• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

Başımızı və şəhərimizi eyvanlardan atılan “daş”dan necə qoruyaq?

21.11.17 13:00 2237
Başımızı və şəhərimizi eyvanlardan atılan “daş”dan necə qoruyaq?
"Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar. Hadisə Nəsimi rayonu ərazisində, "Moskva” univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS” markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb”. Saytlarda yer alan bu informasiya əslində hər birimizin gündəlik müşahidə etdiyimiz və nə qədər şikayətlənsək də həllini tapmayan durumu yenidən gündəmə gətirdi. Hadisə həmçinin insanlarımızın yaşadıqları ərazilərdə, ictimai yerlərdə birgəyaşayış qaydalarını kobudluqla pozmalarını bir daha sərgilədi.
Hər binanın yanında nəzarətçi qoymağa imkan yoxdur
Təxminən iki həftə əvvəl sosial şəbəkədə paylaşdığım status da oxşar mövzuda idi. Belə ki, Nizami rayonu, Tofiq Abbasov 39A ünvanda "Azərsu”nun yarımçıq hasara aldığı su nasoslarının yerləşdiyi ərazi sakinlər tərəfindən əsil zibilliyə çevrilib. Məişət tullantılarını 100 metr kənarda yerləşən zibil qablarına atmağa ərinən sakinlər, zibil bağlamalarını həmin ərazidə qalaqlayıblar. Hələ ağacların dibinə, pilləkənlərin üstünə, qonşunun qapısına zibil bağlamalarını atanlar da az deyil. Bir sözlə, "təki zibil evimizdən çıxsın” düşüncəsi ilə yaşayan sakinlər zibili hara gəldi atırlar. Məsələn, yuxarıdakı qonşu pilləkəni süpürüb aşağıdakı pillələrə tökür. Və ya zibil bağlamalarını başqasının qapısının ağzına qoyurlar. Siqaret kötüklərini, qutularını pillələrə səpə-səpə düşürlər. Körpələrin pamperslərini də balkonlardan, evlərin pəncərələrindən aşağı tullayırlar. İş ondadır ki, bunu azyaşlı uşaqlar deyil, onlara tərbiyə verməli olan böyüklər edir. Baxmayaraq k, hündür mərtəbəli binaların eyvanından küçəyə zibil atanlar üçün qanunvericilikdə 50 manat dəyərində cərimə müəyyən olunub, ancaq insanlar öz vərdişlərindən əl çəkmirlər.
Xətai rayon, İlqar Zülfüqarov kücəsi 27/29-cu binanın sakini Azər Nuriyev deyir ki, hətta kamera ola-ola liftin içərisinə belə zibillər atılır: "Blokda pillələri düşəndə sakinlərin atdıqları siqaret kötükləri və qutular, və s. məişət tullantıları ilə qarşılaşırsan. Valideynlər çox vaxt zibili atmaq üçün uşaqlara verirlər. Onlar da əllərindəki bağlamanı ya həyətə, ya küçəyə, ya da qonşunun qapısının ağzına atırlar. Həyətlərdəki binaların divarlarına, hara gəldi zibil atanların ünvanına təhqiredici sözlər yazılsa da, əhəmiyyət verən yoxdur”.
El arasında daha çox "JEK” kimi tanınan Mənzil Kommunal İstismar Sahələri (MKİS) də məişət tullantılarının hara gəldi tullandığı və sakinlərin şikayətləndiklərini etiraf edirlər. Nizami rayon 121 saylı MKİS-in əməkdaşı Mədinə Abışova bizimlə söhbətində məişət tullantılarının hara gəldi atılması ilə bağlı çalışdığı "JEK”-ə çoxlu şikayətlərin daxil olduğunu dedi: "Sakinlər şikayət edərək qonşuların məişət tullantılarını zibil qablarına deyil, ətraf ərazilərə atdığını deyirlər. "JEK” əməkdaşları şikayət əsasında maraqlanır, əraziyə baş çəkirlər. Amma "JEK” nə edə bilər? Hər binanın yanında nəzarətçi qoymağa imkan yoxdur. Bunu insanlar özləri düşünməlidir. Bütün binaların həyətində zibil qabları yerləşdirilib və vaxtaşırı zibilin daşınması həyata keçirilir. İnsanlar səliqə-sahmana və təmizliyə özləri riayət etməlidirlər”.
İnsanlar başa düşmək istəmirlər ki...
Təəssüf ki, məişət tullantıları ilə zibillənmə təkcə yaşayış binalarının ətrafında, həyətində və ya blokunda baş vermir. Faktdan kənara çıxsaq, yayda istirahətə gedənlər təbiətə səxavətlə öz "töhvə”lərini verməkdən çəkinmirlər: onların istirahətindən sonra dənizin kənarında, meşədə və s. yerlərdə plastik butulkalar, qablar, ərzaq qalıqları yadigar qalır. İnsanlar antisanitariyanı sanki qəsdən yayırlar. Ətraf aləmin çirklənməsinin sağlamlığa nə qədər ziyanlı olduğunun fərqinə varan tapılmır.
Sürücülərin avtomobili idarə edərkən maşının pəncərəsindən küçəyə zibil tullamaları isə ətraf aləmin çirklənməsinə ayrıca "hədiyyə”dir. Yol polisinin bununla bağlı sürücülərə müraciəti də olub: "Avtomobildə gedən sərnişinlər, sürücülər bayıra siqaret kötüyü, kağız, cürbəcür əşyalar atırlar. Bəlkə heç özləri də fikir vermirlər ki, belə hərəkətlər kənardan çox pis görünür. Bu, əsl mədəniyyətsizlik göstəricisidir. İnsanlar başa düşmək istəmirlər ki, hər sürücü küçəyə, yola bir siqaret kötüyü atsa, onda hansı mənzərə yaranar? Təəssüflər olsun ki, belə sürücülər bir yox, minlərlə, yüz minlərlədir. Axı niyə zibillik içində qalmalıyıq? İnsanın gərək daxili mədəniyyəti olsun. Bəzi insanlar var ki, bu hərəkətlərə fikir vermirlər. Amma kənardan baxanda bu hərəkətlər ümumilikdə millətimizə başucalığı gətirmir. Bu əməllər haradasa bizim mədəniyyət səviyyəmizə mənfi təsir göstərir”. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin bir müddət əvvəl səsləndirdiyi bu fikirlər bu gün üçün daha da aktuallaşıb. K.Əliyev deyib ki, küçəyə zibil atan sürücüləri aşkar edib cərimələmək bir qədər çətindir: "Bunu aşkar etmək üçün sürücü və ya sərnişin yol patrul xidməti əməkdaşının qarşısında küçəyə nəsə atmalıdır, yaxud da, bunu sübut edəcək video olmalıdır. Belə olduqda, İnzibati Xətalar Məcəlləsində sürücüləri 40, sərnişinləri isə 30 manat cərimə etmək mümkündür. Amma yenə deyirəm ki, bu halları aşkar etmək çətindir”. Bununla yanaşı, DYP rəsmisi bildirib ki, əgər vətəndaşlar küçəyə zibil atan sürücü və sərnişinlərin foto-videosunu yol polisinə təqdim edərlərsə, həmin xəta ilə bağlı tədbir görülə bilər: "Əgər kimdəsə belə foto və videolar varsa, çox xahiş edirik ki, onları bizə təqdim etsinlər. Bundan əlavə, düşünürəm ki, belə sürücülərin görüntülərini sosial şəbəkələrdə, ayrı-ayrı internet saytlarında, kütləvi-informasiya vasitələrində yayıb ictimai qınağa cəlb etmək lazımdır. Yəni, bu gün bəzilərinə 30-40 manat cəriməni ödəmək daha rahatdır. Amma belələri istəyər ki, etdiyi hərəkəti, küçəyə zibil atmasını başqaları görməsin. Belə insanların, sürücülərin, sərnişinlərin ən böyük cəzası ictimai qınağa cəlb olunmaqdır. Qoy həmin şəxslər etdiyi hərəkətin mədəniyyətsizlik olmasını dərk etsinlər”.
İnzibati məsuliyyət, yoxsa ictimai qınaq?
Meşələrin, sahil zolağının, küçələrin zibillənməsinə görə İnzibati Xətalar Məcəlləsində müəyyən qədər cərimələr nəzərdə tutulmasına baxmayaraq, insanların ciblərinə zərər dəyməsi də vəziyyəti yaxşılığa doğru dəyişdirmir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəninsözlərinə görə, nəzərdə tutulmayan yerlərə zibil atılması inzibati məsuliyyət yaradır. Buna görə də cərimələr tətbiq olunub. "Ancaq iri həcmli bir əşya evin pəncərəsindən və ya balkonundan həyətə atılırsa və bundan kiminsə avtomobili zərər çəkirsə, bu, inzibati məsuliyyətdən başqa, məhkəmə predmeti olan məsələdir. Yəni dəymiş zərərin ödənilməsi üçün mülki qaydada iddia qaldırıla bilər. Həmçinin maddi və mənəvi zərərin dəyməsi məsələsi də ortaya qoyula bilər. Yəni maşın əzilən zaman sahibinin keçirdiyi stress, ona dəymiş maddi və mənəvi zərər və s. məhkəmə predmeti ola bilər. Məhkəmə qaydası ilə qərar qəbul edib həmin şəxsin cəzalandırılması mümkündür”. Millət vəkili hesab edir ki, əgər avtomobili idarə edən şəxs siqaretin kötüyünü küçəyə atırsa, bu, artıq mədəniyyət məsələsidir. Və ya vətəndaş evindəki zibili 50 metr kənarda olan zibilqabına atmaqdansa, qonşusunun qapısının ağzına atırsa, bu, mədəniyyətsizlikdir: "Həmçinin binanın yuxarı mərtəbəsindən aşağı zibil atanlar da olur. Bu istiqamətdə maarifləndirici işlər olmalı, təbliğat aparılmalıdır ki, valideynlər öz övladlarını tərbiyələndirəndə bu kimi işlərdən çəkindirsinlər. Çünki ana və ya ata zibili atarkən övlad görür və elə hesab edir ki, belə də olmalıdır. Təəssüf ki, bu cür hallar bizdə çoxdur. Yol gedəndə insanların əllərindəki tullantıları küçəyə atdığının şahidi olursan. Heç kəs başa düşmək istəmir ki, bu şəhər, bu küçə, bu ölkə bizimdir. Biz bunun qayğısına qalmasaq, sabah gələn əcnəbidən nəyi tələb edə bilərik? Bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının tərəfdarıyam. Millət vəkili hesab edir ki, çox vaxt inzibati metodlarla istənilən nəticəni əldə etmək olmur. Məsələn, yolu keçən piyadaların cərimələnməsi nəzərdə tutulub. Ancaq nə qədər cərimələr olsa da, yenə də insanlar bu qaydanı davam etdirirlər. Məktəblərdə də bu istiqamətdə təbliğatlar aparılmalıdır ki, birgə yaşayış qaydalarının həyata keçirilməsi yolları uşaqlara öyrədilsin. KİV də öz növbəsində bu məsələləri işıqlandırmalıdır».
Məişət tullantıları ilə ətrafın zibillənməsi gerçəkdən özünə hörmət edən, mədəni səviyyəsini gözləyən və birgəyaşayış qaydalarını yüksək tutan insanları narahat edir. Onlar hər gün üzləşdikləri problemdən çıxış yolları arayırlar. Şikayət edirlər, gileylənirlər, müxtəlif instansiyalara üz tuturlar. Ən böyük problem isə məsələnin heç bir instansiya tərəfindən həllini tapa bilməməyidir. Problemi nə "JEK”lər, nə icra hakimiyyətləri, nə də hüquq mühafizə orqanları həll edə bilmir, əksinə, get-gedə daha da pisləşir. Problem insan faktorudur – inzibati məsuliyyəti, cərimələri, ictimai qınağı gözə almayanlardır. Necə deyərlər, "qurunun oduna yaş da yanır...”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər