• cümə, 29 Mart, 02:48
  • Baku Bakı 7°C

Başını vətən yolunda qoyan şair

31.01.19 12:30 1908
Başını vətən yolunda qoyan şair
O, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri kimi tanınır və sevilir. İctimai-siyasi fəaliyyəti ilə bərabər, öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün bacardıqca istifadə edib. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən şair Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə-Xalq təxəllüsü verilib.
Ata-anası əslən ƏrdəbilinÇanaxbulaq kəndindən idi. Ancaq valideynləri Azərbaycana köçdüklərindən, Əli Tudə də Bakıda anadan olub. Neft mədənində fəhləlik edərək ailəni dolandıran atası Qulu, sonradan buruq ustası vəzifəsinədək yüksəlib. Ancaq faciə balaca Əlini hələ uşaq ikən haqlayıb. Bir yaşında olarkən atasını, 5 yaşında isə anasını itirib. Nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuduğu illərdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvünə çevrilən Əlinin, artıq 13 yaşında ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist”, "Yeni yol” qəzetlərində çap olunur, radioda səslənir.1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da onun şeirləri çap olunur.
Həyat isə xoş olmayan "sürprizlərini” ondan əsirgəmir. Valideynsiz, əzab-əziyyətlə böyüyən Əlinin taleyinə yenidən sürgün həyatı yazılır. 1938-ci ildə - 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan əsilli olduğundan, nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalan yeniyetmə, İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onu yazıb-yaratmaq həvəsindən çəkindirə bilmir.
Silah və qələmlə mübarizə
1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır. O, azadlıq hərəkatına qoşulur. Gənc şair silahı və qələmi ilə mübarizə aparır, milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist”, "Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan"Vətən yolunda”, "Azərbaycan” qəzetlərində, "Şəfəq”, "Azərbaycan” məcmuələrində, "Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü görür. O, 1944-cü ildə "Hizbitudeyi İran” partiyasının üzvü olur. Əli Tudə bir ildən sonra Təbrizdə yarananAzərbaycan Demokrat Firqəsininsıralarına qoşulur. İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli Hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyir. "Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradılır və Əli Tudə onun ilk və son müdiri olur. O, mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. "Öz gözlərimlə” kitabında Əli Tudə yazır: "Bu, təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl Milli Hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.
Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri kimi ona Tudə, yəni "Xalq” təxəllüsü verilir. Milli Hökumət onu "21 Azər” Ali mükafatı ilə təltif edir.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə
- deyə şair yazırdı.
O vaxt Əli Tudənin cəmi 22 yaşı var idi. İlk şerlər kitabı da hələ işıq üzü görməmişdi. Ancaq milli ruhda yazdığı şeirləri xalqı mübarizəyə səsləyirdi.Lakin tale yenə də öz qəddar hökmünü verir. Min bir əzabla, qanlar, qurbanlar bahasına qurulan Milli Hökumət süqut edir. Əli Tudənin çapa hazırlanan üsyankar ruhlu şeirlər kitabı mətbəədə yandırılır. İran şahı onun tutulduqdan sonra məhkəməsiz qətlə yetirilməsi barədə fərmanı verir. Şair mübarizəni davam etdirmək və geriyə qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Bakıya mühacirət etmək məcburiyyətində qalır. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi kimi məşhurlaşır. Şeir o taydan gələn azərbaycanlıların manifestinə çevrilir.
Ömürlük siyasi mühacir
Milli demokratik hökumət süqut etdikdən sonra Bakıya mühacirət edən Əli Tudəyə "Ədəbiyyat” qəzeti qapılarını açır. O, qəzetdə ədəbi işçi vəzifəsində çalışır. Həmçinin universitetin filologiya fakültəsində oxuyur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan” qəzetində ədəbi-şöbə müdiri kimi çalışır. O, bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. tədbirlərdə iştirak edir. "Əməkdə fərqlənməyə görə” (1959) medalı ilə mükafatlandırılır. ƏliTudənin«Cənubnəğmələri»adlananilkkitabı, 1950-ciildəBakıdaçapdançıxır. O, ümumilikdə 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.
Əli Tudə ömürlük siyasi mühacir kimi yaşayıb. Bu isə onu sovet pasportu daşımaqdan, həmçinin bir çox yüksək titul və mükafatlardan məhrum edib. O, buhəyatını "ayrılıqimtahanı”adlandırıb. Əli Tudə Azərbaycanın sevilən şairlərindən biri kimi daima azadlıq duyğusu ilə yaşayıb. Əli Tudənin yaradıcılığından Güney mövzusu qırmızı xətlə keçir, şeirlərində həmişə ikiyə bölünmüş Azərbaycanın həsrəti yer alır. «Arazın o tayında», «Yaralanmış nəğmələr», «Mehabadlı tələbə», «Hicran yolu», «Çanaxbulaq dastanı», «Əbədi nisgil», «Gecikmiş vüsal», «Ayrılmış sahillər» və s. poemaları məhz belə yaradıcılıq nümunələri sayılır. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir. Keçən əsrin 50-ci illərindən başlayaraq qələmə alınmış bu poemalar bu gün də əhəmiyyətini qoruyub saxlayır.
1950-ci ilin dekabr ayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünlüyündə iştirak edən Əli Tudə tədbir ərəfəsində məşhur rus şairi Pavel Antakolski ilətanışolur. P.Antokolski ilk olaraq Əli Tudənin şeirlərini rus dilinə tərcümə edir.Şairin 3 kitabı Moskvada "Sovetski pisatel” nəşriyyatı tərəfindən rus dilində çap olunur.Hər üç kitabda yer almış şeirlər yüksək peşəkarlıqla, oxucuların anlaya biləcəkləri səviyyədə tərcümə edilir.Aleksandr Xaldeyev isə Əli Tudənin şeirlərini ilk dəfə rus dilinə çevirib vaxtaşırı olaraq "Bakinskiy raboçiy” qəzetinin səhifələrində çap etdirib.A. Xaldeyev həmçinin şairin yaradıcılığı haqqında bir sıra məqalələrin müəllifidir.Onun məqalələrində şairin ayrı-ayrı şeirləri təhlil edilir və yaradıcılıq məziyyətlərindən söhbət açılır.
Əli Tudənin sağlığında 30-dan çox kitabı işıq üzü görür ki, bunların üçü nəsr əsərləridir."Öz gözlərimlə” kitabında ədibin xatirələri toplanıb ki, həmin xatirələr ədəbiyyatşünaslıq və tarix baxımından memuar ədəbiyyatının gözəl nümunəsi sayılır.
Vətən mövzusunda yazılmış şeirlər şairin yaradıcılığında başlıca yer tutur. Vətənin azadlığı, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınıb. Bu əsərlərin əsas leytmotivi vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya yaradıcılığında siyasi lirikaya böyük önəm verən şair, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri olub.
"Ona ömrünün axırına kimi Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermədilər. O tərəf İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxdu!”- deyə Əli Tudəni nisgillə xatırlayan Xalq şairi Nəriman Həsənzadə, həmkarını Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən vətənpərvər bir şair kimi xatırlayır: "Biz Əli Tudəni vaxtsız itirdik. 36-dan çox kitabın müəllifi olan şairin ölməz əsərləri bu gün də, sabah da heç vaxt öz aktuallığını itirməyəcək. O, təkcə qələmlə silaha sarılmamış, həm də Cənubi Azərbaycanda Pişəvəri hərəkatına qoşularaq Milli Dirçəliş uğrunda mübarizə aparmış, səngərlərdə döyüşmüşdür. Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən vətənpərvər bir şair idi. O, bir insan kimi dostluğa da sədaqətli idi. Onunla uzun müddət dostluq etmişdim. Onun ailəsi ilə bu gün də dostluq, qonşuluq əlaqələrimiz kəsilməyib. Oğlu Natiq, qızları Pərvanə, Rəna o gözəl ailənin, gözəl övladları kimi atalarının xatirəsini əziz tuturlar. Onun kitablarını təkrar çapa hazırlayırlar. Ölkə prezidenti İlham Əliyevin belə ölməz şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır. Ölməz sənətkarımız Əli Tudənin xatirəsi mənim üçün əzizdir. Onun xatirəsi daim yad ediləcək”.
Əli Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat edib. Qəbri Fəxri Xiyabandadır.
Yanvarın 31 görkəmli şairin 95 illik yubileyidir. "Mən başımı qoydum Vətən yolunda!” deyən şair, bütöv Azərbaycanın yaddaşında xalq və azadlıq şairi kimi yaşayır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər