• çərşənbə axşamı, 19 mart, 08:58
  • Baku Bakı 8°C

Başsız atlı - Fotolar

25.05.17 12:00 8676
Başsız atlı - Fotolar
Məşhur rus və Amerika aktyoru Oleq Borisoviç Vidov ötən həftə ABŞ-da vəfat edib. Kaliforniya ştatında yaşayan 74 yaşlı aktyor onkoloji xəstəlikdən dünyasını dəyişib. Həyat yoldaşı Coan Borstin mətbuata açıqlamasında «Oleq Vidov - sevimli həyat yoldaşım, dostum vəfat edib» - deyə kədərini bölüşüb. Vidov RSFSR-in əməkdar artisti idi. O, sovet tamaşaçılarının yaddaşında daha çox «Başsız atlı»dakı Moris Cerald rolu ilə qalıb. 1973-cü ildə Mayn Ridin romanı əsasında SSRİ və Kuba kinematoqrafçılarının birgə çəkdiyi film aktyora böyük şöhrət gətirmişdi.O.Vidov 1943-cü ildə Moskva vilayətində doğulub. Anası Varvara İvanovna məktəb direktoru idi. Atası Boris Nikolayeviç Qarneviç iqtisadçı kimi tanınırdı. Leninqrad Maliyyə İqtisad İnstitutunu bitirmişdi. İşi ilə əlaqədar müxtəlif məkanlarda çalışdığından, Oleqin uşaqlığı da SSRİ-də, Monqolustanda və Şərqi Almaniyada keçmişdi.
"Qaçdı, xəyanət elədi...”

Oleq 1960-cı ildə «Mənim dostum Kolka» filmində epizodik rola çəkilir. Bu rol onun kinoya vizit kartı olur. 1960-cı ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə daxil olan aktyor 1963-cü ildə rejissor Vladimir Basovun «Tufan» filmində Vladimir rolunda oynayır. Bir il sonra isə artıq rejissor ona «Adi möcüzə» filmində baş rolu etibar edir. İnstitutu qurtaranda Vidovun bioqrafiyasında bir neçə epizodik və baş rollar var idi. O həmyaşıdı olan aktyor-tələbələrlə müqayisədə böyük şöhrət qazanmışdı. Artıq onu institutun dəhlizlərində barmaqla göstərirdilər. Yaraşığı ən gözəl qızların diqqətindən belə yayınmırdı. Kinoda da «Alicənab yaraşıqlı» kimi şöhrət qazanmışdı. 1971-ci ildə isə «Uğur centlemenləri» və «Şirin Qəbri» filmlərinə çəkilən aktyorla xarici kinostudiyalar da maraqlanmağa başlayırlar.Vidov 1983-cü ildə Yuqoslaviyaya gedərək orada bir neçə filmdə və iki televiziya serialında rol alır. Ancaq onun xaricə getməsini əngəlləyir, daha çox ölkə daxilində çəkilişlərdə iştirakına icazə verirdilər. Oleq Vidov isə yaşının ən enerjili vaxtlarını yaşayır, konodan zövq almaq istəyirdi.Aktyor Yuqoslaviyada çəkilişlərdə iştirak edən zaman Avstriyaya, İtaliyaya yollaynır və nəhayət, 1985-ci ildə Amerikaya gedir. Milyonlarla sovet tamaşaçısının sevimlisinin birdən-birə ölkəni tərk etməsi hamıya təəccüblü görünür. Dostları onu Avstriya sərhədindən avtomobilin yük yerində gizli yolla keçirirlər. «Qaçdı, xəyanət elədi» - deyə sovet qəzetləri onun haqqında yazırdı. Ancaq Oleq özü başa düşürdü ki, Amerika yaşamaq və işləmək üçün ona şans verən ölkədir. O, Amerikada jurnalist Coan Borstinlə evlənir. Coan Borstlinlə evənənə qədər Oleq Vidov iki dəfə ailəli olub. Rəssam Marina Vidova, həmçinin gözəl Natalya Fedotova ilə evlilikləri çox da uzun sürməyib.

Coan Borstinlə Oleqin «Film Spaylav» - sevgidən yaranan filmlər adlı firmaları fəaliyyət göstərirdi. Həmin firma SSRİ-də çəkilən filmlərin prokatını təşkil etmək üçün lisenziya alır. Köhnə animasiyaları dünya bazarına çıxarmaq üçün «Soyuzmultfilm»lə bağladıqları müqavilə dəfələrlə uzadılır. Filmlərin səsləndirilməsi üçün isə onlar məşhur Hollivud aktyorlarını – Şirli Maklein, Cesika Lenk, Timoti Dalton və Con Hyuston kimi aktyorları dəvət edirdilər. O, rus filmlərinə Amerika tamaşaçılarının diqqətini yönəltməyə çalışırdı. Aktyor səhv etmədi. Köhnə rus animasiya filmlərinə dünyanın bir çox ölkələrində baxırdılar. Ancaq «Soyuzmultfilm»lə aktyor arasında yaranan münaqişədən sonra o, artıq bütün kolleksiyasını milyarder Alişir Usmanova satmalı olur.
Ulduzların son mənzili

Oleq Vidov SSRİ-ni tərk edəndən sonra «Oleq geriyə qayıtmaq istəmirmi?», «Okeanın o tayında o, necə yaşayacaq?» - deyə suallar qəzetlərin gündəmindən düşmürdü. Ölümündən sonra yaxın dostu İqor Kokarev 50 illik həmfikri haqqında ilk dəfə olaraq «Moskovskiy kolmsomolets»ə danışıb: «Oleq beyin xərçəngindən əziyyət çəkirdi. Bu xəstəlik son 5 ildə onu əritmişdi. Ancaq o, heç vaxt bunu büruzə vermirdi. Biz də onun əziyyət çəkdiyinə inanmaq istəmirdik. Amerika tibbinə onun işləməyinə, hətta həyat yoldaşı ilə səyahət etmələrinə görə minnətdar idik. Onlar sonuncu tətillərini Tailandda keçirdilər. Oleq xoşbəxt idi. Bazar günü isə həyat yoldaşı mənə məktub göndərdi: «Tez gəl, Oleq ölüm ayağındadır. Daim yatır, bəlkə daha oyanmayacaq...»

- Aktyor sizi tanıdı?
- Onun şüuru yerində idi, hamını tanıyırdı. Ancaq göz qapaqlarını qaldırmaq üçün gücsüz idi. «Oleq, məni eşidirsən?» - deyə soruşdum. O, gözərini yarı açdı və bir neçə dəfə qırpdı. Mən onun əlini əlimə aldım. Gənclik illərimizi xatırladım. Həmin anda onun kipriklərinin necə titrədiyini hiss etdim. Sonra isə tanış həkim gəldi və onu hospitala göndərməyin əhəmiyyətsiz olduğunu bildirdi. Bizə gözləmək qalırdı. Bir neçə saatdan sonra isə Oleq artıq yox idi... Biz Oleqlə 50 ildən çoxdur ki, dost idik.

- Fikirlər var ki, məhz Fedotova ilə nikahı Oleqi emiqrasiyaya məcbur edib. Guya Natalya "KQB” generalının qızı imiş.
- O, ümumiyyətlə Brejnevin qəyyumluğa götürdüyü qızı idi. Leonid İliç yaxın dostu öləndən sonra Natalyanı qızlığa götürərək tərbiyəsi ilə məşğul olmuşdu.

- Həm də deyirlər ki, məhz bu uğurlu nikaha görə Oleqə yaxşı rollar təklif edirdilər.
- Siz nə danışırsınız? O evlənənə qədər artıq sovet kinematoqrafiyasının ulduzu idi. Axı, o, 16 yaşından kinoda idi. Hər şeyi öz istedadı və zahiri yaraşığı sayəsində qazanmışdı. Məhz bu keyfiyyətlərə görə rejissorlar onu filmlərə dəvət edirdilər. Evlənəndən bir il sonra o, "Nataşa pul qazanmaqdan ötrü məni konsertlərdə çıxış etməyə məcbur edir”- deyə gileyləndi. Amma onun ürəyi kinoda idi. O, ictimaiyyət qarşısında çox görünməyi xoşlamırdı. Bir növ ev uşağı idi. Bununla belə, kinoda çəkilməyə pərəstiş edirdi.

- Nataşadan ayrılandan sonra ona rol vermirdilər?
- Bu, fikir də həqiqətdən uzaqdır. Həmin vaxt o, artıq dünyaca məşhur idi. Onu Avropa ölkələri dəvət edirdilər. «Qoskino» isə onu buraxmırdı. Ona yalnız sosialist ölkələrinə getməyə icazə verirdilər.

- Ancaq o, Yuqoslaviyadan qaçmağı qərara aldı...
- Hə... Dostu onu avtomobilinin yük yerində sərhəddən keçirib Avstriyaya apardı. Artıq onu həmin ölkədə aktyorun üçüncü arvadı olacaq məşhur jurnalist Coan gözləyirdi. O bu qadınla Amerikada ömrünün sonunacan yaşadı. Qadın Oleqə sadiq idi. Oleq onunla evliliyindən gileylənmiridi. Bəlkə də axtardığı xoşbəxtliyi tapmışdı.

- Oleq Borisoviç SSRİ-dən qaçmağına təəssüflənirdi? Vətənini xatırlayırdı?
- Daim xatırlayırdı... Bizim hər görüşümüzdə, hər telefon danışığımızda o, Rusiyadan bəhs edirdi. O, gedişini çox ağır yaşadı. Onun bütün şeirləri itirilmiş Vətən haqqında idi. Onun evi həmişə Rusiyadan gətirilən suvenirlərlə dolu olurdu. Hətta Rusiyadan gətirilən "Marko Polo” adlı qara cins iti vardı. Amerikaya gələn digər ruslardan fərqli olaraq, o, həmişə rus olaraq qaldı. O, assimiliyasiya olmağı xoşlamırdı, dilini və mədəniyyətini unutmurdu. İngiliscə ləhcəsiz danışığına, ona verilən rolları çox asanlıqla oynamasına görə, Rusiya kino məktəbinə minnətdarlığını gizlətmirdi. Ancaq vəfat edəndə serb dilində pıçıldayırdı. Bu dili çəkiliş zamanı öyrənmişdi.

- Bəs o niyə miqrasiya etdi?
- Oleqi xaricə çəkilişlərə buraxmadıqlarına görə qəlbinin dərinliklərində özünü təhqir olunmuş hesab edirdi. Deyirdi ki, bu, mənim ürəyimə tüpürməkdir. "Mən çiçəklənən vaxtımdayam və çəkilməyə hazıram. Məni çoxlu Avropa ölkələri dəvət edir. Mən nə qədər təklifləri dəfn etmişəm»- deyə hirslənirdi. Digər, daha ciddi bir səbəb isə onun çox az danışdığı xəstəliyi ilə bağlı idi – o zaman onda xərçəng aşkarlamışdılar. SSRİ-də onun üzərində əməliyyat aparmışdılar, hətta ona 20 ildən çox yaşamaq şansı verilmişdi. Bu illər ərzində o, çox ciddi dietada idi və dərmanlar qəbul edirdi. Mən hətta bir neçə dəfə onun özünə iynə vurmasını görmüşdüm. Düşünürəm ki, onun Amerikadakı karyerası ona görə dondu ki, onun əməliyyatdan qabaqkı gücü artıq qalmamışdı.

- Amerikadakı çəkilişlərdən əlavə Oleq Borisoviç nə ilə məşğul olurdu?
- Coanla birgə onlar sovet cizgi filmlərinə ikinci can vermişdilər. Onu dünyaca məşhur etmişdilər. O zamanlar mən onların evində tez-tez qonaq olurdum. Xatırlayıram ki, bütün ev boyu kasetlər tullanmışdı. Animasiyalar amerikalı ulduzların səsi ilə verilirdi. Bundan ötrü Oleqlə Coan böyük pullar xərcləyirdilər. Bunun müqabilində isə onları müəllif hüquqlarının pozulmasında günahkar sayırdılar. Hətta mühakimə də olunmuşdular. Mən dəqiq bilirəm ki, onlar sahibkarlara pul ödəyirdilər. Yadımdadır ki, Norşteynin özü onlara qonaq gəlmişdi... Bir də yadımdadır ki, onlar sərxoşluğa və narkomaniyaya qarşı klinika da təşkil etmişdilər. Bunun da axırı pis qurtardı.

- Oleqlə Coanın uşaqları yox idi?
- Yox, amma onlar Oleqin Odessa kinostudiyasındakı aktrisa ilə romanından sonra doğulmuş Sergeyi doğma oğulları kimi tərbiyə etmişdilər. Bu barədə Oleq oğlanın doğulmasından bir neçə il sonra xəbər tutmuşdu. Onu tanıdı və Amerikaya gətirdi. Bütün bu illər Seryoja atası ilə yaşayırdı. Həmçinin Oleqin Natalya ilə evlilikdən də də bir oğlu var. Boşanmadan sonra Natalya ata ilə oğulun görüşməsinə qadağa qoymuşdu. Onlar uzun illər sonra Malaxovun tok-şousunda görüşmüşdülər. Bu çox həssas məqam idi. Sonra Oleq bu oğlunu da Amerikaya apardı. Amma oğlan orada yaşaya bilmədi. Nəticədə Rusiyaya qayıtdı.Oleq Vidov rus vətənpərvəri idi. Vətənini sevən, onun uğrunda can yandıran, ancaq özünə qarşı haqsızlıqlara dözə bilməyən cəsarətli insan idi. Təəssüf ki, SSRİ dövründə onun istedadından daha çox istifadə edə bilmədilər.Oleq Vidovu Hollivudda – simvolik adı «Hollywood Forever» olan qəbiristanlıqda dəfn etdilər. Bu o qəbiristanlıqdır ki, sonunda bütün Amerika ulduzları ora yığışır. Bura ulduzların son mənzilidir.
Rusiya mətbuatından tərcümə etdi:
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər