AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Başqa ölkələrdəki acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı

Başqa ölkələrdəki acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı

Cəmiyyət
07 İyul 2020, 16:00 195
Azərbaycan dünyada COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən etibarən çevik addımlar atdı və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, dəstək proqramı həyata keçirildi. Hökumət öz işini virusun yayılmasının qarşısının alınması, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması və vətəndaşların maarifləndirilməsi istiqamətləri üzrə qurdu. Hazırda Operativ Qərargah öz işinin öhdəsindən ən yaxşı səviyyədə gəlir, dövlətimiz tərəfindən bütün mümkün tədbirlər görülür. Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycanda vəziyyət qənaətbəxşdir. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib. ÜST-nin, dünya dövlətlərinin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq hələ ki, mümkün olmayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Azərbaycan koronavirusla mübarizədə bütün imkanlardan istifadə edir. Dövlətimiz tibbi ləvazimatların, dərman preparatlarının təmin olunması istiqamətində mümkün hər şeyi edir, yeni modul tipli xəstəxanalar istifadəyə verilir. "Dünya COVID-19 virusu ilə mübarizə aparmaqda davam edir. Epidemiyanın daha geniş yayılmaması üçün ölkələr tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, karantin rejimi tətbiq olunur. Çünki vaksin tapılmayana qədər bu xəstəliklə yaşamağa məcburuq. Təəssüflər olsun ki, həyata keçirilən karantin rejimi, sərt tədbirlər istənilən nəticəni vermir. Yoluxma hallarında növbəti artım təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir. Bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Çünki karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar”, - deyə o qeyd edib.

İ.Vəlizadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, qlobal böhrandan az itki və zərərlə çıxmaq üçün hər birimizdən məsuliyyət tələb olunur. Virusun yayıldığı ilk günlərdə stabilliyi qoruya bilmişdik. Çünki insanlarda məsuliyyət hissi var idi və həm də ehtiyat edirdilər. Amma karantin rejiminin qaydaları bir qədər yumşaldılan kimi vətəndaşlarda arxayınlıq yarandı. Əgər insanlar qaydalara əməl etməsə, arzuedilən nəticəni əldə etmək mümkün olmayacaq.

Bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Bununla yanaşı, hələ də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.

Politoloq deyib: "COVID-19 xəstəliyini əbəs yerə 3-cü dünya müharibəsi adlandırmırlar. Biz müharibədəyik və bu müharibədən qalib çıxmaq üçün hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla, əllərimizi mütəmadi yumaqla. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var, biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizi məsuliyyətli davranış nümayiş etdirməyə, birliyimizi, həmrəyliyimizi daha da gücləndirməyə sövq edir”.