• şənbə, 20 Aprel, 17:51
  • Baku Bakı 23°C

Banklar problemli kreditlər üzrə müqavilələrə yenidən baxacaqmı?

28.01.14 09:13 1826
Banklar problemli kreditlər üzrə müqavilələrə yenidən baxacaqmı?
Mərkəzi Bankın kredit şərtlərini sərtləşdirməsi bir neçə gündür ki, gündəmdəki aktual mövzulardan biridir. Problemli kreditlərin həcminin artmasının qarşısını almağa yönələn bu qərar birmənalı qarşılanmır. Bunun və həmçinin avtokreditlərin dayanmasının banklara, müştərilərə ziyanlı olacağını iddia edənlər də var, mövcud duruma müsbət təsir edəcəyini deyənlər də.
Məsələ burasındadır ki, qaytarılmayan kreditlərin bir milyard dollara çatması ciddi problemlər yaratdığından qaydalar sərtləşdirilib. Qeyd edək ki, MB-nin göstərişinə əsasən, banklara arayışsız kreditlər vermək qadağan edilib. Bu durumda bankların müxtəlif tədbirlərə əl atması, problemli müştərilərə güzəşt etməsi labüd hesab edilir.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli vaxtı keçmiş kreditlərin qaytarılması problemlərinə toxunaraq bankların əl ata biləcəkləri güzəşt tədbirlərindən danışıb. Moderator.az-a açıqlamasında Ə.Məsimli bildirib ki, vaxtı keçmiş kreditlər məsələsi MDB məkanına aid ölkələrdə aktual müzakirə obyektinə çevrilmiş sosial-iqtisadi məsələlərdəndir. Bu məsələ xüsusən də Rusiya, Ukrayna və Qazaxıstanda daha aktual problem kimi intensiv müzakirə olunur. Belə ki, Rusiya Mərkəzi Bankının məlumatlarına görə, bu ölkədə vaxtı keçmiş kreditlər 2010-cu ildə 19 faiz, 2011-ci ildə 6 faiz, 2012-ci ildə 13 faiz, 2013-cü ilin 11 ayı ərzində isə 39 faiz artıb, 313 milyard rubldan (9,5 milyard dollar) 440 milyard rubla (13,5 milyard dollar) çatıb. Bununla belə, illər üzrə təhlil aparanda, Rusiyanın rəsmi statistikasına görə, vaxtı keçmiş kreditlər 2010-cu ildəki 7,5 faizdən 2013-cü ilin sonlarında 4,4 faizə enib. Eyni zamanda, Rusiya ekspertlərinin alternativ qiymətləndirmələrinə görə, həmin ölkədə vaxtı keçmiş kreditlərin real səviyyəsi rəsmi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.
Rəsmi məlumatlara görə, Ukraynada 2013-cü ilin 9 ayında vaxtı keçmiş kreditlərin xüsusi çəkisi bir qədər azalsa da, yenə 78 milyard qrivneyə (18, 5 milyard dollar) çatmaqdadır və ya 9 faizin altındadır. Eyni problem Qazaxıstanda da mövcuddur. Rəsmi məlumatlara görə, 2013-cü ilin 9 ayında Qazaxıstan banklarının verdikləri 12,7 trilyon tenqe (82 milyard dollar) ümumi bank kreditinin 4,3 trilyon tenqesi (28 milyard dollara yaxın) vaxtı keçmiş kreditlər olub, onun xüsusi çəkisi artan xətlə gedərək 34 faizə çatıb.
Ə.Məsimli bildirib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin nəzərə çarpan artımı 2009-cu ildən başlayıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 2008-ci ildə cəmi 2,2 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 493 milyon manat və ya 5,4 faiz, 2011-ci ildə 634 milyon manat və ya 6,4 faiz, 2012-ci ildə 749 milyon manat və ya 6,1 faiz, 2013-cü ilin 11 ayının göstəricilərinə görə isə 795 milyon manat (təqribən 1 milyard dollar) və ya 5,2 faiz təşkil edib: “Adətən vaxtı keçmiş kreditlər ümumi kreditin 10 faizini keçdikdə təhlükəli hədd hesab olunur. Beynəlxalq maliyyə bazarındakı hazırkı qeyri-sabitlik şəraitində vaxtı keçmiş kreditlərin real səviyyəsi 10-15 faiz olmaqla ölkənin bank sisteminin dayanıqlığını qoruyub saxlamaq olar.
Bununla belə, vaxtı keçmiş kreditlərin real səviyyəsinin uçotunun spesifikliyi ilə əlaqədar olaraq, həmin kateqoriyaya aid bütün kreditlər yox, onun yalnız bir hissəsi düşdüyündən, eləcə də müəyyən zaman kəsiklərində vaxtı keçmiş kreditlər ətrafındakı müzakirələrin intensivləşib panika yaradan səviyyəyə çatması faktlarından çıxış edərək belə qənaətə gəlmək olar ki, MDB məkanına aid ölkələrdə vaxtı keçmiş kreditlərlə bağlı rəsmi rəqəmlər bir qayda olaraq kiçildilir və onun real səviyyəsi rəsmi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.
MDB məkanına aid ölkələrin əksəriyyətində vaxtı keçmiş kreditlər problemini daha çox inzibatı üsullarla, qadağalarla və bu qəbildən olan vasitələrlə həll etmək istəyirlər. Aldığı krediti vaxtında ödəməyən şəxs gələcəkdə kredit almaq imkanından məhrum olur. Vətəndaşlar böyük həcmdə kreditləri ödəmədiyi təqdirdə, bank məhkəmə qaydasında ondan girovda olan avtomobil, torpaq, mənzil və sair mülkiyyətini alır. Ancaq bu, problemin həllinin ən yaxşı halda yalnız bir tərəfi ola bilər. Eyni zamanda, həm də ciddi sosial problemlər də doğura bilər. Ona görə də müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər etmək olar ki, əgər bankdan kredit götürən şəxsin borcu vaxtında ödəməməsi üçün obyektiv səbəblər varsa, belə hallarda bank müqavilənin şərtlərinə yenidən baxa bilər. Məsələn, ödəmə qaydalarında möhlət vermək və ya borclunun bir müddət yalnız faizləri ödəməklə kifayətlənməsi kimi variantlardan istifadə etmək hər iki tərəf üçün sərfəli olar”.
Ə.Məsimlinin bu təklifinə Mərkəzi Bankdan və ölkədə fəaliyyət göstərən kommersiya banklarından münasibət öyrəndik. “Bank Respublika”nın marketinq departamentindən bildirildi ki, sözügedən təkliflərlə tanış deyillər və hazırda bankda belə bir məsələ müzakirə olunmur: “Ona görə şərh verə bilmərik. Ümumi problemli kreditlər məsələsinə gəldikdə isə, risk siyasəti bankın saytında yerləşdirilib, oradan sizi maraqlandıran suallara cavab tapa bilərsiz”. Qeyd edək ki, bankın saytında “Risklərin idarə edilməsi” bölümündə 2009-cu ildə bu istiqamətdə görülən işlərlə bağlı məlumat yerləşdirilib. Həmin məlumatın “Kredit riskləri” hissəsində qeyd edilir ki, bankın aktivlərinin mühüm hissəsini kredit portfeli təşkil etdiyi üçün bu risklər bankın fəaliyyətində ən yüksək çəkiyə malikdir: “Kredit risklərinin minimuma endirilməsi üçün bu prosesdə bankın müxtəlif struktur bölmələrinin (filiallar (satış kanalları), Kredit Departamenti, Hüquq Departamenti və Risklərin İdarəedilməsi Departamenti) birgə fəaliyyəti təmin edilib. Bu sahədə risklərin idarə edilməsi baxımından iş kreditin verilməsindən əvvəlki (kontragent risklərinin analizi) və sonrakı (kredit portfelinə nəzarət) təhlil əsasında iki mərhələdə qurulub.
Bundan əlavə, bank kredit portfelinin düzgün diversifikasiyasını aparmaq üçün limitlər sistemindən istifadə edir və kredit risklərinin idarə edilməsi işini daima təkmilləşdirir”.
Suallarımızı digər bir neçə kommersiya bankına və Mərkəzi Banka da ünvanladıq. Lakin gün ərzində cavablar hazır olmadığından dərc edə bilmədik. Gələn saylarımızda onların mövqeyini də təqdim etməyə çalışacağıq.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər