• cümə, 29 Mart, 11:39
  • Baku Bakı 5°C

Bağrımızın Qarabağı

05.05.17 13:00 1947
Bağrımızın Qarabağı
Bəlkə də bütün fəsli şəhərdə başa vurmaq olar. Elə ki, yaz gəlir, dünyanı bir zümrüd rəng bürüyür, adamın könlü havalanır. Uşaqlığın keçən yerlər səni maqnit kimi özünə çəkir. Amma arzuların da, əl-qolun da bağlanır. Keçmiş illərdə olduğu kimi səfərə çıxa bilmirsən. Bənd-bərəsi kəsilmiş yolların sərt, minalanmış, barıt qoxulu, mərmi səsli qorxunc sifəti qarşını kəsir. İstəsən lap okeanın o tayına, dünyanın ən uzaq guşəsinə üz tuta bilərsən. Amma doğulduğun, böyüyüb boya-başa çatdığın, havasını udduğun, çörəyini yediyin, suyunu içdiyin, hər izinə, dərəsinə bələd olduğun doğma yurduna qədəm qoya bilməzsən. Çox ağırdır...
İnsan dünyaya gəldiyi gündən ömrünün sonuna kimi sevinc qarışıq bir həyat sürür. Özünü həm xoşbəxt, həm də bədbəxt sandığı anlar yaşayır. Ömrü boyu bir sıra itkilərə məruz qalır. Bu fani dünyada heç nəyin əbədi olmadığını dərk edir. Neçə əzizini, qohum-əqrəbasını, dostunu, tanışını, valideynlərini itirir. Həyatın bu əbədi hökmü qarşısında çarəsiz insanın əlindən heç nə gəlmir. Dünya yaranışdan belədir. Olumla ölüm, ağla qara, toyla vay, işıqla qaranlıq... qoşa doğulur. Cahanın bir tərəfində günəş doğur, o biri başında zülmət gecədir. İnsanın alışmadığı, öyrəşmədiyi, gözləmədiyi, dözmədiyi ən ağır dərd Vətən itkisidir. Biz heç vaxt bu yoxluğa tab gətirə bilmirik. Nə qədər xoşbəxt yaşasaq, müxtəlif uğurlar qazansaq, lap şöhrət zirvəsinə yüksəlsək də, vətənsizlik əzabının önündə gücümüz, dözümümüz itir. Bir həzin mehə bəndik ki, könlümüzdə kükrəyib daşmağa hazır hisslərimiz göz yaşlarına çevrilib yanaqlarımızdan süzülsün. Bir kəlam var: "Ağlamaq əzab deyil, göz yaşını silən olsa...” Məsələ ondadır ki, Vətən dərdi sağalmazdır. Min saraya qonaq aparalar, yenə də öz kasıb koman hər yerdən rahat və şirindir.
Hərdən fikirləşirəm ki, baş verənlər yuxu kimi tərsinə yozula. Bir səhər maşına əyləşib üzü Qarabağa yol gedəsən. Ağdamdan, Əsgərandan, Şuşa qalasının ətəyindən, Zabux kəndindən, Həkəri çayının üstündən, Laçın qayalarının arasından, zümrüd donlu Gorusun dolamalarından keçərək daşları xınalı Qızılcıq kəndinə yetəsən. Qarakilsəyə (Sisian) yenəsən, ürəyin döyünə-döyünə, tələsik doğmaca kəndin Uruda çatasan. Bu kəlmələri yazanda ürəyim titrədi, gözlərimi yumdum. Ayaqyalın düz evimizə doğru qaçaram. O daşları, qayalıqları əllərimlə oxşaram. Təkcə çiçəyini, gülünü deyil, kolunu, tikanını öpərəm. Məmməd Araz deyirdi ki, Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Mən isə sənin yollarının tozu olaydim, Vətən! Tozlu yolda gediş-gəliş çox olar. Tozlu yolda dönüş bitər, qayıdış cücərər. Hərdən təsəlli verirlər ki, biz getsək də, getməsək də, o kənd bizim kəndimizdir. Ürəyimin başı göynəyir bu kəlmələrin ağır ləngərindən, təsirindən, Ömür əbədi deyil axı. Yan-yörəmdəki neçə əzizim, doğmam bu nisgillə dünyasını dəyişdi. İnsan olmadığı yeri yuxusunda belə görmür. Gecələr yuxumda lövbər salan doğma yerlər, görəsən, siz nə vaxtsa mənim övladlarımın da röyasına girərsinizmi? Güman etmirəm. Onlar məni nə qədər çox sevsələr də, göz yaşlarıma şərik çıxsalar da, Vətən uğrunda döyüşlərə mərd-mərdanə, ayıq-sayıq hazır dayansalar da, olmadıqları yer yuxularına necə girə bilər?
Yayın cızdağı çıxaracaq istisi qarşıdan gəlməkdədir. Bəlkə də məni qınayanlar tapılar, bu nə ahu-zardır? Dünyada o qədər görməli, dincəlməli, səfalı yerlər var ki... Məmləkətlər dolaşmışam. Təbiət möcüzələri, insan əlinin yaratdığı gözəlliklər qarşısında heyrət etmişəm. Amma bir etirafımı bildirim ki, heç Niaqara şəlaləsi də mənə kəndimizdəki o kiçik Soltan bulağı qədər zövq verməyib. İnsan öz doğma ocağını sevməsə, arzulamasa, bəşəri incilər qarşısında keçirdiyi həyacanlar, məftunluqlar, aludəçiliklər bir heçdir. Çünki doğmalıq bambaşqa aləmdir. Dağlar var dağlarıma oxşayır, yol görürəm, min xatirə yada düşür. Amma bunların heç biri mənə Vətəni əvəz edə bilməz!
Uşaqlığım keçən yerlər
Məmməd Araz necə deyərdi: Çadırdaş ətəyi, Nursu bulağı... Oxşarlıq tapıram: Babək qalası, Bazar çay, İsti su, Qazbağı, Pürül, kəhriz başı... Vaxtilə Zəngəzur mahalı Gəncə quberniyasının tərkibində olan qədim yurd yerimiz idi. Əzəldən bu torpaqda türklər yaşamışdır. Yer, yurd, çay, bulaq, qaya, dağ, bağ adları, müxtəlif toponimlər hamısı türkcədir. Eramızdan əvvəlki qədim qəbiristanlıqlar da əcdadlarımızın uyuduğu müqəddəs ünvan idi. Sinədaşlarının hər birində xəttat babalarımızın nişanələri yaşayırdı. Babək igidlərinin at oynatdığı yerdə onun adı ilə bağlı qalalar, oylaqlar indiyə kimi qalmaqdadır. 1920-ci ildə parçalanan Zəngəzurun bir hissəsi Azərbaycanda qaldı, digər hissəsi isə qondarma Ermənistan dövlətinə (1919-cu ilə kimi ermənilərin dövləti olmayıb. Onları bu səadətə bolşeviklər çatdırdı - F.X.) verildi. Amma bir müddət Qarakilsədə yaşayan azərbaycanlılar qışda öz mal-heyvanlarını Qarabağa qışlağa aparardılar. Yayda da Qarabağdan yaylağa gələrdilər. Böyük qardaşım bir dəfə anamla Qarabağa gedibmiş. Bunu həmişə iftixarla danışar, sinif yoldaşlarına nəyisə onlardan yaxşı bildiyini sübut etmək üçün birinci cümləsi belə olardı: "o il Qarabağa gedəndə”. Bu sözləri o qədər çox və hər kəlməbaşı işlətmişdi ki, daha onu öz adı ilə deyil, "o il Qarabağa gedəndə” çağırırdılar. Bu kəlmələrin ahəngindəki qəribə bir doğmalıq, istilik hamımızın qəlbinə dolmuşdu. Kənddən heç hara çıxmamışdım. Hərdən bir rayon mərkəzinə gedərdik. Orada da ermənilər çox olduğundan, bircə azərbaycanlılar öz aralarında doğma dildə danışırdılar. Küçədə, bazarda, mağazada, xəstəxanada, müxtəlif idarələrdə, avtobusda, bir sözlə, hər yerdə qarğa avazına bənzəyən erməni dilinin xoş olmayan qarıltısı ruhumu əzirdi. Balaca olduğumdan çox şeydən xəbərim yox idi. Ağlıma gətirə bilmirdim ki, dünyanın harasındasa böyük toplumda ana dilimizdə danışanlar var. Ona görə də kəndimizdən kənara çıxmağı heç sevmirdim. Bu müqəddəs pak guşədə hamı öz dilimizdə danışırdı.
Günlərin birində əmim oğlunun toyu oldu. Gəlini Ağcabədidən gətirməli idik. Gəlingətirdiyə məni də apardılar. Elə ki Ermənistan sərhəddindən çıxdıq, Laçın qayalıqları diqqətimi çəkdi. Hələ indiyə kimi bu hissi özümdən uzaqlaşdıra bilməmişəm. Laçın özü boyda bir qartal idi, dağların sinəsinə qonmuşdu. Dünyanın heç yerində belə qəribə coğrafi mövqeyə malik diyar yoxdur. Sonralar da həmişə Laçın şəhərinə çox təəccüblə baxardım. Fikirləşərdim ki, şəhər dağın sinəsində necə qərar tutub? Burada ev tikməyi necə bacarıblar? Düzü-düzəngahı qoyub, insanlar dağın bağrını niyə yarıblar? Gözəllik, torpaq və yaşamaq naminə savaşa çıxan laçınlıların dağ vüqarını, Fərhad biləyini sonralar üç-beş dığa necə sındıra bildi? Kim bilir, bu dilbər guşələr uğrunda ömrünü qurban vermiş Sultan bəylərin goru neçə yerdən çatlayıb.
Zarıslını geçəndən sonra qalalar qalası Şuşanın yaxasında dayanıb seyr etdiyimiz ətraf kəndlər, Xankəndi (Stepanakert adlandırırdılar) şəhəri yaşıllığın ortasında cilvələnən bir gözəllik idi. Hələ Qırxqız yaylağı, dərin marağıma səbəb olan su kəmərinin uzunluğu (Onu da XIX əsrdə Xan qızı Natəvan inşa etdirib) indi də gözlərimdən çəkilmir.
Nəhayət, Ağdam şəhəri. Bazar günü olduğundan radioda səslənən muğamat konsertinin vaxtına düşmüşdük. Şəhərin hər yerindən muğamat eşidilirdi. Dincəlmək üçün 5-10 dəqiqəliyə dayanmışdıq. Əmimgil deyirdilər ki, sovet hökümətinin Ağdamdan xəbəri yoxdur. Çünki bu şəhərdə yaşayanlar daha sərbəst, azad və həm də imkanlı idilər. Ağdamdakı yaşayış evləri, hasarları örtmüş qızılgül kolları, sarmaşıqlar, darvazalı həyətlər o qədər gözəl idi ki... Və mən ilk dəfə əhalisinin hamısı azərbaycanlılardan ibarət olan böyük bir şəhər görürdüm. Öz təndirimizdə bişən çörəkdən başqa Qarakilsədə dilinə tikə vurmayan, su belə içməyən anam Ağdamda dükandan alınmış çörək yeyirdi, yeməkxanada çay içirdi, harada gəldi əyləşirdi. Nə salavat çəkirdi, nə də sifətini turşudurdu. Ağdamın hər qarışı anam üçün saf, təmiz bir dünya idi.
Ağcabədi də bir özgə büsatla bizi qarşıladı. Mən ilk dəfə yer üstündə təndir gördüm. Hələ bağ-bostan məni elə heyrətləndirdi ki... Biz tərəflərdə iqlim şəraiti sərt olduğundan, bostanda ancaq xiyar-pomidor əkərdik. Qarpız-yemiş bostanı, badımcan bitkisi mənə elə qəribə gəldi ki... Bizim həyətdə də üzüm tənəkləri var idi. Ancaq yarpağından istifadə edərdik, bəhrəsi olmazdı. Anam qışda onu xüsusi sellofona bükərdi ki, şaxta vurmasın. Boy-buxunu da elə hündür olmazdı. Amma Qarabağda üzüm çardaqları məni məftun etmışdi. Büllur salxımların parıltısı çılçırağı xatırladırdı.
Səslərini radioda eşitdiyim xanəndələri toy məclisində görəndə özümə gələ bilmədim. Gör kimlərlə üzbəüz dayanmışam? Xan Şuşinski, Əbülfət Əliyev... Bəlkə min dəfə gözlərimi yumub-açırdım. Bu, yuxudur, yoxsa gerçəklik?
O vədə gəldi ki, orta məktəbi bitirib arzularımızın ünvan tapdığı Bakımıza - ali məktəbdə oxumağa üz tutdum. İldə iki dəfə - qış və yay tətillərində gözəlim Qarabağdan keçərək Zəngəzura gedərdim. Qarabağın demək olar ki, bütün guşələrində olmuşdum. Şuşada, Ağdamda, Bərdədə, Tərtərdə qohumlarımız, yaxın tanışlarımız, tələbə yoldaşlarım yaşayırdı. Yayda onları da götürüb kəndimizə aparardım. Qış tətilində çox vaxt Ağdama, Bərdəyə gedərdim. İlboyu Şuşadan, Ağdamdan bizə sovqat göndərərdilər. Bizim yerlərdə olmayan nemətlər həmişə Qarabağdan gələrdi. Qarabağ mənim Vətənə gedən yolum idi...
Azərbaycan ədəbiyyatında bir bayatısı ilə əbədiləşən Ağabəyim ağanın misraları yurd həsrəti ilə qovrulan insanların könül harayıdır:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
İndi bütün dərdlərimiz bir simin üstündə köklənib. Hansı səmtə, hansı tərəfə boylansaq da, bir yolumuz var - Qarabağa getmək! Bu, adi bir səfər, adi bir görüş deyil. İllərdir qəlbimizdə yığılıb qalmış həsrətin, nisgilin bağrını sökmək üçün dikəlməyimizdir. Milli varlığımızın əzəmətini nümayiş etdirməyimizdir. Yüz il belə davam edə, Qarabağ Azərbaycan torpağıdır. "Biz getsək də, getməsək də, o yol bizim yolumuzdur” deyənlərə söyləmək istərdim ki, daha getmək gərəkdir. Ən uzun sürən ayrılığın da bir sonu, olumun da ölüm adlı ünvanı var. Cocuq Mərcanliya aparan yolların Şuşaya açılmasına az qalıb. İgidlərimiz tərəfindən külli Qarabağın erməni murdarlarından bir yolluq təmizlənməsi isə doğulduğum yurda dönüşün başlanmasıdır. O mübarək günün həsrətilə bu gün hər birimizin könlündən məhz Şuşa keçir...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər