AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Banklar qiymətləndirmədən də qazanırlar

Banklar qiymətləndirmədən də qazanırlar

İqtisadiyyat
13 Mart 2013, 10:04 1540
“Azərbaycanda kredit götürərkən girov qoyulan əmlak düzgün qiymətləndirilmir. Qanunla sahibkar, vətəndaş qiymətləndiricini seçməkdə müstəqil olsa da, banklar buna imkan vermir”. Bu sözləri millət vəkili, qiymətləndirmə üzrə mütəxəssis Xanhüseyn Kazımlı bildirdi. Onun sözlərinə görə, sahibkar krediti verə bilməyəndə bank gedib əlini əmlakın üzərinə qoyur, nəticədə sahibkar zərər çəkir, əmlakını bazar qiymətindən aşağı satmaq məcburiyyətində qalır.

Banklar şirkətləri inhisara alıb

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov əmlakın qiymətləndirilməsi ilə bağlı iki mühüm problemin müşahidə edildiyini dedi: “Onlardan biri əmlakın dəyərindən aşağı qiymətləndirilməsidir, digəri isə əmlakın qiymətinə uyğun olaraq verilən kreditin aşağı olmasıdır. Məsələn, bazar qiyməti 100 min manat olan əmlak adətən qiymətləndirici şirkət tərəfindən daha aşağı, ən yaxşı halda 80 faizi həcmində qiymətləndirilir. Yəni 100 min manata olan əmlak 80 min manat həcmində dəyərləndirilir. Banklar 80 min manat dəyərində qiymətləndirilən əmlakın adətən 65-70 faizi həcmində kreditlər təklif edir. Bu isə o deməkdir ki, 100 min manatlıq əmlakı girov qoyan vətəndaş kommersiya bankından 52 min manatlıq kredit götürə bilir. Bu da praktiki olaraq girov məbləğinin 50 faizi həcmində kreditin götürülməsi deməkdir. Kommersiya bankının əmlakı aşağı dəyərləndirməsində maraqlı olmasının səbəblərindən biri ondan ibarətdir ki, kredit götürmək istəyən sahibkara, yaxud vətəndaşa aşağı məbləğdə kredit verilsin”.

V.Bayramovun sözlərinə görə, kommersiya banklarının özlərinin əməkdaşlıq etdiyi qiymətləndirici şirkətlər var: “Bildiyimiz kimi, əmlakı kommersiya bankları deyil, qiymətləndirici təşkilatlar aparır. Təəssüflər olsun ki, həmin qiymətləndirici təşkilatların böyük qismi kommersiya banklarına yaxın, eyni zamanda, kommersiya banklarının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq qiymətləndirməni aparan şirkətlərdir. Bankların müəyyən qrup şirkətlərlə əməkdaşlıq etməsi digər qiymətləndirici şirkətlərə qarşı diskriminasiyanın aparılması anlamına gəlir. Bu o deməkdir ki, kommersiya bankı özünə yaxın qiymətləndirici şirkət yarada və müştəridən tələb edə bilər ki, həmin qiymətləndirici şirkətin xidmətindən istifadə etsin. Həmin qiymətləndirməyə görə ödənişlər kommersiya bankına yaxın qiymətləndirici şirkətə ödənilir. Deməli, banklar ikitərəfli qazanırlar”.

Avropa ölkələri ilə fərqimiz

İqtisadçı bildirdi ki, praktik olaraq kommersiya banklarının özlərinin qiymətləndirici şirkətləri təyin etməsi, bu sahədə bankların monopoliya yaratması deməkdir: “Digər problem ondan ibarətdir ki, bu, digər qiymətləndirici şirkətlərin qiymətləndirmə aparmaq hüquqlarını pozur. Digər tərəfdən isə kredit götürən vətəndaşa müstəqil şəkildə qiymətləndirici şirkətlər seçmək hüququndan istifadə etməsinə imkan vermir. Ümumiləşdirdikdə isə, bu, kommersiya bankları tərəfindən qiymətləndirmə prosesinin inhisara alınması, digər qiymətləndirici şirkətlərin hüquqlarının pozulması, eyni zamanda, vətəndaşlara sərbəst seçim verilməməsi deməkdir. Bütün bunlar da qanunvericiliyin pozulması anlamına gəlir”.

V.Bayramovun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda tətbiq edilən qiymətləndirmə mexanizmi beynəlxalq standartlara uyğun deyil: “Dünyanın heç bir inkişaf etmiş ölkəsində görməzsiniz ki, qiymətləndirici şirkəti seçmək imkanı vətəndaşın əlindən alınsın, yaxud qiymətləndirici şirkətlər əmlaklı bazar qiymətindən aşağı dəyərləndirsin”.

İqtisadçı Avropa Birliyi ölkələrində kommersiya banklarının girovun məbləğinə uyğun olaraq təklif etdiyi kredit faizinin 85-90 intervalında dəyişdiyini dedi: “Əgər Azərbaycanda əmlakın real qiyməti ilə müqayisədə onun yarısı qədər, təxminən 50 faizi həcmində kredit təklif olunursa, Avropa ölkələrində bu, 85-90 faiz həcmində dəyişir. Azərbaycanda əmlakı daha aşağı dəyərlə qiymətləndirməkdə məqsədlərdən biri də odur ki, gələcəkdə əmlak sahibi krediti qaytara bilmədiyi halda kommersiya bankları asanlıqla öz pullarını götürə bilsinlər. Kommersiya bankları girovların aşağı qiymətləndirilməsində ona görə maraqlıdır ki, bu, risk amilini aşağı salır. Girov məhkəmə qərarından sonra aşağı qiymətə daha asanlıqla satılır. Nəticədə girovun aşağı dəyərləndirilməsi ilə kommersiya banklarının riskləri azalsa da, itirən əmlak sahibi olur”.

100 min manatlıq əmlaka 50 min manatlıq kredit?

V.Bayramov hesab edir ki, bu mexanizmin tənzimlənməsinə ehtiyac var: “Vətəndaşlara qiymətləndirici şirkət seçmək hüququ verilməlidir. Əgər qiymətləndirici şirkətin fəaliyyət göstərməsi üçün lisenziyası varsa, həmin şirkətin qiymətləndirməsi bütün banklar tərəfindən qəbul edilməlidir. Bundan başqa, bizdə də inkişaf etmiş ölkələrdə olduğu kimi, kommersiya bankları əmlakın dəyərinə uyğun olaraq kreditlər verməlidir. Verilən kreditin məbləği əmlakın 85 faizindən aşağı olmamalıdır. Əgər əmlakın qiyməti 100 min manatdırsa, həmin şəxs ən azı 85 min manat kredit götürməlidir. Amma Azərbaycanda 100 min manatlıq əmlakı girov qoyaraq 50 min manat və daha az məbləğdə kredit götürülür. Eyni zamanda, qanunvericilikdə əmlakın bazar qiymətinə uyğun olaraq verilən kredit paylarının minimum məbləğini özündə ehtiva etməlidir. Azərbaycanda mexanizm olmadığı üçün bütün bunlar əmlak sahiblərinin hüququnun pozulmasına gətirib çıxarır”.

“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da bankların müştərini özlərinə yaxın qiymətləndirmə şirkətinə göndərmələrinin düzgün olmadığını dedi. Bildirdi ki, bu, əmlak sahiblərinin hüquqlarının pozulması deməkdir: “Qanunla əmlak sahiblərinin istədikləri qiymətləndiricini seçmək hüququ olsa da, faktiki olaraq onlar bu hüquqlarından istifadə edə bilmirlər”.

Lalə