BDU-da “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər” adlı konfrans öz işinə başlayıb
"Ulus” Fondunun Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə
birgə təşkil etdiyi "Beynəlxalq mediada
Azərbaycan mövzusu: reallıqlar, perspektivlər” adlı konfrans öz
işinə başlayıb. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov
beynəlxalq mediada ölkəmizin maraqlarının müdafiəsindən, Azərbaycanın milli-mənəvi
dəyərlərinin, dövlətçilik prinsiplərinin geniş media sferasında
işıqlandırılmasının əhəmiyyətindən bəhs edib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli
dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında medianın rolu və Azərbaycan
mövzusunun işıqlandırılması məsələlərindən danışıb. Bildirib ki, vahid
informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə
çatdırılması, Dağlıq Qarabağ probleminin xarici mətbuatda işıqlandırılması ölkə
mediasının prioritetlərindəndir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat
Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan” qəzetinin baş
redaktoru Hikmət Babaoğlu, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digərləri
çıxış edərək Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasının
vacibliyindən söz açıblar.
Qeyd edək ki, iki gün davam edəcək konfransa
MDB ölkələrindən, o cümlədən Türkiyə və İrandan
media nümayəndələri qatılıb.