkliyin bu cür səmimi, pafosdan bir qədər uzaq təqdimatı zamanı üçün kifayət qədər başqalarından fərqli idi.
Daha çox görünən sadəliyi gerçəkliyin fəlsəfi dərkinə yönəldən rəssam əslində formanı rənglərin ovqat daşıyıcılığına qovuşdurmaqla əsərlərinin bütün mənalarda özünəməxsusluğunu şərtləndirmişdi. Obrazlı desək, şair Rəsul Rzanın "Ağrının, sevincin, ümidin də rəngi var” fikrini öz əsərlərində gerçəkləşdirən rəssam onlar çox vaxt əsrimizə verilən suallar toplusuna çevirə bilmişdi. Fəlsəfi düşüncə və qrotesk, nağılvari görüm və irreal təqdimat rəssamın zamanla apardığı müsahibənin məna-məzmun daşıyıcıları və ifadə vasitələridir, desək, həqiqəti söyləmiş olarıq.
Əvvəlcədən özgə cığırına düşməməyi qarşısına yaradıcı məqsəd qoyan Tahir Məmmədovun bu gün tamaşaçını dialoqa çəkən müxtəlif mövzulu əsərlərinin rəng qatını "qaynar qazan”a çevirməyinin nəticəsidir ki, belə əsərlər tamaşaçı duyğularını tarıma çəkməkdədirlər. Əslində, müəllifin kətan səthində yaradıcı ruhdan "şirələnmiş” kimi görünən "yaxı oyunları”nın ənənəvi realistik - gerçəkçi metoddan qaynaqlandığını görmək elə də çətin deyil. Ancaq real həyatda gördüklərindən heyrətlənməyi bacaran rəssamın təfsirində onların özünəməxsus – ümumiləşdirilmiş bədii tutum almasının nəticəsidir ki, kətan üzərində əbədiləşənlər reallıqla irrallığın qovuşağından "boylanan” "Tahir Məmmədov gerçəkliyi” kimi qəbul olunmaqla, tamaşaçısına zövq verməklə yanaşı, həm də onu dialoqa çəkməkdədir...
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətində rəngə zaman-zaman sərgilənən bədii-texniki münasibətdən yaranan bədii improvizələrin onların yaradıcılarının "tanınma nişanı”na çevrilməsi danılmaz həqiqətdir. Əslində, həm də hər bir rəssamın şəxsiyyətini, dünyagörüşünü və bədii yaradıcılıq metodunu özündə hifz edən bu "tanınma nişanı”nın əldə olunması heç də hər kəsə müyəssər olmur. Yuxusuz gecələrin davamlı axtarışlarından "boylanan” bu sənətkar "mən”inin ifadəsində rəng həm də məna-məzmun daşıyıcılığına köklənəndə, onun cəlbediciliyi ilə yanaşı, həm də düşündürücü olmasını, zamansızlığa və məkansızlığa qovuşmasını şərtləndirir. Bunun hər bir yaradıcı üçün qürurdoğurucu olması birmənalıdır. Respublikanın tanınmış fırça ustalarından sayılan, Əməkdar rəssam, professor Tahir Məmmədov məhz belə sənətkarlardandır...
Onun həm də emosiyanın və dərin məna-məzmun daşıyıcılığının qovşağını özündə ehtiva edən və əsərlərinin rəng qatına bələnmiş konseptual pozivitizmin əldə olunmasında nümayiş etdirdiyi yüksək sənətkarlıq da yaddaqalandır. Hər bir əsərində duyulası məsafədən o qədər hiss olunmasa da cəlbedici ovqat yaradıcısı olan rəng qatının, bir-birinə "sarılmış” yaxılardan və rəng qatından yaranmış koloritin yalnız rəssamın bu sahənin bədii-texniki ifadə imkanlarına dərindən bələdçiliyindən yaranması da danılmazdır. Etiraf edək ki, bu gün "müasirliyin və səriştəsizliyin” süni olaraq yaradılmış mücərrəd sənət dalğasında ört-basdır edildiyi bir vaxtda, Tahir Məmmədovun bədii-texniki improvizələri nümunəvi görünməkdədir...
Bütünlüklə Tahir Məmmədovun yaradıcılığı ilhamını naturaya tabe etməməyinin ifadəsi hesab etmək olar. Elə müxtəlif janrlı hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Bütün bunları isə həmişə axtarışlarla yaşayan Tahir Məmmədovun sənət uğuru saymaq mümkündür...

Ziyadxan Əliyev











Sonda demək istəyirəm ki, beynəlxalq miqyaslı əsas uğurlarım "Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görüldüyüm (2002) vaxtdan sonrakı dövrdə baş vermişdir
1946-cı il martın 1-də Bakı şəhərində anadan olmuşdur.
1967- ci ildə Ə. Əzimzadə adına Rəssamlar Məktəbini bitirib.
1976 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.1981-ci ildə Moskva şəhərində "Yunost” jurnalının təşkil etdiyi sərgidə ilk fərdi sərgisini keçirmişdir.1991-ci ildə ABŞ, Kaliforniya ştatında fərdi yaradıcılıq sərgisi keçirilib.1992-ci ildə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. 1992-ci ildə Parisdə "CITE INTERNATIONALE DEZ ARTS” sərgisində fərdi yaradıcılıq sərgisi açılmışdır. 1992-ci ildə "ARTS TOURNELLE” qalereyasında fərdi sərgisi ilə iştirak etmişdir.2001-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Sultan Məhəmməd” mükafatına layiq görülmüşdür.2002-ci ildə Azərbaycanın Əməkdar Rəssamı adına layiq görülmüşdür.2003-cü il Fərdi sərgi (Fransa, Paris).
2004-cü il "Humay” Milli Mükafatının laureatı. 2005-ci il Fərdi sərgi Belçika, Brüssel
2006-cı il "Ənənəvilik və müasirlik” adlı II-ci Beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdür, Bakı2008-ci il Ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar xatirə sərgisi keçirilib.
2009-cu il Fərdi sərgi Rusiya, Moskva2010-cu il Fərdi sərgi Bakı-Moskva2011-ci il Fərdi sərgi Fransa, Paris
2012-ci il Fərdi sərgi Rusiya, Moskva
2012-ci il Fərdi sərgi Fransa, Monte-Karlo 2014-cü ildən Rəssamlıq Akademiyası, Rəngkarlıq kafedrasının Professoru
2015-cü il Rəssamların Mərkəzi Evində Fərdi sərgi Rusiya, Moskva

Azərbaycan Rəssamlar İttifaqının Gənclər Birliyinin sədri vəzifəsində çalışır.

Əsərlərin çoxu Azərbaycan, Fransa, ABŞ, İngiltərə, Finlandiya, Türkiyə və Rusiyanın muzey və şəxsi kolleksiyalarında özünə layiq yer almışdır.


banner

Oxşar Xəbərlər