• cümə, 29 Mart, 06:34
  • Baku Bakı 5°C

Batil inanclara inanaqmı? - Polemika

06.07.15 10:15 5165
Batil inanclara inanaqmı? - Polemika
Hələ qədim dövrlərdən insanlar qorxularını, çarəsizliklərini gizlətmək üçün müxtəlif inanclara tapınır, bəzən müxtəlif ayinlər həyata keçirirdilər. Bu inanclar batil inanclar olaraq tanınır və günümüzdə də bunu öz həyat tərzinə çevirən bir çox insan var. Onlar düşünürlər ki, hər hansı inanc uğur və ya narahatlıq gətirə bilər. Əslində batil inancların kökündə topluma, insanlara bəzi şeyləri öyrədərkən onların qorxularına təsir göstərmək dayanır. Məsələn, bir çox ölkələrdə 13 nəhs rəqəm hesab olunur və bir çox hotellərdə, binalarda 13-cü mərtəbə olmur. Yaxud da eyni anda 13 adamın masa arxasında oturmasının hansısa pis hadisəyə səbəb olacağı göstərilir və.s. Biz də bu haqda gənclərin fikirlərini öyrənmək istədik. Görək, gənclər batil inanclar haqqında nə düşünür?
“Ağıl var, məntiq var”
Günel Hacı, jurnalist
Günel deyir ki, bu inanclar onun üçün əyləncə xarakteri daşıyır və gündəlik boz həyata rəng qatmaqda əla vasitədir. Yəni qısası, “fala inanma, faldan da qalma” deyimini əsas götürən Günel bunu həyat tərzinə çevirən insanların inamına hörmətlə yanaşdığını bildirir: “Adından da göründüyü kimi, bu, inanc, inam məsələsidir. İnanmadığım üçün sınamamışam. Qara pişik keçən yollardan da keçmişəm, tək səbir gətirilən zaman işim yağ kimi də gedib. Batil inancların məsxərə, şənlik kimi təqdimatına gəldikdə müəyyən mənada müsbət qarşılayıram. Məsələn, gəlinin gülünü tutmaq, nişan üzüyünü taxmaq, ayaqqabısının altına subay qızların adlarının yazılması və s. kimi səmimi inanclar məndə pozitiv enerji yaradır”.
Həmsöhbətimiz fikirləşir ki, qarşından qara pişik keçdi deyə bütün gün qara bağlayıb oturmaq bir az məntiqsizlikdir və bir çox hallarda savadsızlıqdan irəli gəlir: “Ağıl var, məntiq var. Bir qara pişiyə görə önəmli işlərini təxirə salan insanları anlamaqda çətinlik çəkirəm.Ancaq bəzi inanclar var ki, mən də riayət edirəm. Etiraf edim ki, vacib hər hansı bir işə gedəndə evdən mütləq sağ ayaqla çıxmağa və yaxud əgər bir imtahanı əla verdimsə, gələn imtahanlarda da o qələmdən istifadə etməyə çalışıram.Düşünürəm ki, bu, həyatımızda müxtəlif problemlərdən ayrılmağa kifayət qədər yardım edir.Uşaq vaxtı da özümü uğurlu olduğuna inandırdığım bilərziyim var idi. Qısası, batil inanclardan, sadəcə, günümə rəng qatmaq üçün istifadə edəndə mənə xoş gəlir, başqa heç nə”.
“Batil inanclara “yox”deyirik”
Rəşid Mustafazadə,
tələbə
Rəşidin fikrinə görə, batil inanclar biz onların üzərində plan qurduğumuz zaman həyatımıza təsir göstərə bilər. Həmsöhbətimiz deyir ki, insan nəyi çox düşünərsə, onu özünə cəlb etmiş olar: “Razılaşarsınız ki, bu inancları ailədə, qohumlar arasında və ibtidai təhsil dövründən bizim düşüncəmizə böyüklərimiz yeridib. Ancaq düşünmürəm ki, bunları çox ciddiyə almağımız bizə nələrisə qazandırsın. Etiraf edim ki, bu günə qədər yerə düşən çəngəl, qabağımdan keçən pişik, nəhs hesab olunan 13 rəqəmi öz vəzifələrini yerinə yetirə bilməyiblər. Bəlkə də bu, mənim spesifik yanaşmamdan irəli gəlir. Bir dəfə işə gedirdim və tələsik evdən çıxdığıma görə yemək yeməyə vaxtım qalmamışdı. Çox ac olduğum üçün fast-food alıb skamyada əyləşməyi qərara aldım. Bu an küçədə qara pişik sürətlə qarşımdan keçdi. Düzü, qəribə hiss keçirdim və başıma nə gələcəyindən dolayı gileyləndim. Əksinə, qara pişikdən də heç bir zərər görmədim, bir az sonra haradansa dolanıb yanıma gəldi və onu da qonaq etdim. Həmin gün isə çox yaxşı sonluqla bitdi”.
Rəşid düşünür ki, batil inancları əsas götürərək fəaliyyətimizin hansı istiqamətdə davam edəcəyini müəyyən etmək doğru deyil: “Bəli, simvolik olaraq adət-ənənələrimizin, babalarımızın inanclarının bir mədəniyyət nümunəsi olaraq nəsillərə ötürülməsi yaxşıdır. Lakin bəzi inanclarımız Qərbin, Rusiyanın təsiri nəticəsində cəmiyyətdə özünə yer tapıb. Məhz 13 rəqəmi, qara pişik kimi inanclar onların sırasındadır. Küçədən keçən birindən onların nədən qaynaqlandığını soruşsaq, cavabsız qalarıq. Təkcə 13 rəqəminin uğursuzluğu ilə bağlı 20-dən çox arqument var. Hansının doğru olub-olmadığını isə müəyyən etmək mümkünsüzdür. Kökünü bilmədiyimiz bir nəsnəyə inanmaq, ona əməl etmək isə məntiqdən uzaqdır. Bu səbəbdən də mən və mənim ətrafımda olan insanların bir çoxu batil inanclara “yox” deyirik”.
“İnanclar cahillikdir”
Aygün Rəşidova, tələbə
Aygün digərlərindən fərqli olaraq, batil inancların boş və yorucu olduğunu fikirləşir və bunların qəti əleyhinədir.Həmsöhbətimizin fikrinə görə, bu, insan psixologiyasına və sağlamlığına ciddi şəkildə ziyan vura bilər: “Günümüzdə bir çox insanların planlarını belə inanclar üzərində qurması cahillikdən irəli gəlir və bunun heç bir məntiqi açıqlaması yoxdur.Əgər bir insan bütün həyatını belə inamlar və hansısa işarələr üzərində qurarsa, onda bir çox mənfi hallarla qarşılaşacağı və uğursuzluğa düçar olacağı qaçılmazdır. Təsəvvür edin ki, hansısa əla iş təklifini bazar ertəsi olduğuna görə əlindən qaçırırsan. Ağılsızlıq və cahillikidir. Ən azından, təsadüf deyilən bir şey var, buna inanıram. Amma hər şeyi təsadüflərin və tale yazısının üstünə atıb həyatımızın fürsətlərini əlimizdən qaçırmaq əvəzinə, onları dəyərləndirməliyik”. Müsahibimizin sözlərinə görə, nəhs hadisələri insana rəqəmlər, hansısa qara pişiklər yox, elə insanın özü gətirə bilər: “Əgər sən öz fikrindən Allahın pişiyinə görə vaz keçəcəksənsə, deməli, nəhs olan sən özünsən.Evdən çıxanda pozitiv düşüncə ilə hər işini planlaşdırmış halda çıxmalısan. Bu, fikrimcə, ən böyük ayindir.Hansısa iş görüşməsinə, yaxud böyük bir təqdimata insan özünu psixoloji olaraq hazırlamağı bacarmalıdır. Yoxsa bu gün ayın 13-dür, evdə duz dağıldı və s. kimi inanclar boş və məntiqsizdir. Hər şeydən önəmlisi bu gün hər şey yaxşı olacaq fikri ilə yaşamaq lazımdır. Necə deyərlər, yaxşı düşünək ki, həyatımızda hər şey yaxşı olsun”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər