• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Bank rəhbərlərinin görüşü nə vəd edir?

14.07.15 13:48 2635
Bank rəhbərlərinin görüşü nə vəd edir?
Ekspertlər indiki vəziyyətdə bu görüşü bank sektorundakı problemlərin həlli üçün lazımlı addım kimi qiymətləndirirlər

Devalvasiyadan sonra insanların əmanətlərini dollara çevirməsi banklarda dollar ehtiyatının çoxalması və manat qıtlığının yaranmasına səbəb oldu. Nəticədə get-gedə bu sektorda müəyyən problemlər yaranmağa başladı. Onlardan ən çox narahatlıq doğuranı isə manatla verilən kreditlərin faizlərinin həddindən artıq yüksək olması idi. Vəziyyətdən çıxış yolu olaraq Mərkəzi Bank kreditlərdə komisyon haqlarının 1 faizə endirilməsi ilə bağlı qərar verdi. Ötən həftə isə Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkədəki kommersiya banklarının rəhbərləri ilə görüş keçirib problemlərin həlli ilə bağlı müzakirələr apardı.
Görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub. Ölkənin baş bankiri bildirib ki, Azərbaycanda kreditləşmə ilə bağlı sosial məsuliyyətin gücləndirilməsi, kredit siyasətində ölkənin iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin nəzərə alınması daim bankların diqqətinə çatdırılsa da, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templəri qaneedici deyil. E.Rüstəmov bununla bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlar verib. Onun sözlərinə görə, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir. O cümlədən istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini xeyli azaldacağı diqqətə çatdırılıb.
Banklar problemli kreditlərin həlli yollarını tapmalıdırlar
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, Mərkəzi Bank sədrinin bank rəhbərləri ilə görüşü mövcud vəziyyətin qiymətləndirilməsi, fikir mübadiləsinin aparılması və eyni zamanda bu gün bank sektorunun qarşısında duran əsas vəzifələrlə bağlı baş bankın mövqeyinin ortaya qoyulması məqsədi daşıyırdı: “Eyni zamanda elə həmin gün Mərkəzi Bank uçot dərəcəsinin endirilməsi ilə bağlı qərar qəbul etdi. Bir tərəfdən bankların mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarının artırılması və daha ucuz kreditlərdən, maliyyə resurslarından istifadə ilə bağlı addımlar atıldı. Digər tərəfdən isə, bank rəhbərləri ilə mövcud vəziyyətin müzakirə edilməsi və bütövlükdə bank sektorunun inkişaf istiqamətlərinin bir daha müəyyənləşdirilməsi həyata keçirildi”.
İqtisadçının sözlərinə görə, görüşdə müzakirə olunan məsələlər daha çox indiki məqamda bankların üzləşdikləri problemlər və ölkə iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun bankların rolu ilə bağlıdır. İqtisadçı deyir ki, hazırda bankların üzləşdikləri ən ciddi problem problemli kreditlərin həcminin artmasıdır. Çünki hazırda problemli kreditlərin həcmi 1,2 milyard manata çatıb. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəm kimi qiymətləndirilə bilər: “Mərkəzi Bank kredit verən zaman daha məsuliyyətli maliyyələşdirilmənin həyata keçirilməsi və xüsusilə kredit almaq üçün müraciət edənlərin ödəmə qabiliyyətinin tam dəqiq və aydın şəkildə yoxlanılmasını istəyir. Çünki mövcud şərtlər daxilində problemli kreditlərin həcminin artması yaxın gələcəkdə qaytarılmayan kreditlərin ümumi həcminin yüksəlməsi, hətta bank aktivlərində payının artmasına gətirib çıxara bilər. Bu da beynəlxalq standartlarla müqayisədə arzuolunmaz vəziyyət yaradar. Ona görə də banklar məsələyə indidən məsuliyyətli yanaşmalı, geri qaytarılmayan kreditlərin ödənilməsi ilə bağlı konkret yollar müəyyənləşdirməlidir. Bunlar yalnız inzibati yox, stimullaşdırıcı metodlarla da aparılmalıdır. Banklar problemli kreditlərin mövcud məbləğinin azaldılmasına nail olmaq və gələcəkdə həmin həcmin artmasının qarşısını almaq istiqamətində addımlar atmalıdırlar”.
Komisyon haqlarının azalması kredit faizlərini aşağı sala bilər
V.Bayramov hesab edir ki, Mərkəzi Bankın komisyon haqlarının məhdudlaşdırılması ilə bağlı verdiyi qərar təkcə adıçəkilən faizin azaldılması baxımından əhəmiyyətli olmayacaq. Bu kredit faizlərinin azalmasına da səbəb ola bilər: “Kommersiya bankları komisyon haqları məhdudlaşdırılandan sonra real faizlərlə öz kredit təkliflərini təqdim edəcək. Bu, bank sektorunda aktiv rəqabətin güclənməsinə imkan verə, kredit faizlərinin aşağı düşməsi üçün stimul yarada bilər. Komisyon haqlarının məhdudlaşdırılması, mövcud faizlərin qorunub saxlanması, mövcud effektiv faizlər daxilində kreditlərin təklifinin davamlı olması kredit faizlərini azaltmağa imkan verəcək. Kredit faizlərinin aşağı salınması vacibdir. Çünki real sektorda xərclərin artmasının qarşısını alır, eyni zamanda bu sektorda istehsal olunan yerli məhsulların xərcinin azalmasına və ölkənin rəqabət qabiliyyətinin daha da güclənməsinə imkan yaradır. Kredit faizlərinin aşağı salınması yalnız vətəndaşların daha ucuz kredit alma imkanı deyil, eyni zamanda biznesin, real sektorun əlverişli şərtlərlə kreditlərdən istifadəsi baxımından əhəmiyyətlidir. Mərkəzi Bank bu tapşırıqlara uyğun hədəfləri də bank rəhbərləri ilə müzakirə etdi”.
İqtisadçı deyir ki, görüşdə müzakirə olunan digər məqam kommersiya banklarının real sektoru maliyyələşdirməsində iştirakının genişləndirilməsindən ibarətdir: “Mərkəzi Bank bununla bağlı real addım atıb, uçot dərəcələrini 3,5 faizdən, 3 faizə saldı. Həmin qərarda qeyd olunurdu ki, əsas məqsədlərdən biri qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün real sektora bankların yönəltdiyi vəsaitlərin həcminin artırılmasından ibarətdir. Növbəti mərhələdə bankların mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarının artırılmasına ciddi ehtiyac var. Bu, banklara aşağı faizlə maliyyə vəsaitlərinin cəlb edilməsi və real sektora daha çox kredit təklif edilməsinə imkan verəcək. Bank sektorunun inkişafı ilə bağlı ölkəmiz uzun müddətdir xeyli işlər görür. Mövcud iqtisadi artım banklara gəlir əldə etməyə imkan verir. Qlobal çətinliklərin olduğu, Azərbaycanda real sektorda maliyyə vəsaitlərinə ehtiyacın artdığı dövrdə artıq bankların iqtisadiyyatın maliyyələşdirilməsində daha yaxından iştirakına ehtiyac var. Real sektorun maliyyələşdirilməsi bu gün bank sahəsinin əsas prioritet istiqamətlərindən biridir”.
Qeyri-rəsmi göstəriş
V.Bayramov bildirdi ki, görüşdə müzakirə edilən məsələlər mövcud humanitar siyasət aspektindən də qiymətləndirilməlidir: “Çünki Azərbaycan uzunmüddətli stabil valyuta rejimindən dəyişən valyuta siyasətinə qədəm qoyub. Bu gün məzənnə siyasəti tənzimlənsə də belə, artıq bütün hallarda bu bazara daha çevik valyuta ehtiyatının təqdim edilməsi deməkdir. Bu aspektdə bankların inkişaf istiqamətləri, eyni zamanda valyutaya olan tələbatın, manatın stabilliyində yalnız dövlətin və Mərkəzi Bankın deyil, eyni zamanda bankların rolu, xüsusilə valyuta bazarında aparılan əməliyyatlar müzakirə mövzusu oldu. O baxımdan bu görüşü faydalı hesab etmək olar. Mütəmadi olaraq belə görüşlərin keçirilməsi məqsədəuyğundur”.
İqtisadçı Samir Əliyev isə deyir ki, bu görüşü Mərkəzi Bank tərəfindən banklara faizlərin aşağı salınması ilə bağlı qeyri-rəsmi göstəriş verilməsi də adlandıra bilərik. Çünki birbaşa rəsmi göstəriş deyil: “Bunu kredit faizlərinin aşağı salınması üçün müsbət inzibati metod da hesab edə bilərik. İnzibati metodla atılan addımlar isə qısamüddətli olur. Bu görüşdən sonra bir sıra banklar faizləri aşağı saldılar. Faiz artımı niyə baş vermişdi? Çünki banklarda dollar bolluğu, manat qıtlığı var. Banklar kredit vermək üçün əmanət cəlb edir. Əhali isə əmanətlərini devalvasiyadan sonra dollarla banklara yerləşdirməyə daha maraqlı idi. Əslində bu, devalvasiyadan əvvəl başlamışdı, sonda daha da sürətləndi. Devalvasiyadan ehtiyat etdikləri üçün əhali dollarla kredit götürməkdən çəkinirdi. Nəticədə isə banklarda dollar çoxaldı. Belə bir vəziyyətdə isə banklar dollarla olan kreditlərin faizlərini aşağı saldılar. Çünki dollar əmanətlərinin faizləri də aşağı salınmışdı, bu da dollar kreditlərinin faizlərini endirməyə imkan verdi. Manatla kredit götürmək çətindir, götürdükdə isə faizlər yüksək olur. Bunun ardınca Mərkəzi Bank komisyon haqlarının 1 faizə salınması ilə bağlı göstəriş verdi. Aşağısı 6-7 və daha çox faizlə komisyon haqqı götürən banklar var idi. Banklar qanuna riayət edib, 1 faiz komisyon haqqı çıxdılar, qalan faizi də kreditlərin üstünə atdılar. Nəticədə manatla olan kreditlər kəskin bahalaşdı. Dollar krediti ilə manat krediti arasında haradasa 10 faiz fərq yarandı. Belə vəziyyətdə Mərkəzi Bank inzibati qaydada banklara göstəriş verməyə məcbur oldu ki, kredit faizləri 29-dan çox olmasın. Belə baxanda bu da yüksək bir faizdir”.
Bəzi banklar bu mexanizmə çox tab gətirə bilməzlər
S.Əliyev deyir ki, Mərkəzi Bankın bu addımı sosial baxımdan populyar addım olsa da, uzun müddət davam etməyəcək: “Devalvasiyadan sonra banklar onsuz da ağır zərbə alıblar. Bu, uzun müddət davam etsə, bankların vəziyyətinin ağırlaşmasına gətirib çıxara bilər. Banklar bu qanunlara qısa müddətdə riayət edə biləcəklər. Bəzi banklar bu cür mexanizmə çox tab gətirə bilməzlər. Sonrakı dövrdə sıradan çıxan banklar da ola bilər. Ya da məcbur olub hansısa şərtlərlə bu qanundan yayınmağa çalışacaqlar. Filialların bağlanmasını, ixtisarların da ola biləcəyini istisna etmirəm. Bağlanan banklar da ola bilər, hansısa banka birləşənlər də”.
Qeyd edək ki, ötən gündən başlayaraq kommersiya banklarının bir neçəsi ABŞ dolları ilə götürülən istehlak kreditləri üzrə ödənişləri gecikdirən müştərilərinə yeni şərtlər təklif edərək, yeni müqavilə bağlamağa dəvət edirlər. Bu barədə Strateq.az məlumat yayıb. Məlumatda bildirilir ki, banklardan vətəndaşlara gecikmələr üzrə faizlərin hesablanmayacağı, yeni kredit tarixçəsi açılacağı və müqavilənin müddətinin uzadılacağı söylənilib. Bu zaman müqavilə şərtləri elə müəyyən olunur ki, vətəndaş vaxt uzandığına görə faiz ödəməsin, sadəcə, borcunu ödəmək üçün əlavə vaxt qazansın. Banklardan bunun hökumətin tövsiyyəsi ilə edildiyini də açıq söyləyiblər. Artıq məhkəmələrə göndərilən işlərin də geri qaytarıldığı haqda məlumatlar var.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər