• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Başı dərddə olan Makron

04.12.20 15:43 691
Başı dərddə olan Makron
Fransa prezidentinin dəbdəbəli həyat tərzi vətəndaşların hiddətinə səbəb olub
Türkiyə mediasının Avropanın "xəstə adamı” adlandırdığı Fransa prezidenti Emmanuel Makron ətrafında qalmaqallar yenidən ölkə gündəmini tutub. Fransa daxilində problemləri həll etmək əvəzinə, diqqəti daha çox ölkə xaricində yaşanan problemlərə yönəltməsi, haqlı şəkildə narazılıqlara yol açıb. Gah Aralıq dənizində Türkiyə ilə gərginliyə baş vurur, gah da Azərbaycanla Ermənistan arasında münaqişədə birtərəfli qaydada işğalçının yanında dayanmağa üstünlük verir. Ən acınacaqlı olan odur ki, ATƏT-in Minsk qrupunun həmsədri ola-ola işğalçı dövlətə hərtərəfli dəstək verir. Dövlət başçısı olaraq hələ də, Fransa Senatının qondarma rejimin tanınması kimi rüsvayçı tövsiyəsinə hər hansı bir təpki göstərməyib. Bu kimi hallar da, Fransa cəmiyyətində haqlı narazılıqlara gətirib çıxarıb. Fransızlar haqlı olaraq nədən Makronun daxili problemlərə diqqət ayırmadığı barədə ona suallar ünvanlayırlar. Bir faktı da qeyd edək ki, media və cəmiyyətin hədəfinə tuş gələn Makron, prezident kürsüsünə əyləşməzdən əvvəl qalmaqalları ilə tək fransız mediasında deyil, dünya mediasının da "diqqətində” qalmağa müvəffəq olub. Onun şəxsiyyəti ətrafında uzun illərdir ki, söz-söhbətlər dolaşır və indi iş o yerə çatıb ki, yürütdüyü daxili və xarici siyasətdən narazı olanların sayı günbəgün artır. Məhz onun yanlış siyasətinin nəticəsidir ki, etirazlar bütün ölkəni bürüyüb. Faşist təmayüllü təşkilatların aktivləşməsi, miqrantlara qarşı ikili yanaşma, başqa dinin nümayəndələrinə qarşı ayrı-seçkilik pik həddə çatıb.

"Varlıların prezidenti”
Yeri gəlmişkən, son günlər mediada Fransa prezidentinin adı cah-cəlallı həyat tərzi keçirməkdə, vergilərdən yayınma və s. qalmaqallarda hallanmağa başlayıb. Onu Fransada "varlıların prezidenti” kimi qələmə verirlər. Bu titulu qazanmasına səbəb bahalı mülklər və qiymətli kağız sahiblərinin adlarının vergi siyahılarından çıxarmasıdır. Fransızlar onu təkcə ölkənin ən imkanlı şəxsləri üçün hədiyyə etməkdə yox, həm də, cah-cəlallı həyat tərzi sürməyə milyonlar sərf etməkdə günahlandırır. Məsələn, Rusiyanın nüfuzlu "Lenta.ru” nəşri prezidenti ailəsinin cah-cəlallı həyat tərzi barədə araşdırmasında yazır ki, 2018-ci ilin iyulunda Fransada qalmaqal qopdu. Bəlli olur ki, prezident Emmanuel Makron xanımı Bricit ilə Yelisey sarayında rəsmi naharlar və banketlər üçün həddən artıq bahalı olan 1,2 min dəstli serviz alıb. Bunları isə birinci ledi şəxsən seçib. Ümumi dəyəri isə 50 min avrodur. Lakin fransız kütləvi informasiyaları belə bir qənaətə gəliblər ki, qiymət 10 dəfə azaldılıb, əslində isə qiyməti 500 min avronu keçir. Prezidentin yaxın ətrafı dərhal iddia etməyə başladı ki, bu servislər keçmiş prezident Jak Şirakın dövründə alınıb. Qəzəbli fransızlar Makronu yoxsullara nifrətlə yanaşmaqda ittiham edir, xanımı ilə birlikdə dəbdəbəli həyat tərzi sürməkdə, qarderoblarını doldurmaq üçün milyonlar sərf etməkdə ittiham edir. Məsələn, 2017-ci ilin avqustunda bəlli olub ki, prezidentliyinin üçüncü ayında tək öz vizajistinə 26 min avro ödəyib. Bu pullar makiyaj və üzə qulluğa gedib. 40 yaşını isə dövlət başçısı ailəsi ilə birlikdə dəbdəbəli Şambor qəsrində qeyd edib. Bir il sonra isə fransızları, qəfil məzuniyyətə çıxması ilə təəccübləndirib. Xanımı ilə birlikdə Normandiyaya dördgünlük istirahətə yollanıb. Cütlük Fransanın ən dəbdəbəli "La Ferme Saint-Simeon” otelində qalıb. Fransa mediası yazır ki, Makronu dəbdəbəli və cah-cəlallı həyat tərzi sürməyə xanımı məcbur edib. "Nyu-York Tayms” qəzeti yazır ki, Biricitin qarderobunda ən bahalı vasitələr, o cümlədən klassik brendlər "Balmain”, "Courreges” və "Diordan” paltarlar çoxluq təşkil edir. 67 yaşlı Biricit qısa ətəkli yubkalar geyinməkdən çəkinmir. "Bibi” və "Manyu” (ər-arvad bir-birilərini belə adlandırır) özləri üçün xüsusi çimərlik də düzəldiblər və bunun inşasına milyonlar sərf edilib. Təkcə Yelisey sarayında müxtəlif dövlət qəbulları zamanı 95 min müxtəlif yemək hazırlanır. Bu səbəbdəndir ki, Almaniya kansleri özünün aşpazını ixtisasını artırmaq üçün Yelisey sarayına göndərib.

Ümumiyyətlə, Makronun özünə fransızlar skeptik yanaşır. Tez-tez prezidentə xatırladırlar ki, vaxtilə iqtisadiyyat naziri olanda hökumət xərclərini öz şəxsi ehtiyaclarını ödəmək üçün sərf edib. Bu vəsait isə 120 min avro təşkil edib. Bu pulları prezident seçkiləri kampaniyası zamanı dəstək toplamaq üçün həmkarlar təşkilatlarının liderləri ilə naharlara, populyar artistlərə, rəssam və dini xadimlərlə görüşlərə sərf edib. Bu faktlara görə, "Anticor” - korrupsiyaya qarşı mübarizə idarəsi araşdırmalar da aparmışdı. Onlar müəyyən etmişdilər ki, prezident bir obyektin qiymətini 200 min dollar aşağı salıb. Ən çox sual doğuran məsələlərdən biri də Makronlar ailəsinin Parisin mərkəzindəki dəbdəbəli mənzilləridir. Bundan əlavə, Lion şəhərinin məhkəməsi Makronun seçki kampaniyası dövründə xalq malını mənimsəməsi və dövlət büdcəsindən şəxsi maraqlar üçün istifadə etməsi barədə ilkin araşdırmalara başlayıb. Araşdırmalara görə, Makron seçki kampaniyasında qanuni limitdən daha çox, yəni 15-20 faizlik maliyyə güzəştlərindən faydalanıb. Və sonda qeyd edək ki, bu kimi faktlar Makronun şəxsi həyatından götürülən azsaylı faktlardan biridir. Şübhəli fəaliyyəti, dəbdəbəli həyat tərzinin maliyyə mənbəyi barədə xeyli qaranlıq məqamlar var.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər