Baş katib: “GUAM ölkələrinin vahid mövqedə olması əsas nailiyyətdir”
"2017-ci ildə GUAM təşkilatının əsas nailiyyətlərindən biri üzv ölkələrin mövqelərinin bir olmasıdır”.
BunuAPA-nın Gürcüstan bürosuna açıqlamasında GUAM-ın baş katibi Altay Əfəndiyev deyib.
O bildirib ki, GUAM-a üzv ölkələr bir neçə beynəlxalq qurumda vahid mövqe nümayiş etdirib: "BMT,ATƏT,Avropa İttifaqıkimi beynəlxalq təşkilatlarda ölkələrin mövqeləri bir olub. Bu, çox müsbət tendensiyadır və çox güman ki, növbəti illərdə də davam etdiriləcək”.
A. Əfəndiyev 2017-ci ili GUAM təşkilatı üçün ən vacib il kimi qiymətləndirib: "Bu il təşkilatın 20 illiyi tamam olub. Gürcüstanın GUAM-da sədrliyi təşkilatın fəaliyyətinə yeni təkan verib. Təşkilatın nəqliyyat dəhlizi və azad ticarət zonasının yaradılması ilə bağlı təşəbbüslərinin həyata keçirilməsi üzrə işlər görülüb”.
O qeyd edib ki, gələn il Moldovanın GUAM-a sədrliyi dövründə də bu təşəbbüslər üzrə işlər davam etdiriləcək.
Baş katib əlavə edib ki, gələn il GUAM beynəlxalq, regional və parlament təşkilatları ilə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.