• cümə axşamı, 18 aprel, 13:14
  • Baku Bakı 22°C

Baltalamayaq, dəstək olaq

10.06.16 12:31 1147
Baltalamayaq, dəstək olaq
Qəbul imtahanları verib hər hansı ali məktəbə ödənişli ixtisaslar üzrə qəbul olan, ancaq ödənişi ödəyə bilmədiyi üçün oxumaqdan məcburən imtina edən nə qədər gənclə rastlaşmışam. Ailə vəziyyətlərinin ağırlığı, valideynlərinin olmaması və ya işləməməsi səbəbindən onlar təhsildən gen düşüblər. Ağır sosial vəziyyətdən çıxış yolu onlar üçün çox vaxt arzuları ilə vidalaşmaq olur.
Bu günlərdə Təhsil Nazirliyinin təşəbbüsü ilə aztəminatlı ailələrə uzunmüddətli təhsil kreditlərinin verilməsi ilə bağlı yaranan Fond isə deyəsən, problemin həllinə çarə olacaq. Bankların kreditlərin qaytarılması üçün cəmiyyətin az qala boğazına çökdüyü, devalvasiyadan şikayətləndiyimiz bir vaxtda nazirliyin belə bir layihəyə imza atması, məntiqlə yanaşsaq alqışlanmalıdır. Hər bir təşəbbüsü birmənalı qarşılamayan cəmiyyət isə sözsüz ki, bu layihəni də "süzgəc”indən keçirdi. Sosial şəbəkə istifadəçiləri, ekspertlər, ziyalılar öz fikirlərini açıqladılar. Səslənən fikirlər mənfi və müsbətə doğru dəyişdi, haçalandı. İrəli sürülən şərtlər və faizlərin, maddi sıxıntısı olan ailələr üçün uyğun olub-olmaması məsələsi əsas müzakirə mövzusu oldu. Layihəni reallaşdırmağın çətin olacağı, tələbələrə həmin şərtlər altında kredit götürməyin sərf etməyəcəyini deyənlər də var. Heç şübhəsiz, məhz şərtləri uyğun hesab edənlər krediti almaq üçün müraciət etməlidirlər. Yəni hər kəs öz işini əvvəldən ölçüb-biçməlidir ki, sabah nə tələbə, nə valideyn, nə də onlara etimad göstərən Fond üçün problem yaranmasın. Bir halda ki, qurum tələbələrə inam göstərib zaminsiz və girovsuz kredit verir, demək iş həm də qarşılıqlı inam əsasında qurulmalıdır. Həm də nəzərə alaq ki, krediti götürməyə tələbəni heç kim məcbur etmir. Maddi təminatı zəif, öz qazancı olmayan tələbə nəzərdə tutulan məbləğdə krediti götürüb 10 il ərzində qaytara bilər. Üstəlik, tələbə krediti ali məktəbi bitirəndən bir il sonra qaytarmaq üçün də əlavə vaxt qazanır. Bu, istedadı olan, amma maddi imkanı olmayan tələbə üçün əla fürsətdir. Əgər təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən uzaqlaşdırılan 1700 tələbənin statistikası tapılıb qeyd edilirsə, minlərlə abituriyentin tələbə adını qazansa da, ödənişli təhsilə görə ali məktəbdən imtina etdiyi bildirilirsə, onda bu addım niyə təqdir edilməməlidir? Təbii ki, bu, ünvanlı yardım deyil - kreditdir. Əgər kreditdirsə, təbii ki, faizi ilə qaytarılmalıdır. Dünənə qədər məcbur qalan valideyn hansısa bankdan götürdüyü kredit məbləğinə görə hər il əlavə 20-25 faiz vəsait ödəyirdisə, bu gün, ona 6-8 faizlə kredit təklif edilir. Digər tərəfdən, ölkədə ödənişli kurslarda oxuyan 70 faiz tələbənin ödədiyi vəsait heç də göydəndüşmə deyil. O vəsaiti evindəki məişət əşyalarından tutmuş qır-qızılına qədər satan, maşınını, evini girov qoyub tapan o qədər ailə var ki...
Hələlik Fond ətrafında 10 ali məktəb birləşib. Gələcəkdə siyahı genişlənərsə, şərtlərin dəyişə biləcəyi, bəlkə tələbələrin xeyrinə daha da yumşalacağı istisna deyil.
Məsələyə optimist yanaşmaq yaxşı olmazmı? Hansısa ideyanı və ya layihəni beşikdəcə boğmaq üçün hücum mövqeyi tutmaq ortaya yeni ideya gətirmək deyil. Yəni, imkan verin, tələbə krediti götürsün, təhsil haqqını ödəsin, ali məktəbi bitirsin, özünə iş tapsın... Əsas odur ki, tələbənin bugünkü çətin vəziyyətdən çıxması, təhsilinin yarımçıq qalmaması üçün şərait yaradılır. Əsas odur ki, ürəyində oxumaq arzusu olan hansısa bir kasıbın balası öz arzusunu reallaşdırmaq imkanı qazanır. Bəlkə oxumaq arzusu olan, amma pulsuzluq üzündən oxuya bilməyən bir gəncin həyatda bütün yolları elə bu kredit yolu ilə açılacaq? Bəlkə o imkanı olub təhsil haqqını rahatlıqla ödəyən hansısa tələbədən elmimiz, cəmiyyətimiz üçün daha gərəkli olacaq? Ona görə təşəbbüsü baltalamaq yox, dəstək olmaq lazımdır.
Məsələnin digər tərəfi də var. Ehtimal edilir ki, gələn ildən başlayaraq Fond ətrafında birləşən ali məktəblərin reytinqi yüksələcək və onlara abituriyentlərin axını müşahidə olunacaq.
Ümumilikdə təşəbbüsün özünü necə doğruldacağını proqnozlar yox, zaman göstərəcək...
Təki sağlıq olsun...
Təranə Məhərrəmova
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər