AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Başıma nə gəldisə, qadınların ucbatından gəldi”

“Başıma nə gəldisə, qadınların ucbatından gəldi”

Müsahibə
13 Fevral 2020, 10:36 6965
Mehmet Əli Ərbil komadan ayılanda, gözləri öncə kimi axtarıb? 
 
Türkiyənin tanınmış şoumeni Mehmet Əli Ərbil tanınmaz haldadır. Danışıb-gülməyi sevən, aparıcılıq etdiyi şoularla insanları güldürən və sevgisini qazanan M.Ə.Ərbil dünyada 800 nəfərdə görünən nadir xəstəliyə tutulub. Türkiyədə isə bu xəstəliyə təkcə məşhur aktyor və aparıcı Mehmet Əli Ərbilin tutulduğu deyilir. Normal həyatından məhrum olan sənətçinin xəstəliyi tibdə nadir rast gəlinən "Qaçış sindromu” adlanır. Amma Türkiyədə indi onu "Mehmet Ərbilin sindromu” adlandırırlar. 
Tam müalicəsi hələ mümkün olmayan bu sindrom, damarlarda həddən artıq genişlənmə, böyümə və ya kiçilmə ilə başlayır. Müasir tibdə üzün müddətdir araşdırılma aparılsa da, hələ ki, nə səbəbi, nə müalicəsi bilinmir. Xəstəlik zamanı damarların xaricinə protein, mineral və maye keçir. İri arteriyalarda olan elementlərin səbəbsiz yerə sürətlə damarın xaricinə, ordan da bir çox orqanların ətrafına yayılması nəticəsində vücudun bəzi yerlərində şişkinliklər yaranır, xəstənin təzyiqi qəfil çox aşağı düşür, şok keçirir. Ərbil Türkiyə mətbuatına müsahibəsində diaqnoz qoyulana qədər illər boyu  heç bir ağrı hiss etmədiyini, ancaq bədəndəki şişkinliklər nəticəsində xəstəliyin üzə çıxdığını bildirir. Bu xəstəlikdə tutmalar ayda 1-2 dəfə, eləcə də 5-6 aydan bir, hətta bir neçə ildən bir də ola bilir. Təkrarlanan şokdan 24 saat öncə xəstə qripə bənzər əlamətlər hiss edir. Qızdırma, yorğunluq, əzələ, sümük ağrısı, titrətmə. Şoumen xəstəxanadan çıxdıqdan sonra Türk mətbuatına müsahibə verərkən evdə yıxılaraq qabırğasını sındırdığını da deyib. Bunun ardından 235 gün yaşam mübarizəsi verib. 
 
- Hadisə olan günü necə xatırlayırsınız?
- Başıma nə gəldisə, qadınların ucbatından gəldi. Qızlarla görüşməyə gedirdim. Görüşə getməmişdən əvvəl duşa girdim. Hamamda ayağım sürüşdü və çox pis şəkildə yıxıldım. O an qabırğam qırılıb orqanlarıma doğru irəliləmişdi. Qışqırmağa başladım və evdə çalışan qadın köməyimə gəldi. Ondan sonra heç nəyi xatırlamıram. Mənə deyilənlərə görə, təcili yardım gəlib, məni xəstəxanaya aparıb. Həkim müayinə etdikdən sonra deyib ki, Mehmet bəyi  müalicə edəcəyəm, 3 gündən sonra çıxıb işinin dalınca gedəcək. Həkim hər nə qədər "bu iynəni də vuracağam, sakitləşəcəksiniz” desə də, mənim ağrım bitmirdi, ağrıdan qışqırırdım. Sonra analizlər verdim və tamamilə başqa bir xəstəlik çıxdı. Qabırğalar ağ ciyərə batıb. Bu, böyrəklərə, digər orqanlara da zərər verib. Bir gecədə iki dəfə əməliyyat olundum. Daha sonra çox ağır bir müddət başladı - 9 ay komada olmaq. Məni yatırtmaq üçün dərmanlar verirdilər. 

- Həmin ərəfələr haqqınızda "ölüb” xəbərləri yayılmağa başladı. 
- Hər insan haqqında belə dedi-qodular olur. Mən heç ayağa qalxacağıma, yeriyəcəyimə inanmırdım. Çünki aparatlara bağlı yaşayırdım. Qardaşıma dedim ki, əgər yeriyə bilməyəcəyəmsə, bağlı olduğum bu cihazları söndürün, ölüm. 

- Yəni belə yaşamaqdansa, ölmək istəyirdiniz? 
- Bəli, heç tərpənmədən yaşamaqdansa, ölməyi üstün tutdum. Yaxşı ki, zamanında qazandığım pulları yeməmişəm.

- Demək ki, qismətinizdə belə ölüm yox imiş.
- Bu vaxta qədər duş qəbul edəndə, hamamda 5 dəfə yıxılmışam, heç birində özümə bu qədər zərər verməmişəm. Həyatımda ilk dəfə bir yerim qırılıb. Bu da qabırğalarıma tuş gəldi. İndiyə qədər bədənimin heç yerində qırıq olmayıb. 

- Komadan ayılanda nə hiss etdiniz?
- Gözlərimi açanda öncə həyat yoldaşımı axtardım. Komada olduğum 9 ay müddətində onlar yanımda olublar. Ailəm, çevrəmdəki insanlar üçün çətin idi. Bütün ömür boyu onları buna məhkum edəcəkdim. Özümlə bərabər onları da düşünürdüm. Məni bir nəfər qaldırır, iki nəfər yuyur. Bu, çox utancverici bir şeydir. Allah heç kimi bu vəziyyətə salmasın.  Komadan oyananda həyatım film kimi gözlərimin önündən keçdi. Yaşadığım bu illər ərzində çox böyük sevgi qazanmışam. Sənətçi dostlarım məni heç zaman tək buraxmadı. Bu qədər sevildiyimi bilmirdim. Hər kəs öz vicdanına cavabdehdir. Yaxın dostum İbrahim Tatlısəs hər dəfə xəstəxanaya gələndə, "bizim taleyimiz niyə belə oldu” deyib, qucaqlaşıb, ağlaşırdıq. Çünki o vurulanda, ilk dəfə xəstəxanaya mən getmişdim. O, hər zaman yanımda oldu, mənə bu çətin vəziyyətimdə dəstəyini göstərdi. Həkimim deyir ki, xilas olma şansım yüzdə beş imiş. İbrahim Tatlısəs üçün də elə demişdilər. Demişdilər ki,  dönmə şansı yoxdur, dönərsə də, əvvəlki kimi olmayacaq. Dostlarımın, ailəmin duaları ilə həyata geri döndüm. Sevənlərimə çox şey borcluyam. Dua çox önəmli bir şeydir. Şanslıyam ki, pis dönəmlərimi heç xatırlamıram, nələr yaşadığımı da heç bilmirəm. Hazırda sol ayağım işləmir. Ancaq həkimlər deyir ki, əvvəl-axır yeriyəcəksən.

 - İllərdir danışaraq pul qazanan bir insan üçün danışa bilməmək yəqin ki, çox çətin olub. 
- Mən hər zaman İbrahim Tatlısəsə görə məyus olmuşam. Düşünürdüm ki,  o insan səsi ilə pul qazanırdı. İndi isə heç mahnı da oxuya bilmir. Eyni hadisə mənim də başıma gəldi. İbrahimlə qismətimiz eyni imiş. O çətin günlərdə hər zaman səbir etdim. Bədənimin heç bir yerini hərəkət etdirə bilmirdim, ancaq yenə də təvəkkül etdim. Düzdür, yeriyə bilmirəm, amma Allaha şükürlər olsun ki, ayağa qalxa bilirəm. İnsanların duaları ilə bu günlərə gəldiyimə inanıram. Allahdan, mənimki sinir xəstəliyi deyildi. Uzun müddət yatdığım üçün bədənimin heç bir yerini hərəkət etdirə bilmirdim.  Həkimlər mənə "düzələcəksən” deyirdilər, ancaq onların sözlərinə heç inanmırdım. Həqiqətən duanın gücünə çox inanıram. Məni ayağa qaldıran insanların duaları oldu. Yeznəm də Allaha çox inanclı biridir. Gündə 5 dəfə namaz qılır və namazında hər dəfə mənə dua edirdi. 

- Bu çətin günlərə necə qalib gəldiniz?
-  Həyata, ailəmə və sevdiklərimə inanaraq qalib gəldim. Yatdığım dönəmlərdə acılarımı hiss etmirdim, ancaq ailəm hiss edirdi. 9 ay müddətində hər gün başımın üstündə gözləyiblər. Məni heç zaman tək buraxmayıblar. Mən qaranlığa doğru gedirdim. Həyatdan qopurdum. Yuxumda izləyicilərim məni "Mehmet Əli Bəy” deyə səsləyirdilər. O səs məni həyata qaytardı.  Gözlərimi açdım ki, həkimlər  başımın üstündə dayanıb "Mehmet Əli bəy, Mehmet Əli bəy, gözlərini bağlama, həyata tutun” deyərək, məni silkələyirlər.

- Belə dönəmlərdə insan ailənin nə qədər önəmli olduğunu daha çox anlayır. 
- Mənim üçün ailə hər zaman önəmli idi. Ailəmlə aramızda çox güclü bir bağ var. Qızlarım, keçmiş həyat yoldaşlarım hər zaman yanımda oldular. Yeznəm hər gün başımın üstündə dua etdi. Bilmədiyim duaları belə onun sayəsində öyrəndim.  Duanı bir dəfə deyirdi və mən də həmin an o duanı təkrarlayırdım.  Mənim ailəm peyğəmbər soyundan gəlir. Hətta mən yatızdırılarkən filmlərdəki kimi bəyaz saçlı , saqqallı  biri gəlib Sezinin yanına, "mən atanın qulağına bir söz deməliyəm” deyib.  Qızım da "mənə deyin, mən onun qulağına o sözü deyərəm” deyərək cavab verib.  O da " atan de ki, onun bu dünyada daha işi bitməyib” deyib və gedib. Sezin bunu mənə deyəndə çox təsirləndim.  Bunlar çox dəyərli şeylərdir. İllərlə insanları güldürərək əyləndirmişəm.  İnsanlar da mənim bu dönəmimdə  çox dualar etdilər. O qədər çox dua aldım ki... Bu, çox özəl bir şeydir. Hər kəsə nəsib olmaz.

- Xəstəxanadan çıxdıqdan sonra nə etmək istəyirsiniz? 
- Evimə getmək istəyirəm. "Evdə olanda da yatıram, xəstəxanada da” deyərək özümü motivasiya edirəm. 

- Ən çox nə üçün darıxıbsınız? 
- Doğduğum yer üçün. Yeniköyə gedib sahildə oturmaq istəyərəm. Bir də üzmək üçün darıxıram.  Bu halımla dənizə girsəm çıxmayacağıma görə qorxuram. Ancaq iki nəfər mənə dəstək olarsa, dənizə də girə bilərəm. 

- Bu dönəmlərdən çıxardığınız bir dərs varmı?
- Sadəcə, Allaha sığındım.  Ayaqlarım üzərində rahat şəkildə yerimək istəyirəm. Başqa heç nə istəmirəm.  Sağlam bir həyatım olsun, bəsimdir.

- Sizi sevənlərə nələr demək istəyirsiniz? 
- Sağlamlıq çox önəmlidir. Sağlamlığınızın qiymətini bilin.  Üsyan etməyin. Səbir etmək çox önəmlidir. Səbir etmək insanı həyata bağlayır və yalnız bu təqdirdə bir çox şeyə dözə bilər. 

- Sağalandan sonra yenidən ekranlara dönmək istəyirsiniz? 
- Həftədə bir veriliş apara bilərəm. Tamaşaçılarımla göz-gözə gəlmək üçün darıxmışam. Amma serial və həftə içi verilişlərə çıxmağı düşünmürəm.  Artıq özümü yormaq istəmirəm. İndi serial çəkmək və orda rol almaq çox yorucudur. Əvvəllər biz hər gün serial çəkilişlərinə gedirdik. Mən həm serialda oynayırdım, həm də hər gün 3 saat canlı veriliş aparırdım. Bu qədər çalışdığım üçün  "Qaçış sindiromu” xəstəliyinə yaxalandım. 
 
- İndi vəziyyətiniz necədir? 
- Allaha şükürlər olsun ki, yaxşıyam.  Hələ də müalicə alıram. Gəzməyi öyrənirəm. Uşaq kimi yenidən gəzməyə çalışıram. Artıq xəstəliyim nəzarət altındadır. 
 
Tərcümə etdi: Xəyalə Rəis