
Baydenin Cənubi Qafqaz siyasəti necə olacaq?
Təfsilat
25 Dekabr 2020, 17:00
252
ABŞ-ın yeni prezident
regiondakı reallığı qəbul etmək məcburiyyətindədir
Donalda Trampın Co Baydenlə əvəzlənməsinin, tək ABŞ daxilində deyil, xarici siyasətdə də köklü dəyişikliklərə səbəb olacağı şübhəsizdir. Bu siyasət ABŞ-ın yaxın qonşularından tutmuş ən ucqar yerlərə kimi təsirsiz ötüşməyəcək. Yeni administrasiya son dörd ildə Birləşmiş Ştatların sürətlə düşən qlobal mövqelərinə qarşı mübarizə aparacaq. Co Baydenin siyasi keçmişini və onun son bəyanatlarını nəzərə alsaq, ABŞ-ın xarici siyasəti əsas etibarilə qlobal liderliyə, beynəlxalq nizamın müdafiəsinə əsaslanacaq. Geosiyasi səviyyədə başlıca əhəmiyyət kəsb edən məsələ Avrasiyada qüvvələr balansına əməl edilməsi olacaq. Bu da o deməkdir ki, 2017-ci il Milli təhlükəsizlik və 2018-ci il Milli müdafiə üzrə strategiyalar Vaşinqtonun xarici siyasətində əsas prioritet olacaq. Daha çox diqqət Çin, İran və Rusiya kimi dövlətlərlə rəqabət üzərində qurulacaq. Bu həm də o deməkdir ki, Tramp administrasiyasından fərqli olaraq Baydenin dövründə Amerikanın dünya boyu hərbi ittifaqlarda, o cümlədən NATO-da rolu və tərəfdaşlığı artacaq. NATO-nu "köhnəlmiş təşkilat” adlandıran Trampdan fərqli olaraq Bayden vəziyyəti nizamlamağa, Alyansın dünya işlərində rolunu qeyd etməyə çalışacaq. NATO-ya dəstək o demək olacaq ki, Rusiyanı Şərqi Avropada (ola bilsin Cənubi Qafqazda da) qarşısını almaq üçün daha çox alətlər ortaya çıxacaq. Belə bir mövqe Baydenin Rusiyaya qarşı sərt mövqe tutacağına işarədir. O, Rusiyanı birbaşa "düşmən” və "təhlükə” adlandırır. 2020-ci ilin əvvəlində Bayden "Foreign Affairs” jurnalında yazırdı ki, Rusiya aqressiyasının qarşısını almaq üçün Alyansın hərbi potensialını yüksək səviyyədə qoruyub saxlamaq, eləcə də, qeyri-ənənəvi təhlükələrə - silahlı korrupsiya, dezinformasiya və kibermənimsəmə hallarına qarşı hazır olmaq gərəkdir.
Geosiyasi landşaft radikal
şəkildə dəyişib
Beləliklə, NATO-ya dəstək məsələsində də Bayden Trampdan fərqlənəcək. Yeni administrasiya əvvəlki hakimiyyətin transatlantik əlaqələrini yaxşılaşdırmağa çalışacaq.
Vaşinqtonun nəzərində Qafqaz ABŞ-ın beynəlxalq sabitliyinə təhdid
yaradan Yaxın Şərqlə qonşu region kimi görünür. Cənubi Qafqaz heç vaxt ABŞ
administrasiyasının diqqət mərkəzində olmayıb. Bundan sonra da bunu gözləmək
olmaz. Lakin indi vəziyyət bir qədər fərqlidir. Artıq Qarabağ münaqişəsi həll
olunmuş sayılır. Bölgədə geosiyasi landşaft radikal şəkildə dəyişib. ABŞ, sadəcə
regionda aktiv iştirak və regionun təhlükəsizliyində fəallığının təmin
olunmasını istəyə bilər. ABŞ-ın ümumi xarici siyasi yanaşması da dəyişəcək.
Bəs yeni administrasiyanın Cənubu Qafqazla bağlı siyasətində nələr gözlənilir? Regionun geosiyasi landşaftında radikal dəyişikliklər olacaqmı? Bayden regionda kimi dost dövlət seçəcək? Bəllidir ki, Bayden keçmişdə ermənipərəst mövqedən çıxış edib və 90-cı illərdə Azərbaycana qarşı bədnam 907-ci düzəlişin açıq müəlliflərindən biri olub və erməni lobbisi ilə açıq əlaqələri var. Trampa gəldikdə, onun Azərbaycanla çox sıx əlaqələri var idi və o, Bakının əhəmiyyətini anlayırdı. Lakin Bayden prezident olandan sonra "ermənilərin mövqeyini dəstəkləyəcək” demək də düz deyil. Digər prezidentlər kimi Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etmək məcburiyyətindədir. Azərbaycan ABŞ-ın milli təhlükəsizlik maraqları olan dairədə ciddi dəstək verib. ABŞ da Azərbaycanın enerji layihələrini dəstəkləyib. Ona görə də, bu istiqamətlərdə ikitərəfli əməkdaşlıq çox uğurla həyata keçirilib.
Türkiyənin ayrılması ABŞ üçün qəbuledilməzdir
Bir önəmli məsələ də var. Azərbaycanla ABŞ münasibətləri daha çox
Türkiyə-ABŞ münasibətlərindən asılı olacaq. Bəllidir ki, ABŞ bir neçə gün
bundan əvvəl Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib və Azərbaycan
Xarici İşlər Nazirliyi bunu pisləyən bəyanat verib. Lakin iki NATO ölkəsi
arasında əvvəllər də problem olub. Daha çox da problemlər namizədlərin seçki
kampaniyaları zamanı səslənib. Elə ki, həmin qüvvə qalib olurdu, dərhal da
mövqe dəyişirdi. Sözsüz ki, ABŞ, Türkiyə kimi qüdrətli və güclü təsirə malik
bir dövləti itirmək istəməz. Türkiyənin Avroatlantik ailəsindən ayrılması ABŞ
üçün qəbuledilməzdir, baxmayaraq ki, bu NATO müttəfiqi Amerikanın digər müttəfiqləri
ilə ( Fransa, Yunanıstan) bir o qədər də yaxşı münasibətdə deyil. İllər uzunu
ABŞ-la Türkiyə arasında münasibətlər pik həddə olub. Sadəcə son vaxtlar ABŞ-ın ikili
siyasət yürütməsi, PKK və ona oxşar təşkilatları dəstəkləməsi Ankarada ciddi
narahatlıq yaradıb. Ankaranın Moskva ilə yaxınlaşması, bu ölkədən C-400-lər
alması da Vaşinqtonda narazılıq yaradıb. Ümid etmək olar ki, Bayden hakimiyyəti
dövründə problemlər arxada qalacaq. Əks təqdirdə, bundan itirən Türkiyə ilə
yanaşı, Birləşmiş Ştatlar da olacaq. Ən önəmli olan odur ki, ABŞ əsas diqqəti
xarici siyasət məsələlərinə yönəldəcək. Burada isə Türkiyəsiz çətin ola bilər.
Daha çox Gürcüstan narahatlıq keçirir
O ki qaldı Gürcüstana, sözsüz ki, ABŞ əsas diqqətini bu ölkəyə ayıracaq. Gürcüstana fəal şəkildə NATO-ya can atan ölkə kimi baxılır ki, bu da ABŞ üçün çox əlverişlidir. 2009-cu ilin yanvarında iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Tbilisi Moskvanın rəqibi kimi qəbul edilir və Abxaziya, Cənubi Osetiya ilə bağlı vəziyyət bu iki bölgənin milli müqəddəratını təyinetmə prizmasından deyil, bir növ Rusiyanın ərazi genişləndirilməsinin bir hissəsi kimi nəzərdən keçirilir. Eks-prezident Mixail Saakaşvili son müsahibəsində bildirib ki, Baydenin ABŞ prezidenti seçilməsi bölgədə regional siyasətə yenidən baxmağa imkan verəcək.
Saakaşvili 2009-cu ildə kənardan özünə qarşı böyük təzyiqlər
başlayanda Baydenin yenidən Gürcüstana qayıdaraq, onu inadla dəstəklədiyini
bildirib.
Qarşıdakı dörd il ərzində, ola bilsin Gürcüstan bütün Avrasiya boyu
yaradılan iki texno-iqtisadi bloklar arasında seçim etməli olacaq. Onlardan
biri ABŞ-la, digəri böyük mənada Çinlə
bağlıdır. Gürcü siyasiləri diplomatik kanatlarla getməyə məcbur olacaq - nə Çini qəzəbləndirməli, nə də Qərblə əlaqələri
dayandırmalıdır. Lakin Amerikanın Çinə qarşı mövqeyinin sərtləndiyini nəzərə
alsaq, bu balansı qoruyub saxlamaq çətin olacaq. Beləliklə də, Bayden
administrasiyası və onun xarici siyasəti üçün daha bir əhəmiyyətli məsələ
Gürcüstanla bağlı siyasətin qurulması olacaq. Onun Çinlə yaxınlaşmasına imkan
verməmək əsas xətt kimi keçəcək.
Bütün bunlara rəğmən, Cənubi Qafqazda ABŞ Gürcüstanı demək olar ki,
tam şəkildə Rusiyadan qoparıb. Gürcüstanda ABŞ hərbi bazasının qurulması məsələsi
gündəmdədir. Gürcüstan NATO-ya üzv olmağa can atır. Yaxın illərdə bütün bunlar
baş verə bilər.Beləliklə, bütün bunlardan bu nəticəyə gəlmək olar ki, ABŞ öz
strateji xəttinə sadiq qalmağa üstünlük verəcək. Fəlakət həddində olan Ermənistan
çalışacaq ki, Baydenin dəstəyinə nail olsun. Amma Bayden, Ermənistana görə
regionda işğala, separatizmə, Rusiyanın mövqeyini gücləndirən siyasətə üstünlük
verməyəcək. Çünki regionda vəziyyətin nəzarətdən çıxması Kremlin
maraqlarına cavab verir. ABŞ isə Yaxın Şərqdə qeyri-sabitlikdə maraqlı
olsa da, Cənubi Qafqazda maraqlı deyil. Ona görə də Baydenin seçilməsi
ilə regionda Ermənistanın istədiyi siyasətin tətbiqi gözlənilmir. Reallıq
odur ki, Azərbaycanın Qarabağ müharibəsində qalibiyyəti regionda vəziyyəti tam
dəyişib. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Beynəlxalq qərarları
təkbaşına yerinə yetirən dövlətdir. Və ABŞ da bunu nəzərə almaya bilməz.
Azər NURİYEV
Digər xəbərlər