• cümə, 29 Mart, 04:24
  • Baku Bakı 7°C

BƏDİİ ƏSƏRLƏRDƏKİ ƏŞYALAR

26.02.18 15:30 3782
BƏDİİ ƏSƏRLƏRDƏKİ ƏŞYALAR
İnsan və əşyalar aləmi, hər bir insanın həyatında maddi dəyərlərin rolu olduqca mühümdür. Biz müxtəlif – lazımlı və lazımsız əşyaların əhatəsində yaşayırıq. Onlar müxtəlif şəkildə bizim mövcud olmağımız üçün şərait yaradır, həmçinin də hardasa statusumuzu müəyyənləşdirir, cəmiyyətdəki mövqeyimizə öz təsirini göstərir.
İnsanlar çox zaman əşyalar aləmiylə münasibətlərini düzgün qurmurlar. Kim ki, "rahat" yaşayır, hər şey dalıyca qaçmır, özünü əlavə əşya fikirlərilə yükləmir, o, azla da kifayətlənə bilir. Lakin bu cür adamlar başqalarının gözündə, adətən, qəribə görünürlər. Əgər insan tamamilə real var-dövlətlə (əşyalar, pul) özünü təsdiq etmək niyyətindədirsə, çox vaxt buna müvəffəq olacaq, amma nəyin bahasına? Simiclik ucbatından sifətlərini itirmiş adamlar həddindən artıq çoxdur. Unutmayaq ki, əşyalar bizə xidmət göstərməlidir, heç bir halda bizi idarə etməməlidir.
Bədii əsərlərdəki əşyalar haqqında danışanda biz əsərlərdə adları çəkilən insanlar tərəfindən yaradılmış bütün predmetlərin cəminə müraciət edirik. Bu, personajın kostyumu, ayaqqabısı, kəməri, saçında sancağı, çantası, evinin interyeri, şəxsi əşyaları və gündəlik məişət sferasını təşkil edən bir çox başqa şeylər ola bilər.
Əşya aləmi personajların fonunu, hərəkət və əməllərinin şərait və ya əsasını yaradır. Əşya sırası ifadə edilən hadisələrə əsaslanır və oxucunun müəyyən qədər məlumatlandırmağa hesablanır.
Əşya xarakteroloji funksiya da daşıya bilər. Kostyum və interyer, şəxsi əşyalar nəinki dövrü, hətta personajın zövq və vərdişlərini müəyyən edə bilər.Əşyalar özü özlüyündə, konkret personajlarla əlaqəsi olmadan belə yazıçıya maraqlı ola bilər. Onlar həyatı, ümumilikdə həyatın düzənini də müəllifin dərk etdiyi kimi əks etdirə bilər. Bunu başa düşmək üçün müəllifin dünyagörüşünün "interyerini" anlamaq lazımdır.
Əşyavilik, əşya aləminə münasibətin ədəbiyyata təsiri böyükdür. Bədii əsərlərdə əşyalarla bağlı maraqlı məqamlar çoxdur. Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) "Xəsis cənagavər" əsərində baş qəhrəman – baron əmindir ki, bir sandıq qızılı olsa, bütün dünyanı idarə etmək gücünə malik olacaq. Bu xəsislik onun ağlını, düşüncəsini o qədər qaraldır ki, o, hətta öz oğluna da xəyanət edir. Bəs nəticə necə olur?! İnsanlar əşyalarla münasibətini ağıl və ölçü hissini itirmədən quraraq idarə etməlidir.
Anton Pavloviç Çexovun (1860-1904) əsərlərində əşyalar fon deyil, müəllifin diqqətinin ciddi şəkildə yönəldiyi canlı personajlarla eyni hüquqlu personajlardır. Məsələn, "Ədəbiyyat müəllimi" hekayəsində baş qəhrəman Manyusanı əlində göy parça görür. Sevgisini etiraf edərkən bir əliylə qızın, bir əliylə göy parçanı tutur. Bu cür detalla qəhrəmanın keçirdiyi dərin həyəcanı, duyğusu diqqətə çatdırılır.
Məşhur "6№li palata" povestində detallara – əşyalara xüsusi diqqət ayrılıb. Məsələn, söhbət Andrey Yefrimoviç Ragindən düşəndə müəllif qeyd edir: "Kitabın yanında həmişə araq dolu qrafin, duzlu xiyar və ya alma olur". Raginin kabinetinin təsvirinin sonunda gözlənilmədən verilmiş təfərrüatları. Bu detal qəhrəmanın xarakterindəki səliqəsizlik və qərarsızlığı göstərir.
Digər bir misalı – "Üç bacı" pyesində səhnədə qəhrəmanlardan biri – Nataşanın gəlişi epizodu nəzərinizə çatdırım. O, səhnəyə yaşıl kəmərli çəhrayı paltarda çıxır. Bu kiçicik detal – əşya (paltar) xanım qəhrəmanın tamamilə zövqsüzlüyünə işarə edir və onun daxili keyfiyyətlərindən ən ətraflı xatarkteristikadan belə çox məlumat verir.
İvan Sergeyviç Turgenevin (1818-1883) də əsərlərində əşyaların rolu nəzərəçarpacaq dərəcədədir. Ümumiyyətlə, Turgenev yaradıcılığı indiyə qədər də tam açılmamış ayrıca bir "dünyadır”. Elə bir mövzu yoxdur ki, o əsərlərində toxunmasın. Onların hər biri oxucuyla həyatın mənasından, sevgidən, talelərdən, tənhalıqdan açıq söhbətdir. Lakin ömrünün son illərində müəllif geniş oxucu kütləsiyçün deyil, özüyçün yazmağa başlamışdı. Beləliklə, mənsur şeir adlanan orijinal formada əsərlər yaranmağa başladı. Turgenyevin şeriləri məişətin əsas suallarının – həyat və ölüm, dostluq və sevgi, doğru və yalan üzərində düşüncələrdir.
"Daş" mənsur şeirini nəzərdən keçirək. Şərti olaraq əsəri iki yerə bölmək olar. Birinci hissə daşın həyatından, ikinci hissə isə Turgenyevin bu daşla ürəyi arasında apardığı incə və lokonik paralellərdən ibarətdir. Günəşli sevincli gün gəlib yetişəndə və dalğalar daha heç nəylə fərqlənməyən, boz daşın üstünə atılanda "əlvan rənglər üzə çıxır". İnsan ürəyi də belədir. Artıq həyatda müdrikləşmiş yazıçı gəncliyində keçirdiyi hisslərini xatırlayanda onun qoca ürəyində yenidən "keçmiş alovun izləriylə çoxdan solmuş rənglər qızarmağa başlayır".
Bu mənsur şeirdə Turgenev sakit və ahəngli şəkildə gənclik və qocalıq kimi kateqoriyaları düşünür. İnsan ürəyini əşya – daşla müqayisə etməklə oxucunun həyat haqqında düşüncələrinə daha dərin və emosional təsir edir.
"Kubok" şeirində Turgenev ustanın işlərinə müraciət edir. Heykəltəraş düzəldir, kəsir, bəzəyir, yaratdığını – kuboku mükəmməl vəziyyətə gətirir. Ancaq böyük zəhmətlər bahasına unikal, bənzərsiz nəsə yaratmaq mümkündür. Müəllif gözlərimizin önündə öz yazıçılıq ustalığının sirlərini – bədii şah əsərin yaranması prosesini açır. Kubok – müəllifin yonub hazırladığı, ona "parlaqlıq və gözəllik" verdiyi, obrazlar və müqayisələr axtardığı bir əsərdir. İ.S.Turgenev bu cürə sözlər, gedişlər, ifadə vasitələrinin köməyi ilə qiymətli bir şey – roman və ya povest yaratmaq istəyir. Məhz gözəl kubok, müəllifin fikrincə, bədii əsər müəllifinin təxəyyülünü məhsulunu, düşüncələrini və arzularını əks etdirir.
"Qum saatı" mənsur şeiri isə həyat və ölüm mövzusuna toxunur. İçində qum axan qabı müəllif eyniylə onun kimi tez və dönüşsüz axan həyatla eyniləşdirir. İnsan həyatı bir göz qırpımında keçir. Müəllif qum saatının parlaq obrazını yaradaraq boşuna itirdiyimiz zamana, vaxta başqa cür baxmağı, yanaşmağı öyrədir. Turgenev dəfələrlə həyatın ani olduğunu, günbəgün iz qoymadan keçdiyini deyərək, oxucuları hədər ötən zamanı nə qədər önəmli işlərə sərf edə biləcəyini düşündürür. İti müşahidəçiliyi sayəsində adi bir əşyanı simvol və emblemə çevirməyi bacarır.
Mixail Andreyeviç Osorginin (1878-1942) "Pesney” hekayəsi müəllifin oxucu qarşısında gözümüzə adi görünən bir predmetin – pensnenin səyahətini, onun müstəqil həyatını real şəkildə göstərməsi ilə fərqlənir. Hekayədə təhkiyəçi oxucuya müraciət edir: "Əşyalar öz həyatlarını yaşayır. Kim buna şübhə edir ki?” O, özünün haqlı olduğuna əmindir. Oxuculara əhatəsində olduqları əşyalar aləminə daha diqqətli yanaşmağı məsləhət görərək, əşyaların insanların onlarçün uydurduğu dünyada elə insanlarla da paralel yaşadıqlarını bildirir. Bu hekayəni oxuduqdan sonra ətrafdakı əşyalara istər-istəməz başqa cür maraqla yanaşmağa başlayırsan.
Anna Axmatovanın yaradıcılığına nəzər salaq. O, çox rahat və canlı şəkildə hər bir situasiyanın psixoloji gərginliyini ifadə edir. Korbey Çukovski əbəs yerə onun poeziyasını Mopassanın novellalarıyla müqayisə etmir. Axmatova, öz dediyinə görə, "qadınlara danışmağı öyrədib". Hələ heç kimi qadın məhəbbətini, qadın ağrılarını onun kimi qələmə almamışdı. Axmatova lirikasının və ümumiyyətlə, bütün akmeizmin əsas cizgisi əşyavilikdi, əşyaların simvolikasıdır. Axmatova hər zaman maddiliyə qalib gəlir, şeirlərində adı gedən hər bir əşya öndə olur. Onun lirikasında heç bir əşya təsadüfən seçilməyib. Onlar lirik qəhrəmanın daxili xarakteristikasının vasitəsi kimi seçilib. Yevgeni Reyn demişdi: "Onlar maddi aləmin sirli işarələri idi. Və sanki hər birinin səmavi dünyada analoqu var."
Satirik və yumorist Mixayıl Mixayıloviç Zoşşenkonun (1894-1958) hekayələri dünyaya, ictimai və insani münasibətləri, mədəniyyət və mənəviyyat məsələlərinə baxışı ilə fərqlənir. Əşya aləminin təsviri personajların həyatının düzənini xarakterizə edir. Əşya aləmi yazıçıya qəhrəmanın şüurunun dərinliyinə qədər çatmağa kömək edir. Zoşşenko məişət və əşyaları ətraflı təsvir etmir, lakin maddi-əşyavi aləmin təsviri dövrün və personajların daxili aləmini göstərməyə yardımçı olur. Onun "Stəkan" hekayəsi ilk baxışdan sadə bir hekayədir. Lakin o, insanlar arasında qarşılıqlı münasibətlərin problemlərinə – tərbiyə məsələlərinə, nəzakət, bir-birlərinə qarşı xeyirxahlıq kimi mühüm məsələlərə toxunur. Təhkiyəçi suvaqçı Bloxingilə yasa gedir. Təsadüfən stəkan sındırır. Təhkiyəçinin fikrincə, stəkan adi, ucuz bir əşyadır. Məsələn, tərbiyəli adamlar buna görə heç vaxt dava salmazdılar. Lakin Zoşşenkonun qəhrəmanları belələrindən deyillər. Və bunu əməlli-başlı iflas, müflisolma kimi dəyərləndirirlər. Elə təhkiyəçinin özü də xırdaçı adammış. O, bu adi məişət davasını, az qala, məhkəməyə kimi uzadır. Müəllif digərlərindən heç nəylə fərqlənməyən, üstün olmayan adi bir stəkanı təsvir etməklə həmin predmetə qarşı münasibətin içindən keçərək hekayə qəhrəmanlarının əsl simalarını və daxili aləmlərinin kasıblığını mükəmməl şəkildə göstərmişdir.
"Qaloş" hekayəsindəsə gülüşün içindən kədər üzə çıxır. Hekayənin qəhrəmanı tramvayda qaloşunu itirən adi bir adamdır. Əsərin digər iştirakçıları dövlət idarələrinin işçiləridir. Bu insanlar sadə işin həllini qəsdən uzadırlar. Bu da onların insanlara qarşı laqeyidliyindən, gördüyü işlərinin mənasızlığından xəbər verir. Hekayənin qəhrəmanları xırdaçı, əhəmiyyətsiz adamlardır və onların narahatlıqları da kiçik şeylərdən ötrüdür. Pisliyə gülməklə, müəllif bizə necə olmalı olduğumuzu göstərməyə çalışır. Yazıçı yazdığı digər hekayələrdə də əşyalar ətrafında əhvalatlar vasitəsilə oxuculara insani münasibətlərdən – alicənablıq, ədalət, ləyaqət, nəzakət, dürüstlük və s. söz açır.
Ədəbiyyatın əsas istiqamətlərindən biri yazıçıların ədəbi dünyasında əşya kateqoriyasının öyrənilməsidir. Bir çox ustad yazıçlıar, məsələn, daha çox Nikolay Vasilyeviç Qoqol, Anton Pavloviç Çexov, Aleksandr İvanoviç Kuprin bu və ya digər personajın xarakterini geniş və obrazlı şəkildə məhz onları əhatə edən əşyalar vasitəsilə açırlar. Bəzənsə, elə əşya və predmetlərin özü bu və ya digər qəhrəman haqqında, onun davranışları, həyata baxışı barədə "danışır".
 
Hazırladı: Xanım AYDIN
banner

Oxşar Xəbərlər