• cümə, 29 Mart, 06:12
  • Baku Bakı 5°C

Baş kardioloq Faiq Quliyev: “Son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb”

24.10.16 11:31 7161
Baş kardioloq Faiq Quliyev: “Son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb”
Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq QuliyevinAPA-ya müsahibəsi
- Faiq həkim, bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün ürək-damar xəstəliklərinin digər xəstəliklərlə müqayisədə daha çox yayıldığı deyilir. Siz mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Son illər Azərbaycanda icbari dispanserizasiya keçirilməsi nəticəsində bir çox xəstəliklər, o cümlədən kardioloji xəstəliklər daha erkən aşkarlanır. Kardioloji xəstələrin erkən aşkarlanaraq müalicə olunması daha ekonomik olur. Bundan əlavə, bəzi ürək-damar xəstəlikləri proqressivləşib. Hələlik maksimal olaraq bu proqressivləşmənin sürətini azalda bilirik. Məsələn, hər hansı bir xəstəlik ağır formada 5 ilə üzə çıxacaqsa, onun 15-20 ildən sonra üzə çıxmasına qədər uzada bilərik.Kardiologiyaya tək müayinə və müalicə deyil, ürək-damar xəstəliklərinin profilaktikasıda daxildir. Bu sahədə əsas məsələ profilaktikanın aparılmasıdır. Əgər profilaktika düzgün aparılarsa, kardiologiyaya ayrılan vəsaitlərə 4 dəfə ekonomiya olunar.Profilaktik tədbirlərin aparılmasına baxmayaraq ötən il Avropa ölkələrində ürək-damar xəstəliklərindən ölüm 4 milyon olub. Bunun 45%-ni kişilər, 55-ni isə qadınlar təşkil edib. Biz hər zaman olduğu kimi ötən ildə də bu sayda qadınların üstünlük təşkil edəcəyini gözləyirdik. Azərbaycanda isə qadınlara nisbətən kişilər daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir.
- Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorlar üstünlük təşkil edir?
- Ürək-damar xəstəliklərində əsas risk faktoru arterial hipertenziyadır. Təzyiq qalxdıqda həmin an dərmanın qəbul edilməsi də düzgün deyil. Öncə xəstəliyin profilaktikası aparılmalı, əgər effektiv nəticə verməsə, müalicəyə keçilməlidir.İkinci böyük risk faktoru ripid mübadilənin, yəni maddələr mübadiləsinin pozulmasıdır. Bu da düzgün qidalanmamaqdan asılıdır. Bu sahədə də profilaktika düzgün aparılmalıdır. İnsanlar bilməlidir ki, nəyi qəbul etmək olar, nəyi yox. Bu xəstəliklərdə standart dieta yoxdur. Vaxtında dietaya başlamaq, ümumi çəkini, arterial təzyiqi nəzarətdə saxlamaq ürək-damar xəstəliklərinin azalmasına gətirib çıxarır. Əgər kifayət qədər profilaktika olmasa, ürək-damar xəstəlikləri indiki kimi birinci yerdə qalacaq.
- Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?
- Son tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin genetik dəyişiklərlə çox sıx əlaqəsi var. Xaricdə kardio-genetika sürətlə inkişaf edir. Biz bu sahədə geri qalmışıq. Bu tədqiqatlar, aparılan analizlər bahalıdır. Amma ölkədə inkişaf olarsa, xəstəliklərlə bağlı çox şeyi araşdırmaq olar. Bəzən şəkərli diabet xəstəsi müalicəyə o qədər də riayət etmir, amma nəticəsi yaxşı olur, digər xəstədə də isə əksinə olaraq hər bir qaydaya riayət etsə də, şəkərli diabet bəzi fəsadlar verir. Deməli, bu məsələdə genetik amillərin rolu yüksəkdir. Genetik dəyişiklər vaxtında aşkar olunarsa, insanlar düzgün rejimə əməl etmədikdə onda hansı problemlərin yaranacağını bilmək mümkün olar.5 il bundan öncə Azərbaycanda ürək xəstəliklərində ölüm halları əsasən işemiyadan olurdu. Kardiocərrahiyyə nisbətən az inkişaf etdiyinə görə Avropa ölkələrindən bu sahədə geri qalmışdıq. Amma bu gün kardiocərrahiyyə inkişaf edib, ölkədə süni ürək əməliyyatına kimi icra edilir.Müalicə üsulları heç də xaricdə olan üsullardan fərqli deyil. Azərbaycanda bəzi orqanların transplantasiyası aparılsa da, ürəklə bağlı bunu etmək mümkün deyil. Məsələn, Rusiyada əgər bir şəxs avtoqəza nəticəsində ölürsə, onun meyiti soyuducu kameraya qoyulur. Onun yaxını olmasa, oradan götürülməsə, bu şəxsin ürəyi transplantasiya üçün hazırlanır. Hələlik bizdə bu yoxdur. Ona görə də ölkəmizdə ürək transplantasiyası geridə qalıb. Bu məsələ Səhiyyə Nazirliyi tərəfindən deyil, daha yüksək səviyyədə qaldırılmalıdır. Azərbaycanda ürək qüsurlarının müalicəsi, protezlərin qoyulması, damarların dəyişilməsi, şuntlama kimi proseslər icra edilir.Bizdə ürək-damar xəstəliklərinin yayılması Fransa, Portuqaliya, İtaliya, Almaniya kimi ölkələrdən daha çoxdur. Bu da kardio-profilaktikadan asılıdır. Həmin ölkələrin dietaları, regionları fərqlidir.
- Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşması da müşahidə olunur. Bunun əsas səbəbləri nədir?
- Bu xəstəliyin cavanlaşmasının ən mühüm səbəbi piylənmə-metabolik sindromla bağlıdır. Bunun da qarşısını uşaq yaşlarından almaq lazımdır. Əgər uşaqlar dərsdən sonra dönər yeyirlərsə, qazlı şirəli içkilər içirlərsə, bu piylənməyə səbəb olacaq və nəticədə ürək-damar xəstəlikləri yaranacaq. Bəzi ölkələrdə məktəb, universitetlərdə qazlı, şirin içkilərin, şokoladın satışına icazə verilmir. Bu məsələ hökumət səviyyəsində Azərbaycanda da tətbiq olunsaydı çox yaxşı olardı. Çünki xəstəliyin qarşısını almaq üçün Azərbaycanda da belə işlərin görülməsinə ehtiyac var. Xəstəliklərin qarşısını almaq üçün bəzi yerlərdə sağlamlığa zərər verən məhsulların satışına qadağa qoyulmalıdır.Səhiyyə Nazirliyi xəstəxanalardakı yeməklərə nəzarət edir. Amma tibb müəssisələrindən kənarda qazlı, şirəli içkilərin, pirojkilərin satılmasının qarşısını ala bilməz. Bu məsələlər hökumət tərəfindən tənzimləməlidir. Şagirdlərlə müəyyən təbliğat aparılmalıdır və daha yüksək səviyyədə tənzimlənməlidir.Əvvəllər əhali daha çox göyərti yeyirdi, nəinki indi. İndi əgər sən göyərti yeyirsənsə, sənə kənddən gələn kimi baxırlar. Normal qidalanmada göyərti, tərəvəz məhsulları üstünlük təşkil etməlidir. Bunlar nəinki ürək-damar xəstəlikləri, eyni zamanda onkoloji xəstəliklərin riskini azalda bilər.Ümumi faizlə götürdükdə ürək-damar xəstəliklərinə yaşlı insanlarda daha çox rast gəlinir. Əgər əvvəllər bu xəstəliklərin vaxtında diaqnozu qoyulmurdusa, indi onları erkən diaqnostika ilə müəyyən etmək olur. Əvvəllər cavanların diaqnozu, ölüm səbəbləri məlum deyildisə, indi biz onları bilirik. Ölkə nə qədər çox inkişaf edirsə, orada bu xəstəliklər də daha çox artır. Kompüterlə işləmə, fiziki aktivliyin azalması, psixoloji gərginliyin artması bu xəstəliklərin artmasına səbəb olur. Ofis işi normal qidalanmanı da pozur. Bir zamanlar işdə 1 saatlıq yemək fasiləsi var idi. Bu gün həmin vaxt 10 dəqiqə davam edir və yemək ayaqüstü olur. İnsanlar zehni gücləndirmək üçün daha çox şirin şeylərdən istifadə edirlər.Hərəkətsiz həyat tərzi sağlamlığa ziyan edir. Tək bizim ölkədə yox, digər inkişaf etmiş ölkələrdə də ürək-damar xəstəlikləri daha çoxdur. Ölkə inkişaf etdikcə bu cür xəstəliklər də artacaq və onun qabağını almaq mümkün deyil. Zamanın tələblərinə əsasən ürək-damar xəstəlikləri hər il mütəmadi olaraq artır. Son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb. Bu xəstəliklərin qarşısını almaq üçün ancaq profilaktik və maarifləndirici tədbirlər lazımdır.
- Bir neçə il öncə mətbuata açıqlamanızda bildirmişdiniz ki, bu sahə üzrə əsas problem kadrların hazırlanması ilə bağlıdır. Bu gün mövcud vəziyyət necədir? Yeni açılan tibb müəssisələrində müasir avadanlıqlarla işləməyi bacaran ixtisaslı kadrlar varmı?
- Bu sahədə müəyyən problemlər var, lakin zaman-zaman həll olunur. Əvvəllər Azərbaycan Tibb Universitetini bitirən şəxs praktik cəhətdən bir o qədər hazırlıqlı olmurdu. Amma indi nazirlik tərəfindən məsələ standartlaşdırılıb və həkimlərin hazırlığı tələb olunur. Artıq həkimlər mütəxəssis olmaq üçün imtahan verərək rezidenturaya qəbul olunur, institutu bitirəndən sonra əlavə elmi-praktiki həkim kimi çalışırlar. Ondan sonra onlar mütəxəssis hesab olunur. Ötən il rezidenturanın ilk buraxılış olub və ildən-ilə burada oxumaq istəyənlərin sayı daha da artır. Rezidenturanı keçməyənlər gələcəkdə cərrah, kardioloq, sahə həkimi kimi işləyə bilməyəcək.
- Ürək-damar xəstəlikləri ilə bağlı uşaqlar arasında vəziyyət necədir?
- Diaqnostik imkanlar inkişaf etdiyinə görə uşaqlar arasında da bu xəstəliklərin sayı artıb. Ürək qüsurlarının yaranmasına müxtəlif faktorlar təsir edir. İqlim dəyişiklərinin də ürək-qan damar sistemi xəstəliklərinin artmasında rolu var. Bu, eyni zamanda ağciyər və digər orqanlara da təsir göstərir. İqlimin mənfi fəsadlarını bilirik, amma ona təsir etməyə heç bir imkan yoxdur. Yadımdadır, biz uşaq olanda, məktəbdə oxuyanda deyirdilər ki, sabah güclü qar yağacaq və dərs olmayacaq. Həmin vaxt qar dizdən yuxarı olurdu. İndi qar yoxdur və nəvələrimiz qar yağanda sevinir ki, heç olmasa əlimdə qar saxlaya bildim. Bütün bu və digər iqlim dəyişiklikləri xəstəliklərin yaranmasına və artmasına da təsir edir.
banner

Oxşar Xəbərlər