AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baş nazirin müavini beynəlxalq təşkilatları qınadı

Baş nazirin müavini beynəlxalq təşkilatları qınadı

Siyasət
18 İyun 2013, 10:09 1142
“Azərbaycanda bir milyon insanın hüquqları 20 ildir ki, tapdalanır.

Qəribədir ki, BMT-nin İnsan Hüquqları Komissiyası və Avropa Şurasının İnsan Haqları Komissarlığının nümayəndələr bura gələndə irad tuturlar ki, guya biz bu insanların hüquqlarını pozuruq”.

APA-nın məlumatına görə, bunu Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Baş nazirin müavini qeyd edib ki, bu müstəvidə məsələyə çox maraqlı yanaşma var: “Uzun müddətdir Azərbaycanda olan bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə məşğulam. 20 faiz torpağımız Ermənistanın işğalı altındadır və dünyanın mötəbər qurumları da bu məsələdə qərarlar qəbul ediblər. Çox təəssüflər olsun ki, qəbul olunmuş qərarlar icra olunmur. O zaman hansı insan hüquqlarının qorunmasından söhbət gedə bilər? Həmin o insan hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar yaxşı olardı ki, özlərinin qəbul etdikləri qərarların icrası ilə məşğul olsunlar, sonra gəlib bizə insan hüquqlarından dərs keçsinlər və o zaman biz dərsləri qəbul edərik”.

Dünyada konfliktlərin sayının ildən-ilə artdığını deyən Ə.Həsənov bildirib ki, əgər 20 il bundan əvvəl dünyada 20 milyona yaxın qaçqın və məcburi köçkün vardısa, bu gün onların sayı 36 milyona çatıb: “Bu isə o deməkdir ki, dünyanın mötəbər qurumları göründüyü kimi konfliktlərin azaldılması ilə məşğul olmurlar”.

Baş nazirin müavini onu da deyib ki, Azərbaycan dövləti qoşulduğu konvensiyalara hörmətlə yanaşır, onları hörmətlə icra edir: “Amma təəssüf ki, bizdən fərqli olaraq onları icra etməyənlərə münasibət dəyişmir”.