• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

Barselonada terror şoku

19.08.17 09:30 1020
Barselonada terror şoku
Son aylar Avropada avtomobildən istifadə etməklə törədilən terror aktlarının siyahısına daha biri əlavə edilib. Söhbət Barselonada yaşanan dəhşətli terror aktından gedir. Barselonanın Las Ramblas turist ərazisində mikroavtobusun insan kütləsinin üstünə sürülməsi nəticəsində ən azı 13 nəfər həlak olub. "Reuters” agentliyinin verdiyi xəbərə görə, İslam Dövləti (İŞİD) adlandırılan təşkilat İspaniyanın Barselona şəhərində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilata yaxın Amaq saytında deyilir ki, aktı törədənlər İslam Dövlətinin əsgərləridir və onlar koalisiya üzvü olan ölkəni hədəfləyiblər. Yerli "La Vanguardia” qəzetinin verdiyi xəbərə görə, terror şübhəlilərindən biri polislə atışmada öldürülüb.
Öz növbəsində, İspaniya baş naziri Mariano Rajoy baş vermiş hadisəni "cihadçı hücumu” adlandırıb. O, Barselonaya yollanarkən deyib ki, terrorçular azadlığı sevən insanların birliyini poza bilməyəcəklər: "Onlar qatildirlər, canidirlər, lakin bizi qorxuda bilməyəcəklər”. Baş nazir ölkədə üç günlük matəm elan edib. Dünən bir dəqiqəlik sükut mərasimi keçirilib. Driss Oubakir adlı şübhəlinin fotosu polis tərəfindən dərc edilib. Onun sənədlərindən mikroavtobusu kirayələmək üçün istifadə olunub. Las Ramblas hücumuna görə iki nəfər həbs olunub, avtomobilin sürücüsü isə hələlik tutulmayıb.
Ən maraqlısı isə odur ki, Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) iki ay əvvəl İspaniya tərəfini hücum planı barədə məlumatlandırıb və terrorun baş verdiyi Ramblas bölgəsi hədəf bölgələr arasında göstərilib. Bu iddia ilə nüfuzlu "İndependent” nəşri çıxış edib. Barselonada törədilmiş terror aktına reaksiya olaraq, ABŞ dövlət katibi Reks Tillerson deyib: "Bütün dünya boyunca terrorçular bilməlidirlər ki, Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz sizi tapmaq və ədalətin ayağına gətirmək əzmindədirlər”.
Fransa prezidenti Emmanuel Makron deyib ki, biz birlikdə və qətiyyətli olaraq qalırıq.
Rusiya preziednti Vladimir Putin isə bütün dünyanı terrorçu qüvvələrlə barışmaz mübarizəyə çağırıb. Ötən il ərzində avtomobillərdən istifadə edilməklə Avropa boyunca Nitsa, Berlin, London və Stokholmda terror hücumları törədilib. Bu hücumlar nəticəsində 100-dən artıq insan həlak olub.
Son məlumatlara görə, İspaniya polisi Barselona şəhərində baş verən terror aktının əsas şübhəlisinin Musa Ukabir olduğunu açıqlayıb. Mərakeş əsilli 18 yaşındakı Musa Ukabir şübhəli şəxs qismində saxlanılan Dris Ukabirin kiçik qardaşıdır.
Gözlənildiyi kimi, Barselonadakı terror Avropanın digər yerlərində də əks-səda doğurub. "Almaniyada Barselona hadisələri fonunda terror aktlarının təşkil olunması təhlükəsi olduqca yüksəkdir”. Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Yohannes Dimrot bildirib. "Təhlükə səviyyəsi yüksəkdir. Baş verən dəhşətli hadisələrdən əvvəl də yüksək idi və yüksək səviyyədə qalacaq”, - Dimrot brifinqdə deyib. "Kataloniyadakı hadisələr sivilizasiyaların toqquşmasıdır”. Bunu isə jurnalistlərə açıqlamasında Polşa Daxili İşlər naziri Mariuş Blaşak söyləyib. "Avropa üçün yeganə çıxış yolu qapılarını bağlamaqdır. Bizdə - Polşada islamçı terrorçular üçün baza olan müsəlman icması yoxdur. Biz hər şeyi edirik ki, ölkə təhlükəsizlikdə olsun və buna görə də miqrasiya haqqında razılaşmanı qəbul etmirik”, - Blaşak bildirib.
Dünən, günün sonunda verilən ən son məlumata görə, Kataloniya polisi Barselona və Kambrils şəhərlərində törədilmiş terror aktları ilə əlaqədar 4-cü şübhəli şəxsi saxlayıb. Bu barədə "Reuters” agentliyi xəbər verib. Kataloniyanın təcili yardım xidmətinin "Twitter” səhifəsində isə terror aktları ilə əlaqədar həlak olanların sayının 14-ə çatdığı barədə məlumat yerləşdirilib. Məlumata görə, Kambrils şəhərindəki hücum zamanı güllə yarası alan qadın xəstəxanada keçinib. Kataloniya hökumətinin səhiyyə üzrə müşaviri Antoni Komin "Catalunya Ràdio”ya verdiyi müsahibədə Barselonadakı terror hücumları nəticəsində yaralananların sayının 130-a çatdığını bildirib. Onun sözlərinə görə, xəsarət alanların16 nəfərinin vəziyyəti ağırdır.
Kamran
banner

Oxşar Xəbərlər