AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baş Prokurorluq: Tovuzda azyaşlı qızın qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir

Baş Prokurorluq: Tovuzda azyaşlı qızın qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir

Kriminal
08 İyul 2020, 19:58 488
Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun istintaq idarəsində istintaq davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son günlər bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilib.
Bununla bağlı Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişinə təsir kimi qiymətləndirilir.
Odur ki, qeyd edilənlərlə əlaqədar, "Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalı, gələcəkdə belə xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə buna cavabdeh olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılacaq.