• şənbə, 20 Aprel, 02:56
  • Baku Bakı 15°C

Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərməyən banklar

12.08.20 17:20 1080
Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərməyən banklar
Vətəndaş öz əmanətinə görə o vaxt rahat olacaq ki...

Bağlanmış banklarda bloklanmış əmanətlərin avqustun 14-dən qaytarılmasına başlanılacaq. Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata əsasən, ləğv prosesində olan "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan "Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər, qorunan əmanət hesab edilmiş, həmçinin ləğv prosesində olan "Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınmışdır. Sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaq.
Bəs görəsən bu qərarla hər kəs öz pulunu ala biləcəkmi? Verilən qərarın əhalinin banklara inamının artmasına, banklarda əmanətlərin çoxalmasına təsiri ola bilərmi?

İqtisadçı ekspert Rəşad Həsənov prosesin vətəndaşların xeyrinə həll olunduğunu vurğuladı: "Bildiyiniz kimi ölkədə fəaliyyət göstərən dörd bank ləğv edildi. Banklar ləğv edildiyi halda qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan əmanətlər geri qaytarılmalıdır. Təqribən 1300 müştərinin 62 milyona yaxın əmanətində problemlər ortaya çıxdı. Çünki hüquqi uzlaşılmazlıq var idi. Mərkəzi Bank həmin bankların əmanət qəbul etmək hüququnu məhdudlaşdırdıqdan sonra onlar əmanət qəbul etmişdilər. Bu proses vətəndaşların xəbəri olmadan həyata keçirilib. Əslində bu əmanətlər də sığortalanan əmanət sayılırdı. Amma Mərkəzi Bank iddia edirdi ki, həmin bankların əmanət qəbulu prosesini dayandırdıqdan sonra əmanət qoyulduğu üçün hüquqi cəhətdən aydınlıq gətirilməlidir. Əmanətlərin Sığortalanması Fondunun bu vəsaitləri ödəməsi üçün müəyyən hüquqi əsas olmalıdır. Digər tərəfdən, bəzi əmanətlər bank şöbələri bağlandıqdan sonra başqa şöbələrə transfer edilmişdi. Bu da əmanətlərin miqrasiyası adlandırılır. Konstitusiya məhkəməsi məhz bu məqamlara aydınlıq gətirdi. İlk növbədə müəyyən edildi ki, ictimai məlumatlandırmaya uyğun olaraq Mərkəzi Bank və maliyyə bazarlarına nəzarət edən qurum hər hansı bir bankın əmanət qəbulu hüququnu dayandırırsa, bir gün müddətində bununla bağlı məlumat ictimailəşdirilməlidir. Bu olmadığı üçün insanlar məlumatlı deyildi. Ona görə də, bank menecerləri prosesi istədiyi istiqamətdə idarə edə bilib. Əslində burada qanun pozuntusu üzə çıxmışdı. Konstitusiya Məhkəməsi bu məsələni aydınlaşdırdı ki, vətəndaşları məlumatlandırmadığı üçün bu əmanətlər qorunan əmanətlər hesab olunur. Həmçinin, miqrasiya ilə bağlı məsələyə gəlincə, əmanət hansı tarixdə yerləşdirilibsə, o tarix əmanətin qoyulduğu tarix hesab olunur. Beləliklə, əslində miqrasiya edilən əmanətlərin də sığortalanan əmanət olduğu öz təsdiqini tapdı. Nəticədə 62 milyon manat həcmində əmanətin taleyi müəyyən edildi. Yəqin ki, yaxın günlərdə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin geri qaytarılması ilə bağlı proseduru və dəqiq vaxtı açıqlayacaq. Beləliklə, problem vətəndaşların xeyrinə həll olundu”.

İqtisadçı ekspert Pərviz Heydərov söylədi ki, sığortalanan əmanətlərin şərtləri dəqiq olaraq məlumdur. Amma banklar daha çox vəsait cəlb etmək üçün stimullaşdırıcı yüksək faiz dərəcələri təyin edir: "Bu əmanətlər sığortalanmır. Təəssüflər olsun ki, bu yüksək faiz dərəcəsinə şirniklənərək, vətəndaşlar öz əmanətlərini sığortalamadan bankalara əmanət qoyuluşu edirlər. İstənilən halda, bank sektorunda hər iki əmanət növü, bank müflis olarkən qaytarılmalıdır. Sığorta edilən əmanətlərə dövlət özü qarantiya verir. Amma sığortasız əmanətlər bankın aktivlərinin satışı yolu ilə vətəndaşa geri qaytarılır. Neftin qiyməti düşdükdən sonra 2011-ci ildə 11-dən çox bank öz fəaliyyətini dayandırdı. Bu ilə isə dörd bank bağlandı. Sığortalanan əmanətlər gec-tez də olsa, vətəndaşa geri qaytarılır. Amma əksər hallarda sığorta edilməyən əmanətlərin taleyi havada qalır. Bu da vətəndaşların bank sektoruna olan inamını itirir. Amma bu məsələdə vətəndaşın günahı yox idi. Çünki aidiyyəti qurumlar tərəfindən xəbərdarlıq edilməmişdi. Ümumilikdə götürsək, sözügedən problemin kökü ölkənin bank sektorundakı problemlərdən qaynaqlanır. Təəssüflər olsun ki, ölkədə banklar sivil qaydada, bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyətə göstərə bilmir. Bu kimi məsələlər öz həllini taparsa, hansısa bank müflis elan olunduqdan sonra vətəndaşların əmanəti də rahatlıqla geri qaytarılar”.
Şəbnəm
banner

Oxşar Xəbərlər