• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

Bayraq kimliyim, bayraq mənliyimdir...

09.11.17 00:05 58279
Bayraq kimliyim, bayraq mənliyimdir...
Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan, bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı müstəqillik rəmzi
Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq anlamını ifadə edir.
Naxçıvandan qaldırılan bayraq
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır.
Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-nin Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək,onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Ən uca, ən ali dəyər...
Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə bütün qüvvəsi ilə iştirak edən dövlətimiz, üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini özündə təcəlla etdirir. Bayrağımız dalğalandığı hər bir ölkədə siyasi qələbəmizin təntənəsi kimi qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi yüksəlir. Ulu öndərimiz demişdir: "Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.
Yeni mərhələnin təntənəsi...
Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə imza atmaqla, Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf, iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası həmçinin daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial rifah bəxş etdi. Bu nailiyyətlərin davamı olaraq Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsi kimi böyük razılıqla qarşılandı. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırdı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün bunlar qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq, Azərbaycan vətəndaşına iftixar gətirir. Bayraq Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir: "Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” .
Naxçıvanda uğurla davam etdirilən dövlətçilik yolu...
Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev dövlətçilik təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının yaradılması istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki, "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.
Naxçıvan şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun təntənəli paradı, hərbi texnika və aviasiya qüvvələrinin təlim yürüşü Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün rəmzi olan müqəddəs bayrağımızın etibarlı müdafiə olunduğunu tam mənası ilə nümayiş etdirdi. Mətanətli və döyüşkən ordumuzun, hərbi helikopterlərin nümayiş zamanı böyük təntənə ilə gətirdikləri bayraqlar sanki qələbə meydanına gətirilən zəfər bayrağı kimi alqışlanmaqla, zəfərin yaxın olduğuna ismarıc verdi.
Birliyə, həmrəyliyə çağırış rəmzi...
Bəli, "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir”... Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər