• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

Bədii dil qaydaları pozulanda...

09.12.19 13:15 1333
Bədii dil qaydaları pozulanda...
Bədii əsərlərin dilinin səviyyəsi ilə bağlı səslənən fikirlər birmənalı deyil. Bədii üslub bədii əsərlərin dilidir. Ədəbi dilin tarixində bədii üslub hər zaman aparıcı olub, müəyyən mərhələlərdə isə bütövlükdə ədəbi dili təmsil edir. Bədii üslub funksional imkanlarının genişliyinə görə, bəzi hallarda ədəbi-bədii dil adlandırılır. Bədii üslubda obrazlılıq əsas şərtdir. Yəni bu üslubda fikir obrazlı, ifadəli şəkildə verilir.
Bəs bu gün bədii dil hansı səviyyədədir? Dil normalarına ədəbi əsərlərdə nə qədər əməl olunur?
«Müzakirə”mizdə iştirak edən yazarların bədii dilin hazırki səviyyəsinə münasibəti də fərqlidir.

Müxtəlif yanaşma tərzi

Yazıçı İlqar Fəhmi bədii dil məsələsini müxtəlif yanaşma tərzi olan mövzu hesab edir. Belə ki, bir qisim ədəbiyyatçılar bu fikirdədirlər ki, ədəbi dil ədəbiyyatın bütün sahələrinə şamil olunmalıdır: "Yəni sənin bütün qəhrəmanların sırf ədəbi dildə danışmalıdır. Amma bir qism insanlar deyir ki, əgər mənim iki qəhrəmanım varsa, tutaq ki, onun biri alim, biri də kriminal aləmin adamıdırsa, onların ikisi də ədəbi dildə danışa bilməz. Bu, əsərin bayağı görünməsinə gətirib çıxara bilər. Ona görə də, hər obrazın dili olmalıdır. Bu baxımdan yanaşanların fikri belədir ki, qəhrəmanların dili ədəbi dil olmaya bilər, amma təhkiyyəçinin dili mütləq ədəbi dil olmalıdır. Maraqlı cəhət odur ki, son dövrlərdə gənclərin yazdığı əsərlərin çoxu, birinci şəxsin dilindən yazılır. Yəni əsər bir nəfərin dilindən nəql olunur. O əsərdə qəhrəman öz təbii danışığını saxlayır. O danışıq tərzi də müəyyən qədər küçə dili olur, onun içində müəyyən qədər jarqon, ləhcə olur və bunu «qəhrəmanın öz dilidir» deyə olduğu kimi qəbul edirlər. Bu baxımdan, bu, mübahisəli mövzudur və vahid rəy yoxdur”. İ.Fəhmi özünün də bu barədə çox düşündüyünü və konkret bir rəyə gələ bilmədiyini deyir: "Bununla belə, vahid ədəbi dilə tabe edilməyin tərəfdarı deyiləm. Onda bizim sovet ədəbiyyatındakı kimi qəribə bir tendensiya əmələ gələcək ki, bütün qəhrəmanlar eyni dildə, eyni üsulda danışacaq. Bu isə əsəri bir az pafoslu edir, təbiilikdən çıxarır. Hesab edirəm ki, bu kimi məsələlərdə bir az orta nöqtəni tapmaq lazımdır. Hər bir yazıçı da ortaq nöqtəni öz yaradıcılıq konteksində müəyyən etməlidir”. Yazıçı telekanallarda, publisistik yazılarda dialektin işlənməsinin əleyhinə olduğunu bildirir: "Çünki burda bədii əsər xarakteristikası yoxdur ki, «süni çıxar» deyəsən. Bu sahələrdə mütləq ədəbi dil qorunmalıdır. Ədəbiyyatda isə müəyən qədər təbiilik xətrinə ədəbi dildən kənara çıxmalara, məncə, icazə verilər”.

Əsrlərdən bəri gələn SÖZ

Tənqidçi Vaqif Yusifli bədii dili Azərbaycan mənəviyyatının əsası hesab edir: "Bizim dilimiz həmişə türk dilləri ailəsində öz nəfisliyi, dil normaları ilə uzlaşması baxımından öndə olub. Təbii ki, bu dili korlayanlar, öz əsərlərində layiqli qaydada işlədə bilməyən yazıçılar da var. Bunu da danmaq olmaz. Amma yenə də bizim ədəbi dilimiz saflığı və incəliyi ilə seçilir. Xüsusən bizim poeziya, nəsr dilimiz haqqında bu xoş sözləri söyləyə bilərəm. Bunlar hamısı tarixdir. Bizim klassiklərimiz həmişə bu dilin gözəlliyinin qayğısına qalıblar. Dahi Füzuli

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl
Edər hər saət səni ol uyqudan bidar söz
deyərək, sözə qiymət verirdi.
Bu, sözün gözəlliyidir ki, əsrlərdən bəri gəlir”.
Tənqidçi gənc yazarların əsərlərində, şeirlərində qəsdən dilin qayda-qanunlarının pozulmasına təəssüfünü gizlətmir: "Onların yazdıqları əsərlərdə, şeir nümunələrində özlərindən söz, ifadə, kəlmə uydurma hallarına rast gəlirik. Dildə hoqqabazlıq etmək olmaz. Bizim dilin gözəl qanunları var. Yazarkən bütün bu qaydaları nəzərə almaq lazımdır. Dildə dialektlərdən gələn, geniş oxucu kütlələrinə o qədər də məlum olmayan sözlər, arxaizmlər var. Xüsusən, qəzəl yazan şairlərin qəzəllərində ədəbi dil normalarını pozmaq adi hala çevrilib. Hesab edirəm ki, ədəbi dil qaydalarını pozmaq cinayətdir. Ədəbi dil illərdən bəri, süzülə-süzülə, işlənə-işlənə, cilanana-cilana gəlib bu vaxta çatıb. Məmməd Arazın, Əli Kərimin, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin şeirlərindəki dilə nəzər salın. Nə qədər gözəl, nə qədər safdır! Bu mənada biz bədii dilə yanaşmada həssas olmalıyıq». Tənqidçinin sözlərinə görə, bədii dil qaydaları elmi əsərlərdə də pozulur. "Məsələn, alimlərin bir çoxunun yazılarında hiss olunur ki, dilin özünəməxsus mədəniyyətindən xəbərsizdilər. Dilin qaydaları ilə bağlı səlislikdən kənara çıxmaq olmaz. Mən də çalışıram ki, öz yazılarımda hamı məni başa düşsün. Həmişə bu prinsipi əsas tuturam. Necə ki, Məmməd Arif, Məmməd Cəfər, Yaşar Qarayev, Kamal Talıbzadə kimi tənqidçilər öz elmi əsərlərində tənqidi hamının başa düşəcəyi dildə yazırdılar, mən də elə yazmağa çalışıram. Dil bizim mədəniyyətimizdir. Bu mədəniyyəti qorumaq lazımdır”.

Bədii şura olmalıdır?

Yazıçı Əliabbas Bağırovun fikrincə, bütün ədəbi sferada təmsil olunanların hamısı bədii dilin səviyyəsinin aşağı düşdüyünü müşahidə edir: " Əvvəllər ədəbi dilin formalaşması və inkişafı istiqamətində və ya kiminsə əsəri haqqında, kurs və diplom işləri, resenziyalar yazılardı. Biz də ədəbi dilin formalaşmasının şahidi olurduq. İndi bu cür proseslərin şahidi olmuruq. Bunların dilin inkişafı üçün nə demək olduğunu hamı görürdü. İndi kim hansı formada istəyir o üslubda da yazır. Artıq publisistika hər şeyi üstələyib. Sosial şəbəkələrin dilləri bütün cəmiyyətə sirayət edib. Kimin ağlına nə gəldi, onu da yazır. Buna heç bir nəzarət yoxdur. Bunlar da dilin səviyyəsinin aşağı düşməsinə təsir göstərir. Nə qrammatik normalara, nə orfoqrafik qaydalara riayət olunur. Lazım oldu-olmadı, türk və Avropa mənşəli sözləri işlədirlər. Bu baxımdan, bədii dilin səviyyəsindən çox narazıyam”. Yazıçı hesab edir ki, ədəbi dil qaydalarının pozulmasında Yazıçılar Birliyinin, Dilçilik İnstitutunun da məsuliyyəti var: "Fikrimcə, bu istiqamətdə çoxlu işlər görülməlidir. Bədii dilin qaydalarına nəzarət edən bədii şura olmalıdır”.

Nəşriyyatlarda redaktorların olmaması

Yazıçı Eyvaz Zeynalov hesab edir ki, bədii dilin səviyyəsinin qorunması həmişə aktual mövzu olub: "Oxucu ilə əlaqə qurmaq üçün bədii dilin böyük rolu var. Çünki oxucu ilə ünsiyyət yaradan dildir. Buna görə də, dil gərək bədii cəhətdən zəngin, cümlələrin quruluşu düzgün olsun. Belə bir ifadə var, deyirlər ki, fikri aydın olmayanın sözləri və cümlələri aydın olmaz. Sovet dövründə nəşr olunan kitablar bədii dil baxımından daha təkmil idi. Amma indi vəziyyət fərqlidir”. Yazıçı bədii dilin səviyyəsinin korlanmasının bir səbəbini də nəşriyyatlarda redaktorların olmamasında görür: "Onlar elə başa düşür ki, redaktor işi korrektor işi kimidir. Ona görə, hərf səhvlərini, durğu işarələrini düzəltməklə vəzifələrini bitmiş hesab edirlər. Kitabın nəşrində isə özlərini redaktor kimi təqdim edirlər. Amma baxıb görürsən ki, kitabda redaktor işindən əsər-əlamət yoxdur. Nəticədə əsərlərin dili qarışıq olur, dolaşıq cümlələrdən istifadə edirlər, zamanı qarışdırırlar, cümlələr bitkin olmur. Bu baxımdan, əvvəllər əsərlərin bədii dili daha sanballı idi”. Yazıçı hesab edir ki, bədii dilin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri də yazarların dil qanunlarını öyrənmək istəməməsidir: "Onlar özlərini böyük yazıçı hesab edirlər. Bu gün kitab çap etmək çox asanlaşıb. Onların qarşısında bədii dilin səviyyəsinin qorunması ilə bağlı hər hansı tələb qoyulmur. İndii nəşriyyatlar müəllifdən pulu alır və çap edir. Bununla da iş bitir. Bütün bu amillər bədii dilin korlanmasına gətirib çıxarır. Müasir yazıçılar buna o qədər də əhəmiyyət vermirlər. Düzdür, keçmiş yazıçılar arasında da bu cür vəziyyət müşahidə olunub. Ancaq zamanla onlar öz nöqsanlarını aradan qaldırıblar. Mənə elə gəlir ki, özünü yazıçı adlandıran şəxs başqa yazıçıların əsərlərini də oxumalıdır. Mütaliə onların dilinin formalaşmasına kömək edər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər