• cümə axşamı, 28 mart, 21:42
  • Baku Bakı 13°C

“Başqalarının yanaşmasının dəyişməsindən qorxur”

30.07.20 16:58 631
“Başqalarının yanaşmasının dəyişməsindən qorxur”
Bəzilərinin koronavirusa yoluxmasını gizlətmələri təhlükəli nəticələr verə bilər

Bir neçə aydır ki, bütün dünya pandemiya ilə mübarizə aparır. Statistik göstəricilər hər gün dəyişir. Ölkəmizdə də son bir neçə gündə müsbət tendensiya müşahidə edilməkdədir. Lakin təəssüf ki, koronavirus səbəbindən ölənlər də oldu. Bəzən aydın olur ki, insanların xəstəliklərini gizlətdikləri üçün vəziyyətləri daha ağırlaşır və bu, onlara həyatları bahasına gəlib. Ən pisi isə həmin şəxslərin xəstə olduqlarını bildikləri halda işə çıxmaları, cəmiyyət arasında olmamalıdır. İnsanlar axı nəyə görə koronovirusa yoluxduqlarını gizlədirlər, nədən çəkinirlər?
Psixoloq Nərgiz Süleymanlı məsələnin insanların xəstəliyi qəbul etməməyindən qaynaqlandığını qeyd edir: "Bu gizlətmə tək koronavirusla bağlı deyil. İnsanlar üçün xüsusi xəstəlik növləri var ki, onlara qarşı fikir birmənalı deyil və həmin xəstəlikləri gizlətməyə meyl ediblər. Çünki ilk olaraq onlar özləri bunu qəbullanmaq istəmirlər və ya bacarmırlar. Necə ki, bizdə koronavirusa tutulan insanların çoxu qəbul etmir, adi qrip olduğunu deyir. Hətta, həyatına normal davam edir. Sosial məsafəni saxlamır, maskadan istifadə etmir. Sanki həmin şəxs xəstəliyi özünə yaraşdırmır, başına gəlməyəcəkmiş kimi yanaşır. Amma müəyyən müddət sonra xəstəliyin ağır əlamətləri ortaya çıxdıqda insanlardan qaçmağa başlayır. Ona görə ki, istəmir kimsə onun haqqında "bax, filankəs koronavirusdur, ondan uzaq durun” desin. Çünki bu xəstəliyin tanıdılma metodu belə olub. Xəstəlik yayıldığı gündən əsas meyar sosial məsafəni saxlamaq, yəni insanlardan uzaq durmaq, sosial izolyasiya tədbirləri göstərilib. Bu səbəbdən də insanların bəzisi bu prosesin içinə düşmək istəmir. Başqalarının ona yanaşmasının dəyişməsindən qorxur. Hətta, bu xəstəliklə işə gedənlər, hələ də qəbullanmaq istəməyənlər var. Şəxsən tanıdığımız neçə insan oldu ki, əlamətləri özündə müşahidə etsə də, fəaliyyətini davam etdirib, həm özünün, həm də əlaqədə olduğu insanların həyatını riskə atıb. Amma unutmaq lazım deyil ki, bu gizlətmə kiminsə həyatı bahasına başa gələ bilər. Bayaq da qeyd etdiyim kimi, əsas problem insanın bunu qəbul etməsidir. Bəzi insanlar məsələlərə sağlam düşüncə ilə yanaşmırlar. Düşünürəm ki, belə halların qarşısını almaq üçün ilk olaraq maarifləndirmə işi aparmaq lazımdır. İstər koronavirusla, istər başqa bir xəstəliklə bağlı olsun. İnsanlar xəstəliyə tutulmanı qəbul edib, mütləq şəkildə həkimə müraciət etməldirlər”.
"Sağlam Cəmiyyət” təşkilatının sədri, sosioloq Lalə Mehralının fikrincə, xəstə olduğunu bilib gizlədənlər sağlam insanlar üçün təhlükə yaradırlar: "Açığı, mən də uzun müddətdir ki, bunu müşahidə edirəm. İnsanların bir çoxu xəstəliklərini gizlədirlər. Bu, təkcə virusla bağlı olan bir məsələ deyil. Ümumiyyətlə, insanlar xəstə olduqlarını kiməsə deməyi sevmirlər. Ən pisi isə odur ki, o vəziyyətdə sağlam insanlarla əlaqədə olurlar. Gizlətmənin səbəbinə gəlincə isə düşünürəm ki, bu ətrafdan görülən sitiqma ilə bağlıdır. Çünki insanların onları qınayacağını, uzaq duracağını düşünürlər. Xüsusilə də son dönəmlər koronavirus xəstəliyi o qədər danışıldı, o qədər pislənildi ki, artıq insanlarda psixoloji olaraq fobiya yarandı. Bir məsələni qeyd edim, biz əvvəllər vərəm xəstəliyi ilə bağlı da bu tip mövzunu müzakirə etmişik. Vərəm xəstəsi olan insanlar da bunu kimlərləsə bölüşməyə çəkinirdilər. Həmin xəstələr özlərini təcrid etmək əvəzinə, gizlədərək ictimaiyyət arasında olmağa davam edirdilər. Nəticə etibarilə də xəstəliyi daha çox insana keçirirdilər. Amma xəstəlikləri ilə bağlı geniş məlumatlı olsalar, bununla ətrafa necə ziyan verdiklərini dərk etsələr, o zaman gizlətmədən, müalicə alaraq ona qalib gələ bilərlər. Yoxsa gizlətməklə özlərinə daha çox ziyan etmiş olurlar. Təbii ki, belə bir vəziyyətdə sağlam insanlar üçün də təhlükə yaradırlar”.
Baş İnfeksionist Cəlal İsayev deyir ki, bəzən insanlar kornovirusa yoluxduqdan sonra adi qripə tutulduqlarını sanırlar və məsələyə ciddi yanaşmırlar: "İnsanlar xəstəlik əlamətlərini özündə hiss etdiyi zaman bunu gizlətməməli, əksinə, dərhal həkimə müraciət etməlidirlər. Bəzi xəstələr əlamətlərin adi qripə aid olduğunu düşünüb ciddi yanaşmırlar. Ona görə də xəstəlik getdikcə ağırlaşır. Heç kim həkimə müayinəsindən keçmədən onda hansı xəstəliyin olduğunu bilməz. Özbaşına qərar verib, "bu gün keçər, sabah keçər” deyib ev şəraitində müalicə alırlar. Yanaşı xəstəlikləri olan insanlarda vəziyyət ağırlaşır, xəstənin reanimasiyaya düşməsi, hətta ölümü ilə nəticələnir. Ona görə də bütün hallarda həkimə müraciət olunmalıdır”.
Mütəxəssis xəstəliyə yoluxanların digərləri tərəfindən qınanması məsələsinə də toxundu: "Burada qınanılası və ya qınanılmaqdan qorxulası heç nə yoxdur. Koronavirus infeksion xəstəlikdir və yoluxma qaçılmazdır. Hazırda dünyanın bütün ölkələrində yoluxma var. Neçə milyon insan koronavirusdan müalicə alır. Mən deyərdim ki, xəstəliyə tutulan insan yox, maska taxmayan, sosial məsafəni gözləməyən insanlar qınanılmalıdır ki, özünü və yaxınlarını, cəmiyyəti təhlükə altında qoyur”.

Günel Azadə
banner

Oxşar Xəbərlər