• cümə, 19 Aprel, 16:46
  • Baku Bakı 25°C

Baş redaktorların istirahət planları

18.07.19 10:30 32998
Baş redaktorların istirahət planları
Artıq yayın ikinci ayını yaşayırıq. Bu isə o deməkdir ki, hamı öz məzuniyyət planları haqda düşünür. Yeni mövsümə daha yaxşı başlamaq üçün hamının bir müddətlik də olsa, işdən uzaqlaşıb, isti havanın dadını çıxarmağa ehtiyacı var. Xüsusilə də yaradıcı işlə məşğul olanlar üçün istirahət çox vacibdir. Bəs görəsən jurnalistlər yay tətilini necə keçirmək istəyir? Bu suala cavab tapmaq üçün kiçik sorğu təşkil etdik.

"İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyir ki, hələlik vaxt məhdudiyyətinə görə istirahətə çıxa bilməyib: "İmkan tapan kimi doğulduğum Culfa rayonunun Saltaq kəndinə gedib ailəmlə vaxt keçirmək niyyətindəyəm. Hələlik iş başındayıq. Qarşıdan Milli Mətbuat günü gəlir. Həmkarlarım kimi mən də həmin günə hazırlaşıram. Mətbuat günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bütün günümüz işdə keçir. Ona görə də, hələlik dəqiq qərar verməmişəm. Amma istirahət mənim üçün ailəmlə vaxt keçirmək deməkdir. Bir neçə gündən sonra ortancıl oğlum hərbi xidmətə yollanacaq. Yəqin ki, onu yola saldıqdan sonra məzuniyyət haqqında düşünə bilərəm. Azərbaycanın çox sayda görməli, gəzməli yerləri var. Təəssüflər olsun ki, vaxtım az olduğuna görə, bu yerlərin hamısını gəzib görmək imkanımız olmur. Çalışacağam ki, müxtəlif rayonlara səyahət edim”.

"APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı da məzuniyyətsiz işləyənlər sırasındadır: "Bu il demək olar ki, fasiləsiz işləyirəm. "APA Holding”də əmək məcəlləsinə uyğun olaraq əməkdaşlarımız hər il məzuniyyətlə təmin olunurlar. Hər kəs yayda dincəlmək, istirahət etmək, vaxtını xoş keçirmək istəyir. Amma iş rejimimiz bir qədər operativlik tələb edir. Ona görə də, əməkdaşlarımız növbə ilə məzuniyyətə çıxırlar. Amma hələlik özüm haqda bunu deyə bilməyəcəyəm. Çünki məzuniyyətə çıxmaq haqda düşünmürəm. Əslində buna vaxtım yoxdur. Çünki bu yaxınlarda APA TV fəaliyyətə başlayacaq. Hazırda var qüvvəmizlə hazırlıq işləri ilə məşğuluq. Ona görə də, bu yay məzuniyyətsiz işləməli olacağam. İstirahətə isə yalnız şənbə və bazar günləri vaxt ayırmağa çalışıram. Turizmin inkişaf etdiyi bölgələrimizə səyahət etməyi çox sevirəm. Xüsusilə Quba və Qəbələdə vaxt keçirmək, istirahət etmək çox xoşuma gəlir. Qəbələnin turizm infrastrukturu çox möhtəşəmdir. Həftə sonları çalışıram ki, ailəmlə bu bölgələrdə vaxt keçirim. Tərslikdən, bu il həftə sonları demək olar ki, hava şəraiti küləkli olur, dənizə gedə bilmirik. Hazırda bağda yaşayıram. Çalışıram ki, axşamlar dəniz havası qəbul edim. Yəqin ki, yayın sonuna qədər istirahətim bu formada olacaq”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlıqeyd etdi ki,istirahət kəlməsi ona yad gəlir: "İnternet mediasında çalışan jurnalistlərin məzuniyyət məsələsi bir qədər çətindir. Xüsusilə, əgər sən rəhbərsənsə, deməli, məsuliyyətin işçilərə nisbətən daha çoxdur. Əməkdaşlarımız məzuniyyətə getdikdə çalışıram ki, onların boşluğunu kompensasiya edə bilim. Çünki internet mediası operativlik tələb edir. Ona görə də, tətil müddətində harasa getmək niyyətində deyiləm. Çünki texniki olaraq buna imkanım yoxdur. Çalışıram ki, həftə sonlarını yaxşı dəyərləndirim. Düzdür, il ərzində çox yoruluruq. Hamı kimi bizim də məzuniyyətə ehtiyacımız var. Amma yəqin ki, hələlik məzuniyyət haqda düşünmək üçün bir qədər tezdir. Dincəlmək, istirahət etmək, əslində, mənə bir qədər yad kəlmələrdir. Mənə elə gəlir ki, biz işləyə-işləyə dincəlirik. Özümü yorğun hesab eləmirəm. Mənim üçün məzuniyyət və istirahət təbiət qoynunda təmiz hava qəbul etməkdir. Çalışıram ki, həftə sonları təmiz havada vaxt keçirim”.

"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli bildirdi ki, harada olmasından asılı olmayaraq, yay tətilini ailəsi ilə birgə keçirməyə üstünlük verir: "Çox vaxt müxtəlif bölgələrə səyahət edirik. Azərbaycanın bir çox rayonlarında gözəl şərait yaradılıb. Ümumiyyətlə, ailə ilə keçirilən vaxt insan üçün ən böyük istirahətdir, deyə düşünürəm. Turizm regionlarımız günü-gündən inkişaf edir. Həmçinin, Bakıda da müvafiq infrastruktur yaradılıb. Bu il də yay tətilimi ölkəmizdə keçirmək niyyətindəyəm. Planda xaricə səfər etmək yoxdur. Əvvəllər hər kəs məzuniyyətini xaricdə keçirməyə üstünlük verirdi. Çünki o zamanlar Azərbaycanda istirahət mərkəzlərinin sayı az idi. Amma indi buna ehtiyac yoxdur. Hər kəs ölkəmizdə istirahətini gözəl şəkildə təşkil edə bilər”.

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qonşu ölkələrdən birinə səyahət etməyi düşünür: "Ənənəvi olaraq bu il də yay tətilim Bakıda keçir. Hələlik gərgin iş rejimi ilə işləyirik. Ola bilsin ki, qısamüddətli də olsa işdən uzaqlaşaraq sanatoriyaya getdim. Çünki yaş ötdükcə orqanizmimiz öz sözünü deyir, müəyyən ağrılar başlayır. Yəqin ki, uzunmüddətli məzuniyyətə vaxt və imkan olmayacaq. Ona görə də, hələlik müəyyən araşdırmalar edirəm. Gedəcəyim yer haqqında konkret bir qərara gəlməmişəm. Yəqin ki, qonşu ölkələrdən birinə gedərəm. Ümumilikdə, məzuniyyətin bir hissəsini doğma kəndimizdə və sanatoriyada keçirəcəyimi düşünürəm”.

Şəbnəm

banner

Oxşar Xəbərlər