• cümə axşamı, 28 mart, 18:05
  • Baku Bakı 13°C

Bank sektoru nə vaxt stabilləşəcək?

03.03.17 11:30 1796
Bank sektoru nə vaxt stabilləşəcək?
Ölkə iqtisadiyyatının hərtərəfli və dinamik inkişafında bank sektorunun rolu önəmlidir. Lakin son vaxtlar baş verən qlobal proseslərdən dolayı ölkə bankları da problemlərdən yan qaça bilmədilər. Amma bu sahədə olan problemlərin həlli istiqamətində işlər görülməkdədir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bank sektorunun sağlamlaşdırılmasının Palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Bildirib ki, aparılmış tədbirlər nəticəsində bank sektorunda stabilləşmə meylləri müşahidə olunur.
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi"Fins.az"a açıqlamasında bildirib ki, bank sektoru nə qədər tez stabilləşsə, ümumilikdə ölkə iqtisadiyyatında vəziyyət bir o qədər tez normallaşar: "İnanıram ki, hökumət, xüsusilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasından sonra yenidən strukturlaşdırma prosesinə ciddi yanaşır. Azərbaycan bank sektorundakı bir qədər mürəkkəb vəziyyətə baxmayaraq, hökumət bankların yenidən strukturlaşdırılması prosesində müəyyən nailiyyətlər əldə edib”.
Rüfət Aslanlı stabilləşmə meyllərinin müşahidə olunduğunu bildirib. Bəs bank sektoru nə vaxt tam stabilləşəcək?
"Bank sisteminin sağlamlaşdırılması üçün addımlar atılır”
Millət vəkili Vahid Əhmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, bank sisteminin sağlamlaşdırılması üçün ölkəmizdə müəyyən işlər görülməkdədir: "Bu istiqamətdə proses ölkəmizdə gedir. Hətta prosesə tab gətirməyən bir sıra banklar maliyyə bazarından çıxdılar. Hazırda 32 bank fəaliyyət göstərir. Yəqin ki, gedən proseslər müəyyən bankları da sıradan çıxaracaq. Çünki artıq bank sistemində nəzarət mexanizmi daha da gücləndirilib. Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başlayandan sonra bütün bankların diaqnostikasını apardı və ayrı-ayrı banklarda vəziyyətin nə yerdə olduğunu, kredit portfeli, likvidliyi, kapital məsələlərinin nə yerdə olduğunu araşdırıb müəyyənləşdirdilər. Ona uyğun olaraq da müəyyən qədər Azərbaycanda maliyyə bazarlarına nəzarət mexanizmi gücləndirildi. Ölkə başçısı tərəfindən Maliyyə Sabitliyi Şurası yaradıldı. Hansı ki, pul kütləsinə nəzarət mexanizmini həyata keçirir. Belə bir ciddi addımlar atılmağa başlandı. Ölkə başçısı dedi ki, 2016-cı ildə Azərbaycana ən çox ziyan vuran orqan bank sistemi olub. Həqiqətən də belə idi. Hazırda bank sisteminin sağlamlaşdırılması üçün addımlar atılır. Düzdür, burada müəyyən ciddi proseslər gedir, müəyyən banklar bağlanır. Banklar birləşsəydi daha yaxşı olardı, amma özəl olduğu və ayrı-ayrı şəxslərə məxsus olduğu üçün birləşmək istəmirlər və bağlanmağa üstünlük verirlər”.
"Proseslər bu istiqamətdə davam edərsə...”
V.Əhmədovun sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması hələ davam edəcək. Prosesin nə qədər davam edəcəyini, hansı istiqamətdə gedəcəyini isə öncədən dəqiq demək olmaz: "Banklar əhaliyə müraciət edib "Gəlin bizdən kredit alın” deyəndə, əhali "bizə kredit verin” deyib banklara yalvarmayanda, bank sistemi əlçatan olanda, kreditlər aşağı faizlə veriləndə, əhalinin istənilən təbəqəsi istənilən vaxt kredit götürüb müəyyən ehtiyaclarını ödəməyə malik olanda bankların tam sağlamlaşdırıldığını deyə biləcəyik. Amma bankların tam sağlamlaşdırıldığını və müsbət addımların olduğunu demək hələlik tezdir. Bu istiqamətdə işləmək lazımdır. Çünki bank sistemi dövlətin əsas onurğa sütunudur. Ona görə bank sisteminin sağlamlaşdırılması bizim üçün çox vacibdir. Mənə elə gəlir ki, proseslər bu istiqamətdə davam edərsə, bank sisteminin sağlamlaşdırılmasına iki il vaxt lazım olacaq”.
"İnsanlarla bank sistemi arasında münasibətlər yaxşı deyil”
Bank sisteminin bu gün əsas problemlərindən biri problemli kreditlərdir. Millət vəkili dedi ki, bu problemi də həll etmək lazımdır: "Təkliflər var ki, bu kreditlər silinsin. Bunlar bankların aktivləridir. Banklar özləri qərar verməlidirlər. Hansı bankın maliyyə vəziyyəti, likvidliyi, kredit portfeli yaxşıdırsa, istənilən problemli kredit sahibi ilə danışıb bu məsələləri həll edə bilər. Azərbaycanın maliyyə sistemi üçün bu, böyük problemdir. 1,5 milyard manat problemli kredit var. Düzdür, dedilər müəyyən azalmalar gedir. Amma problemli kreditlərdə ciddi azalma görmürəm. Bu kreditləri həll etmək lazımdır. İnsanlarla bank sistemi arasında münasibətlər yaxşı deyil. Xüsusilə dollarla olan kreditlərin qaytarılmasında ciddi problemlər var. Bu məsələlərlə bağlı çoxlu ərizə və şikayətlər alıram, banklara göndərirəm və əksəriyyəti güzəştə gedirlər. Amma ümumi götürəndə bu məsələyə hökumət səviyyəsində baxılmalı və həll olunmalıdır. Elə kredit götürənlər var ki, onu yüz faiz qaytara bilməyəcəklər. Faktiki batmış kreditlərdir. Onları ilbəil saxlamaq, maliyyə göstəricilərini daha da azaltmaq da doğru deyil. Məsələn, beynəlxalq maliyyə qurumları Azərbaycana kredit verəndə bu kimi məsələlərə baxırlar. Ona görə də bu məsələ üzərində işləməliyik”.
"Problemli kreditlərin həcmi artırsa...”
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcmi bank sektorunda stabilləşmə getdiyini göstərmir: "Bank sektorunun sağlamlaşdırılması olduqca vacibdir. Devalvasiyalardan öncə bankların bahalı kredit siyasəti, kreditlərə müraciət edən şəxslərin ödəmə qabiliyyətini bir sıra hallarda yoxlamadan kreditlərin tətbiq edilməsi nəticədə bank sektorunda məhz problemin yaşanmasına gətirib çıxarıb. Bu gün bank sektorunda ən ciddi problemlərdən biri likvidliyin aşağı düşməsi, problemli kreditlərin həcminin artmasıdır. Bunlar nəticə etibarilə bank sektoruna mənfi təsir göstərir.Problemli kreditlərin həcminə diqqət yetirsək, prosesin stabilləşdiyini demək çətindir. Çünki Mərkəzi Bankın rəsmi məlumatında problemi kreditlərin həcmində artımlar var. Əgər problemli kreditlərin həcmi artırsa, deməli, hələ də banklar verdiyi kreditlərin əhəmiyyətli bir hissəsini qaytara bilmirlər. Çünki hazırda Mərkəzi Bankın məlumatına görə, problemli kreditlərin həcmi ümumi kredit portfelinin 9 faizidir. Bu isə kifayət qədər ciddi rəqəmdir. Eyni likvidlik çox təəssüf ki aşağı olaraq qalmalıdır”.
"Xüsusi dövlət proqramının hazırlanmasını təklif etmişik”
İqtisadçı deyir ki, bank sektorunun stabilləşmə vaxtı bu istiqamətdə həyata keçiriləcək tədbirlərdən asılı olacaq: "Biz bank sektorunun stabilləşməsi üçün ABŞ-da olduğu kimi xüsusi dövlət proqramının hazırlanmasını təklif etmişik. 2008-ci il böhranında ABŞ-da belə bir proqram hazırlandı, hətta həmin proqram çərçivəsində banklara 400 milyard dollardan artıq yardım verildi. Azərbaycanda da toksik aktivlərin dövlət tərəfindən alınması və sağlamlaşdırılmasına ehtiyac var. Həm problemli kreditlərin, həm toksik aktivlərin həcmi yüksəkdir, bu da bank sektorunun sağlamlaşdırılmasında problem yaradır. Hər halda müddət demək çətindir, çünki müddət birbaşa bankların sağlamlaşdırılması ilə bağlı xüsusi proqramın nə zaman hazırlanmasından asılı olacaq.Bu işdə Mərkəzi Bank və Palata tərəfindən birgə fəaliyyət həyata keçirilməsinə ehtiyac var ki, bankların sağlamlaşdırılması prosesinə başlamaq mümkün olsun. Çünki bizim qiymətləndirməmiz göstərir ki, növbəti mərhələdə bankların sayında azalmalar müşahidə edilə bilər. Bizdə təxminən 20 sistem əhəmiyyətli bank var. Amma digər 10-dan artıq bank ya birləşəcək, ya da bu və ya digər formada sektoru tərk edəcək. O baxımdan toksik aktivlərin və problemli kreditlərin həcmi çox olan sözügedən 10 bankın sektoru tərk etməsinin bank sektoruna ciddi mənfi təsir göstərməməsi üçün xüsusi proqramın hazırlanmasına ehtiyac var. Bu zaman onların sektoru tərk etməsinin bank sektoruna mənfi təsirlərini neytrallaşdırmaq mümkün olar. Xüsusi proqram hazırlanıb, bankların sağlamlaşdırılması həyata keçirilərsə, dövlət həmin proqramın reallaşdırılması üçün maliyyə ayırarsa, o zaman biz bank sektorunda məhz proqramın icrası nəticəsində stabilləşmə müşahidə edə bilərik”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər