BDU-da Bilik Günü qeyd edilib
Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə
tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən
rektor, akademik Abel Məhərrəmov
birinci kurs tələbələrini Bakı Dövlət
Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin «Azərbaycan
xalqının milli sərvəti» adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində
xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin
formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla
davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib.
Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri
barədə məlumat verən akademik Abel Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul
imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı
Dövlət Universitetinin payına düşdüyünü bildirib.Qeyd edib ki, BDU-nun bakalavriat səviyyəsinə
universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700
nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal
toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini
seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil
edir. Bu göstəricinin ötən tədris ili ilə müqayisədə 204 nəfər çox olmasına
diqqət çəkən rektor 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin
də BDU olduğunu bildirib. Onu da qeyd edib ki, Prezident İlham Əliyevin
imzaladığı sərəncamla Prezident
təqaüdünə layiq görülənlərdən 16 nəfər
Bakı Dövlət Universitetinin tələbələridir bu da ötən tədris ilində
BDU-dan təqaüdə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur.
İlahiyyat fakültəsinin
dekanı, akademik Vasim Məmmədəliyev və 700 bal toplayaraq Hüquq fakültəsinə qəbul
olmuş İlhamə Hüseynovanın çıxışından sonra rektor Abel Məhərrəmov yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri,
universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli
çəkdirib.
Qeyd edək ki, təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli
ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65,
magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr
hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 22 mindən
çoxdur. Bu tədris ilində BDU-nun SABAH qruplarında təhsil alan tələbələrin sayı
172-dən 250 nəfərə qədər yüksəlib. Eyni zamanda, bu il SABAH qruplarına 10
ixtisas üzrə qəbul aparılıb ki, onlardan Psixologiya və Biologiya müəllimliyi
yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun SABAH qrupları tələbələrinin sayı 595 nəfərdir.
Bu il universitetin bakalavriat səviyyəsində
"Korreksiyaedici təlim” adlı yeni yeni ixtisas da açılıb. Cari ildə BDU-nun
Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan
Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya biologiya müəllimliyi, Sosial
iş, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi yeni ixtisaslardır. Bu il
filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 nəfər tələbə qəbul
olub ki, bu da ötən tədris ili ilə müqayisədə 262 nəfər çoxdur. Ümumilikdə, filialda təhsil
alan tələbələrin sayı 700 nəfərdir.