• çərşənbə axşamı, 19 mart, 12:12
  • Baku Bakı 8°C

Bayrağımız - milli qürur mənbəyimiz

08.11.19 10:38 3275
Bayrağımız - milli qürur mənbəyimiz
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Əhməd Cavad
Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına- Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib...
Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri- bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.
Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökümət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında "üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və "üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq, onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli lider söyləyirdi ki, "biz dövlət rəmzlərimizi- himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir”.
Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin imzaladığı sərəncamla Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda "Milli Bayraq Günü” kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırımış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi: "Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”- kimi duyğusal fikirlər hər bir azərbaycanlının və bütün soydaşlarımızın qəlbini riqqətə gətirmişdir.
Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılmışdır. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinın, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər.
Əli HƏSƏNOV
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi
banner

Oxşar Xəbərlər