• cümə axşamı, 25 aprel, 20:19
  • Baku Bakı 21°C

Baş toksikoloq: “Gürzə, qaraqurd, qara əqrəb sancması daha təhlükəlidir”

25.08.16 21:09 2942
Baş toksikoloq: “Gürzə, qaraqurd, qara əqrəb sancması daha təhlükəlidir”
"Havaların isti keçməsi ilə bağlı Toksikoloji Mərkəzə həm ilan, həm əqrəb, həm də qaraqurd sancması ilə müraciətlər davam edir. Aprel ayından indiyədək təkcə ilan sancması ilə bağlı 68 nəfər xəstəxanaya daxil olub. Havalar isti keçdiyindən biz güman edirik ki, yenə də sancmalarla bağlı müraciətlər olacaq”.BunuAPATV-nin "Öncə sağlıq” proqramında Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov deyib.

Baş toksikoloq bildirib ki, sancma ilə bağlı müraciətlər ən çox aran rayonları, Bakı ətrafı kənd və qəsəbələrdən olur. Daha çox daş karxanaları olan ərazilərdə bu faktlara rast gəlinir. Bundan başqa, Yevlax, Bərdə, Tovuz, Şəmkir, Qəbələ rayonlarından, cənub zonasından da mərkəzə müraciətlər edilir.

A.Maqsudov deyib ki, Azərbaycan ərazisində qaraqurd sancmalarına yalnız son 7-8 il ərzində rast gəlinir, bundan əvvəl ölkədə qaraqurd hörümçəyinə rast gəlinməyib: "Mətbuata açıqladığımız kimi iyul ayında 4 nəfəri qaraqurd sancıb. Təəssüf ki, bu hallardan biri ölümlə nəticələnib, 14 yaşlı qız ölüb. Bu, ilk ölüm halıdır. İlk dəfə idi ki, biz qaraqurd sancmasının belə bir ağır fəsadı ilə rastlaşdıq. Həmin xəstə səhər saatlarında daxil oldu, o zaman onun müqaviməti çox zəifləmişdi. Gecəyədək həkimlər əllərindən gələnə etdilər, amma nəticə olmadı”.

Həkim bildirib ki, sancmalar zamanı ağırlaşma daha çox vaxt amili ilə bağlı olur. Onun sözlərinə görə, ümumiyyətlə, bu kimi hallarda vaxt itirilməsi yolverilməz sayılır.

Onun sözlərinə görə, təhlükəli, daha böyük fəsadlara səbəb olma baxımından ilk yerdə ilan sancması gəlir: "İkinci yerdə qaraqurd sancmasını qeyd edə bilərəm. Üçüncü yerdə isə əqrəb, özü də sarı yox, qara əqrəbi vurğulamaq lazımdır. Sarı əqrəb sancması zamanı simptomatika ağır keçsə, şikayətlər çox olsa da, çox zaman həkimin nəzarəti altında tez bir zamanda stabilləşmə gedir və ölüm halı qeydə alınmır.

İlan sancmaları barədə danışan həkim qeyd edib ki, Azərbaycanda ən çox gürzə sancmaları baş verir və gürzə zəhəri daha təhlükəli sayılır: "Beş növ gürzə olsa da, onların zəhərinin tərkibi demək olar ki, eynidir. Bu, çox təhlükəlidir, zamanında qarşısı alınmasa, ciddi fəsadlar verə, hətta ölümlə nəticələnə bilər.

Bundan başqa, Azərbaycan ərazisində rast gəlinən əfi ilanın zəhəri də təhlükəlidir. Düzdür, əfi ilan sancması zamanı gürzə sancmasında olduğu qədər daha böyük fəsadlar qeydə alınmır, amma istənilən halda burada da təhlükə yaranır.

İstər ilan, istər qaraqurd, istərsə də əqrəb sancmaları zamanı vaxtında tədbir görülməlİ, zərdab vurulmalı, düzgün müalicə taktikası seçilməlidir”.

Onun sözlərinə görə, ilan sancması zamanı ilkin xarakterik əlamət ağrı, sancma olan yerin qızarmasıdır. Sonradan buraya şişkinlik, göyərmə də əlavə olunur və getdikcə artmağa başlayır. Bu hal sancma yerindən yuxarıya doğru qeydə alınır. İlan ayağın baş barmağını sancıbsa, döş qəfəsinə, boğaza qədər şişkinlik yayıla bilir. Bu, birbaşa həyati təhlükə kəsb edən bir haldır.

Həkimə qədər olan ilkin yardım barədə danışan A. Maqsudov deyib ki, həmin şəxsi hərəkətsiz hala gətirilmək, yaranı yodla işləmək, bununla infeksiya yaranmasının qarşısını almaq, sancılan yerin üzərinə buz qoymaq lazımdır: "Çox zaman belə hallarda yara olan yeri turna ilə bağlayırlar. Amma biz hesab edirik ki, bu düzgün deyil. Bağlansa da, qısa müddətli olmalıdır. Çünki uzun zaman turna ilə bağlı qalması damarlarda nekroz yaradır. Digər tərəfdən, zəhər qısa zaman ərzində sorulur və ora turnayla bağlamağın praktiki baxımdan elə bir əhəmiyyəti olmur.

Sancılan yeri, yaranı sormaq, ora nəsə sürtmək, yandırmaq olmaz. Bunların heç biri düzgün deyil, heç bir əhəmiyyəti yoxdur. Əksinə, bunu etməklə yara olan yerə əlavə fəsad vermiş olarıq. Orada infeksiya ocağı yaranar və bu daha uzun müddətli müalicə kursu aparmağa şərait yaradar. İlan, əqrəb, qaraqurd sancması zamanı həmin şəxsə çoxlu maye, su vermək lazımdır. Sonra mütləq həmin şəxsi həkimə çatdırmaq gərəkdir”.

A.Maqsudov bu kimi hallarda toksikoloq müayinəsinin, bu sahənin mütəxəssisinin yardımının mühüm əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, mütəxəssis olmasa belə, istənilən halda xəstəni rayon mərkəzi xəstəxanalarına çatdırmaq lazımdır.

Bölgələrdə toksikoloji yardım barədə suala cavabında A. Maqsudov deyib ki, rayonlarda toksikoloji şöbələr olmasa da, artıq iki ilə yaxındır ki, Səhiyyə Nazirliyi tərəfindən toksikologiya ilə bağlı təkmilləşmə kursları aşılıb, bu kursları bitirən həkimlər yerlərdə lazımi tədbirləri görürlər: "Mən bilirəm ki, Gəncədə, Şəmkirdə, Yevlaxda, aran rayonlarından olan həkimlər bu kursları bitirib, yerlərdə fəaliyyət göstərirlər.Sonuncu dəfə bizim mərkəzdə keçirilən kursu 12 həkim bitirib. Hesab edirəm ki, qısa bir zamandan sonra bütün bölgələrdə bu sahə üzrə hazırlıqlı həkimlərimiz olacaq.

Təbii ki, ağır vəziyyətlərdə Toksikoloji Mərkəzin həkimləri yerlərə çağırılır və yaxud xəstə mərkəzə çatdırılır”.

Mütəxəssis onu da deyib ki, belə zəhərlənmələr zamanı azyaşlılar və yaşlı şəxslərin müqavimət hissi daha zəif olduğundan bu yaş qruplarında fəsadlar daha çox olur.Həkim bildirib ki, yuxarı ətraflardan, ələlxüsus sol tərəfdən sancma daha təhlükəli sayılır.

İlkin yardım zamanı vaxt itkisinin yolverilməz olması barədə danışan baş toksikoloq qeyd edib ki, əgər sancma damarın üzərindən olmayıbsa, o zaman həmin şəxsi 3-4 saat ərzində həkimə çatdırmaq lazımdır: "Yox, dişləmə birbaşa damardan olubsa, bədən müqaviməti zəifdirsə, burada ən təcili yardım lazım gəlir, vaxt itkisinə qətiyyən yol vermək olmaz”.

Mərkəz müdiri xəsarət alan şəxslərin xəstəxanaya daxil olandan sonra orta müalicə müddətinin 17-21 gün olduğunu aşıqlayıb. Onun sözlərinə görə, bəzən fəsadlaşmış hallarda digər sahə mütəxəssislərin də iştirakı ilə müalicə müddəti 1-2 aya qədər davam edə bilər.

Toksikoloq deyib ki, sancmalardan sonra ən çox rast gəlinən fəsadlar hərəkət aparatında aktivliyin azalması, ürək, qaraciyər, ağciyərlər və orqanlarda problemlərin ortaya çıxmasıdır.

A. Maqsudov ölkədə ilan, əqrəb, qaraqurd zəhərlərinə qarşı zərdab çatışmazlığının olmadığını bildirib: "Hər ilin əvvəlində bizim nazirliyə müraciətimiz əsasında bütün rayon xəstəxanalarına, təcili yardım briqadalarına, Klinik Tibbi Mərkəzə artıqlaması ilə təmənnasız olaraq zərdablar verilir. Praktiki olaraq bu sahədə hər hansı problem yoxdur”.

Zərdablardan istifadəyə gəlincə, həkim toksiki dozaya müvafiq olaraq zərdabın bir yox, bir neçə dəfə vurulduğu halların da olduğunu açıqlayıb: "Onu da qeyd edib ki, son zamanlarda eyni anda bir ilanın bir şəxsi bir neçə dəfə sancmasının şahidi oluruq. Məsələn, biz əvvəllər müşahidə edirdik ki, ilan bir dəfə sancır, amma son zamanlarda biz iki-üç dəfə dalbadal sanmalarla rastlaşırıq. Belə hallarda zərdabın dozası çox olur, çünki daha böyük fəsadlar qeydə alına bilər”.

A. Maqsudov ilan, əqrəb, qaraqurd zəhərlərinə qarşı zərdabların fərqli olduğunu deyib.

Mütəxəssis həssaslığı olan şəxslər üçün arı sancmalarının da təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, orqanizmdə arı zəhərinə qarşı həssaslıq varsa, kəskin allergik reaksiya yaranır. Bunun ağır forması olan anafilaktik şokun da yaranması mümkündür: "Hətta xəstəxana şəraitində belə həmin şəxsləri şok vəziyyətdən çıxarmaq çətin olur. Belə insanlar diqqətli olmalı, təhlükə olan yerlərə gedəndə allergiyaya qarşı dərman qəbul etməli, xüsusi kremlər çəkməlidirlər”.
banner

Oxşar Xəbərlər