“Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib - Fotolar

“Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib - Fotolar

Təfsilat
09 Noyabr 2016, 11:48 1198
Bu gün Binəqədi Rayonu ərazisində  fəaliyyət göstərən "STEP İT” Akademiyanın inzibati binasında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və "İDRAK” liseyinin birgə təşkilatçılığı ilə "Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, millət vəkili Elman Nəsirov,  "İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov, 09 Noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət və "Xəmsə” intellektual oyunun qalibləri və iştirakçıları , rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbir ilk olaraq dövlət bayraqları və rəsm əsərlərindən ibarət sərgi ilə start götürüb. Daha sonra dövlətçiliklə bağlı video çarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra tədbirin aparıcıları tədbiri açıq elan edib və dövlət bayrağının yaranma tarixi haqqında məlumat veriblər.

Daha sonra çıxış edənlər  "İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov və millət vəkili Elman Nəsirov bu əlamətdar günün tarixi haqqında geniş danışıblar. Onlar bu gözəl bayram münaibətilə tədbir iştirakçılarını təbrik ediblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, gün gələcək, biz, ölkə rəhbəri İlham Əliyevin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır. 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva isə çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkib. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb.

Çıxışlarla bərabər   09 Noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət müsabiqələrinin qalibləri  və "Xəmsə” intellektual yarışlarında fərqlənmiş şagirdlər mükafatlandırılıblar.

Çıxış və təltiflərdən  sonra tədbirin bədii hissəinə start verilib. Aktyor, bədii qiraətçi Azad Şükürov və  Ağalar Bayramovun ifalarında bayraq şeirləri səslənib, rayonun yaradıcı gənclərinin ifasında mahnılar  və rəqslər nümayiş edilib.

Tədbirin sonunda Bakı Uşaq teatrı  "Vətən” tamaşasını nümayiş etdirib.