• cümə, 29 Mart, 01:10
  • Baku Bakı 7°C

“Bazarda qoz satıb məktəb ləvazimatı alırdıq” – Mən gənc olarkən

14.07.14 10:08 2997
“Bazarda qoz satıb məktəb ləvazimatı alırdıq” – Mən gənc olarkən
Bu günə qədər oxuyur. Bununla belə hesab edir ki, çox şeyi bilmir. Deyir ki, bilməməyi hiss etmək özü də böyük bir şeydir. Dərd orasıdır ki, bilməyə-bilməyə özünü biləndər hesab edəsən. Bu, cəmiyyət üçün bəladır. Müsahibimiz AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor, akademik Adil Qəribovdur.
“Mənə aralıq uşaq lazım deyil”
Şəki rayonunun İbrahimkənd kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Atası rayonun ilk komsomolçusu olduğundan kolxoz sədrindən tutmuş müxtəlif vəzifələrdə işləyib. Baxmayaraq ki, yalnız ibtidai təhsil alıb, A.Qəribov deyir ki, atasının dünyagörüşünə, uzaqgörənliyinə, düzgün, analitik beyninə həmişə qibtə edib.
Altı yaşındaykən İbrahimkənddəki 4 illik ibtidai məktəbə gedən müsahibimizin adı bir aya qədər jurnala düşmür. Oxumaq həvəsi ilə alışıb yanan altı yaşlı Adil məktəbdən qovulmaq qorxusu ilə bir ay dərsə ağlaya-ağlaya gedib gəlir. Çünki Mədinə müəllimə 7 yaşı tamam olmadığından qanunu pozaraq onun adını jurnala yazmayacağını israr edir. Oğlunun həvəsini görən ata onun oxumağına icazə alacağına söz verir. Amma oxumaq məsələsində iki şeyi göz altına almağı tapşırır: “ya yaxşı oxuyacaq, ya da kənddəki fermada çoban çatışmazlığını aradan qaldırmaq üçün çoban işləyəcəksən. Mənə aralıq uşaq lazım deyil”.
“Meşədən zoğal yığıb həftəlik bazarda satırdım”

İbtidai məktəbi əla qiymətlərlə başa vurandan sonra 8 illik orta məktəbdə oxumaq üçün Aşağı Küngüt kəndindəki məktəbə getməli olur. Kəndlər arasındakı məsafənin 4 km olması sərt qış aylarında 10-12 yaşı Adil üçün problem yaradır: “O vaxt palto yox idi. Ən yaxşı halda pencək, ya da jaket geyinirdim. Nə zülmlə dərsə piyada gedib, axşam ac-yalavac piyada qayıdardıq. 7-ci sinifdə oxuyanda valideynlərimiz kolxoza şikayət etdilər və kolxoz bizim digər kənddəki məktəbə getməyimiz üçün üstü açıq yük maşını verdi. Təsəvvür edin, 12-13 yaşlı uşaqlar qışda üstüaçıq maşında gedir. Arxamızı o qədər kuzaya verib dayanırdıq ki, boynumuz buz bağlayırdı. Hələ indiyə qədər də bədənimdə ən zəif yer boynumun köküdür. Çünki soyuq o vaxtdan tutub”.
Atası vəzifədə olsa da, yüksək dolanışıqları olmayıb. Çünki əsl komsomol kimi atası hər şeydən çəkinər, evlərinə qeyri-zəhmətlə qazanılan 1 qəpik də pulun keçməsinə imkan verməzmiş.
8-ci sinfi də əla qiymətlərlə qurtardığını deyən müsahibimiz 9-cu sinifdən Kiçik Dəhnə kəndindəki orta məktəbə getməli olur: “Kiçik Dəhnədə anamgilin qohumlarıgildə qalırdım. Bu dəfə də 6-7 km yolu piyada qayıdırdım. Nə qədər piyada getmişəm, nə qədər qohum olsa da, özgənin qapısında qalmışam. Ancaq buna baxmayaraq, dərslərimi axsatmamışam, küncdə-bucaqda olsa da, oturub dərslərimi oxumuşam. O vaxt məktəblərdə bufet də yox idi ki, acanda nəsə alıb yeyək. Çox vaxt meşənin içərisi ilə evə qayıdanda qarın altında qalmış qırmızı yemişan, əzgil qurusunu yeyib enerji yığır və özümüzü evə çatdırırdıq. O meyvə qurularını qara toyuqlar, bir də biz yeyirdik. Yayda da o meşədən zoğal, qoz yığıb aparıb həftəlik bazarda satıb özümüz üçün məktəb ləvazimatları alırdıq”.
“9-cu sinifdə fizik olacağımı dedim”

8-ci sinifdəykən fizika fənnini keçməyə başlayanda A.Qəribov fizika kitabını vərəqləyib gələcəkdə atomla məşğul olmaq istədiyini deyir. Bu zaman məktəbin direktoru olan kimya müəllimi Abbas Qəhrəmanov etiraz edir ki, o mütləq kimyaçı olmalıdır. Abbas müəllimlə yanaşı, digər müəllimləri də A.Qəribovun sənədlərini mütləq onların dərs dediyi fənn üzrə verməsini istəyirlər: “Uşaqlardan biri raykom, digəri prokuror olacağını deyirdilər. Mənsə 9-cu sinifdə fizik olacağamı qətiləşdirdim və soruşan olanda elmi-tədqiqat aparan yerdə fizik kimi çalışacağımı deyirdim. Heç vaxt qarşımda oxumaqdan başqa məqsəd yox idi. Yalnız bir məqsədim vardı ki, oxumalıyam, vəsssalam”.
56 nəfərlə döyüşməyə üstünlük verir

11-ci sinfi gümüş medalla bitirərək fizik olmaq məqsədilə sənədlərini indiki Bakı Dövlət Universitetinə verir. Amma sənədlərini təqdim edərkən məlum olur ki, 56 medalist sənədlərini kimya fakültəsinə təqdim edib: “İradəmi toparlaya bilmədim və dedim ki, gücümü 56 nəfərlə bir yerdə döyüşdə göstərəcəm və fizikaya vermədim”.
Qəbul imtahanında kimyadan “4” alan A.Qəribov fizikadan cavab verərkən Fizika fakültəsinin dekanı Mədət Sərdarlı onu saxlayıb deyir ki, “ay oğul, gözlə, rektoru çağırıram”. Müsahibimiz də düşünür ki, yəqin ona “2” yazmaq niyyətindədirlər: “Mədət müəllim rektor Mehdi Əliyevə dedi ki, “bu uşaq yazıqdır, gəlin, bunu kimyaya yox, fizikaya göndərək, bu, qeyri-adi uşaqdır”. Mehdi müəllim dedi ki, “ay oğul, get ərizəni yaz, fizikaya ver”. Razılaşmadım”.
Beləliklə, illərlə fizik olmağa hazırlaşan A.Qəribov axşam şöbəsində Kimya fakültəsinə qəbul olur. Gündüzləri isə oxuduğu 4 il boyunca Geofizika İnstitutunda çalışan tanışının köməkliyi ilə sözügedən institutda laborant, texnik kimi işləyir, tədqiqatlarda iştirak edir. Eyni zamanda Kimya fakültəsində əlaçı oxuyur. 3-cü kursdan fizika fənnini keçməyə başladıqda bu fənnə xüsusi sevgi ilə yanaşır: “Həmişə atom fizikasından bileti çəkib həmin dəqiqə cavab verirdim. Atom fizikasını sevərək oxusam da, kimyanı oxumaq xatirinə oxumuşam, qiymətlərim də əla olub. Üçüncü kursa kimi konsert, əyləncə nədir bilməmişəm. Kirayə qaldığımız evdə televizor olsa da, baxmırdım. İşim yalnız oxumaq idi. Yayda rayona gedəndə həmişə özümlə kitab götürürdüm. Valideynlərim şikayətlənirdi ki, arada onların əlindən tutaraq bir iş görüm”.
O vaxt istər kimya, istərsə də fizikadan Azərbaycan dilində normal dərslik yox idi, hamısı rusca idi: “Mən də kənddən gələn adam kimi bir əlimdə lüğət, bir əlimdə kitab dərslərimi oxumuşam. Tələbəlik illərində bir dənə fizika dərsini mühazirədən oxumamışam. Xüsusi ixtisaslı kitabları sevərək oxumuşam və bu gün onların bəhrəsini görürəm. Elə günlər olurdu ki, səhər Axundov kitabxanası açılandan bağlanana qədər kitabxanada oturub kitab oxuyurdum. Düşünürəm ki, əsl alim olmaq istəyən gənclərin bazis təhsili hərtərəfli olmalıdır. O əziyyətləri çəkməsəydim, bu gün müxtəlif profilli institutu idarə edə bilməzdim”.
100 qram çaxıra görə imtahandan yarımçıq çıxır

Tələbəlik illərində başına gələn maraqlı əhvalatları da bizimlə bölüşən A.Qəribov 4-cü kursda universitetdəki bütün tələbələri bərk qrip tutduğunu deyir: “Buna görə universitet bağlanırdı. Təsəvvür edin, dərsə bircə mən gəlmişəm. Dekan Qiyas müəllim mənə baxdı-baxdı və dedi ki, “ay oğul, sən xəstələnmirsən, eybi yox, çıx get evinə, bağlayaq da universiteti”.
Bir dəfə də axşam tələbə yoldaşının ad gününə yığışırlar: “Mən də içməyən adam, birdən-birə 100 qram çaxır veriblər. Səhər də durub Əlihüseyn Quliyevin termodinamikadan imtahanına gəlmişəm. İçəri girib bilet çəkəndə Əlihüseyn müəllim gördü halım birtəhərdir. Axı öyrəşməyib məni belə vəziyyətdə görməyə. Dedi, “sən imtahan verməyəcəksən”. Dedim, “niyə?”. Dedi, “bu gün sənin kefin yoxdur, dur get”. Mən də çıxdım. Kəsildiyimi düşündüm və bütün yayı kənddə kitabları töküb oxudum. Payızda dekanatlığa gəldim ki, termodinamikadan kəsilmişəm, göndəriş verin, imtahana gedim. Dedilər ki, “5” almışam və heç bir kəsirim yoxdur. Əlihüseyn müəllimin yanına getdim ki, bütün yayı bu kitabları oxumuşam. Dedi, “gördün, mən sənə xeyir verdim, bir də içib imtahana gəlmə”. Bədənimin içkini götürmədiyini, cəmi 100 qram çaxır içdiyimi bildirdim. Deməyəsən, müəllim elə bilirmiş ki, piyanam. Onu da deyim ki, o yay imtahana hazırlaşarkən çəkdiyim əziyyəti heç vaxt çəkməmişdim”.
“Atam arxamca hərbi komissarlıqdan adam yolladı”
O vaxt universiteti bitirənlərin çoxu kəndə qayıdıb müəllim kimi işləsə də, son kursda müsahibimizin atası oğluna deyir ki, “oğlum, bizim sənə müəllim kimi ehtiyacımız var, amma bura gələsi olsan, mənim oğlum deyilsən. Çətin də dolansaq, sənin gəlirin bizə lazım deyil, elm arxasınca get, amma əziyyət çəkəcəksən, onu bil”. Mən də elə etdim, universiteti fərqlənmə diplomu ilə bitirdim. İki seçimim vardı. Universitet məni saxlamaq istəyir, Qaz İnstitutu isə yanacaq elementləri deyilən sahə üzrə Sverdlovskiyə aspiranturaya göndərmək istəyirdi. Sverdlovskiyə gedib imtahanları verdim”. Amma Bakıya qayıdanda atası ona teleqram göndərir ki, hərbi komissarlıqdan çağırıblar, mütləq əsgər getməlidir: “Nə qədər dedim ki, aspiranturaya imtahan vermişəm, 1-2 ay gözləyək, cavablar çıxsın, özüm hərbi komissarlığa gedəcəm. Dedi, yox ki, yox, əsgər getməlisən, hökumətlə hökumətlik edə bilməzsən. O dövrdə Elmlər Akademiyasının Radiasiya tədqiqatları sektotunda aspiranturaya qəbul vardı, tez sənədlərimin birini də buraya verdim və imtahanların hamısından keçdim. Amma atam hərbi komissarlıqdan arxamca adam göndərdi və məni əsgər apardılar. Bir il əsgərliyimi çəkəndən sonra qayıdıb aspiranturada təhsilimi davam etdirdim”.
Həmsöhbətimiz istər tələbəlik illirənidə, istərsə də aspiranturada oxuyanda gecə saat 10-dan tez laboratoriyanı tərk etmədiyini deyir: “Aspiranturada oxuyanda evlənmişdim və uşaqlarım məni yalnız səhər görürdülər. Bu günə qədər də oxuyuram. Hesab edirəm ki, mən çox şeyi bilmirəm. Bilməməyi hiss etmək özü böyük bir şeydir. Dərd orasıdır ki, sən bilməyə-bilməyə özünü biləndər hesab edəsən. Bu, cəmiyyət üçün bəladır”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər