AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Balıqsız ölərəm» - Sadə peşə adamı

«Balıqsız ölərəm» - Sadə peşə adamı

Gənclik qəzeti
11 Noyabr 2014, 10:22 1819
“Həyatımı balıqlarsız təsəvvür edə bilmirəm. Balıqçılıq həqiqətən çox maraqlı sənətdir. Bu sənətə girdinsə, səni də özü ilə çəkib aparır. Gözümü açandan balıqlarla böyümüşəm. Bundan sonra da başqa iş görə bilmərəm. Bəzən insan bütün alışqanlıqlarından xilas ola bilər, amma mən balığı ata bilmərəm. Balıqsız ölərəm”. Bu sözləri bizimlə söhbətində 20 ildir balıqçılıqla məşğul olan gənc müsahibimiz İlham Novruzov dedi.

“8 yaşımdan pul qazanıram”

Payız balıq sevənlərin həvəslə gözlədikləri fəsildir desək yanılmarıq. Çünki məhz bu vaxt balıq mövsümü başlayır. Azərbaycan mətbəxində bu ət məhsulu önəmli yerlərdən birini tutur. Balıq olduqca dadlı və faydalı təam olsa da, onun da ərsəyə gəlməsi böyük zəhmət tələb edir. Balığın «sezonu» soyuq aylara təsadüf etdiyi üçün bəzən saatlarla suyun kənarında dayanıb balığın tilova düşməsini gözləmək, daha sonra daim su ilə təmasda olaraq soyuq piştaxta ətrafında satmaq heç də asan deyil.

Bu məşəqqətli işin öhdəsindən 28 yaşlı həmsöhbətimiz İlham gəlir. Hazırda “Yaşıl bazar”da piştaxtaların birində balıq satan İlham deyir ki, bu sənətlə ilə hələ 8 yaşında tanış olub. Onun sözlərinə görə, maddi vəziyyətləri yaxşı olmadığından evə pul qazanıb gətirmək məcburiyyətində qalıb: “Biz Lənkəranda yaşadığımız üçün bu bölgədə dənizçilik, balıqçılıq geniş yayılıb. Oranın əhalisinin əksəriyyəti bu sənətlə məşğul olur. Atam də həmçinin çörəyini Allahın bizə dəniz vasitəsilə yetirdiyi bu ruzidən çıxarırdı. Lakin biz uşaq olarkən, o, Qarabağda döyüşdü və yaralandı. Atam uzun müddət xəstə yatdığı üçün ailəmə baxmaq məcburiyyətində qaldım və 8 yaşımda təhsilimi yarımçıq qoyub balıq satdım”.

Təzə balığı necə tanımalı?

İlham Lənkəranda, Masallıda, Cəlilabadda balıq satıb. 10 yaşında isə balığı satmaq üçün qatarla Bakıya gətirib, geri qayıdırmış. Balıqçılıq sənətinin sirlərini atasından öyrənən müsahibimiz deyir ki, 20 ildir bu sənətlə məşğul olduğuna görə, balığa əlini vurmadan onun necə olduğunu deyə bilir: “20 ildir ki, həyatımı balıqlarla yaşayıram. Özümü başqa heç bir işdə təsəvvür edə bilmirəm. Sanki, mən balıqçı olmaq üçün doğulmuşam. Düşünürəm ki, balıqçılıq sənəti ilə məşğul olmaq üçün də insana bilgi lazımdır. Hər insan balığı tanıya bilmir. Amma mən uşaqlıqdan bu sənətdə olduğuma görə balığa əlimi vurmadan onun tanıyır, təzəliyini-köhnəliyini bilirəm. Hətta bəzən hansı zonadan gəldiyini də deyə bilirəm”.

Müsahibimiz təzə balığı tanımağın yollarından da danışdı. Onun sözlərinə görə, balıqdan anlamayan sıravi vətəndaş onun köhnə və təzə olmasını balığın gözündən anlaya bilər: “Balığı tutduğun gün satmalısan. Yəni təzə balıq həmin gün yeyilməlidir. İki gün əvvəl tutulan balıq köhnə sayılır. Onu yemək də təhlükəlidir. Köhnə balığı isə onun gözündən tanımaq olar. Əgər balığın gözünün ağı bulanıq rəng alarsa deməli, bu ya soyuducu balığıdır, ya da köhnədir. Bəzi adamlar düşünür ki, balığın qulağının qızartısı itəndə o köhnə olur. Amma bu səhv düşüncədir. Bəzi balıqlar var ki, o qulağının qızartısını çox tez itirir. Hətta elə balıq var ki, onun qulağı ağdır. Bəzi balıq satanlar köhnə balığın içini yarıb yaxşıca duzlayırlar. Duz balığın canında pis, zərərli nə varsa hamısını öz canına çəkir. Sonra da həmin balığı yuyub təzə kimi satırlar. Heç kim də o balığın köhnə olduğunu hiss etmir. Bu cür balıqlara daha çox mağazalarda rast gəlinir. Ona görə balıq alarkən əsasən gözlərinə diqqət etmək lazımdır”.

“Sağlamlığımız əlimizdən gedir”

Sənətin çətinliklərindən danışan müsahibimiz deyir ki, sənətə o qədər bağlanırıq ki, sağlamlığımızı belə düşünmürük: “Balıqçılıq asan sənət deyil. Mən özüm uşaqlıqdan bununla məşğul oluram. Amma bu sənətə girməyi heç kimə tövsiyə etmirəm. Çünki, əl çəkə bilmirsən. Sanki balıqlar səni özünə çəkir. Bu zaman o qədər bağlanırsan ki, sağlamlığın belə səni düşündürmür. Soyuq aylarda ancaq su ilə işləmək heç də asan iş deyil. Məsələn, mən hər balıq sezonu bitdikdə bir aylıq müalicəyə gedirəm. Bu çətinliklərə baxmayaraq özümü başqa işdə təsəvvür edə bilmirəm. Mən balıqlarım olmadan yaşaya bilmərəm. (gülür- A,Ə)”.

Balıqçılıqda yaxşı pul qazanmağın yollarına gəldikdə isə, gənc balıqçı düşünür ki, hər sənətdə yaxşı pul qazanmaq üçün halal və düz olmalısan. Onun sözlərinə görə, əgər müştərini aldatdınsa, gec-tez onun ziyanını çəkirsən: “Bu sənətdə yaxşı pul qazanmağın sirri müştəriyə zəif balıq verməməkdir. Vaxtı keçmiş balıq verdikdə müştəri alanda hiss etməsə də, evdə köhnə olduğunu bilir və bir də səndən balıq almır. Artıq mənim daimi müştərilərim var. Mən hətta onların hansının necə balıq xoşladığını bilirəm. Bu sənətdə əsas sirr müştərini razı yola salmaqdır. O razı olsa onsuz da yenə səndən bazarlıq edəcək və ətrafındakıları da səndən balıq almağa cəzb edəcək”.

“Balığı mənə pulsuz verməlisən”

İlhamın daimi müştəriləri olduğu kimi kaprizli müştəriləri də az deyil. O deyir ki, belə müştərilərlə danışmaq üçün mütləq səbirli olmalısan: “Bəzən alıcı gəlir, məndən balıq istəyir. Balığı çəkirəm 3 kilo olur. O, balığı təmizlətdirib alır. Təmizlənən balıq kilosundan 250 qram itirir. Bu zaman alıcı mənimlə dava edir ki, bu 3 kilo olmadı. Ona izah edə bilmirəm ki, sən bunu evə aparıb təmizləyəndə də belə olacaq. Hətta bəzən təmizlədiyim balığı götürürəm, ona yenidən təmizlənməmiş balıq verirəm. Bu zaman yenə təmizlənmiş balıq istəyir. Bəzən də polis paltarında biri gəlir deyir ki, mən polisəm, sən mənə bu balığı pulsuz və ya ucuz verməlisən. Ona izah edirəm ki, sən öz vəzifəni, mən də öz vəzifəmi yerinə yetirirəm. Mən niyə balığı sənə ucuz verməliyəm? Şikayət edəcəyimi eşitdikdə qaçıb gedirlər”.

Saxta dindar

İlham iş başında başına gələn maraqlı hadisələrdən də danışdı. O deyir ki, bu sənətdə hər simada insanla rastlaşıb: “Yeni ildə hamı bayram keçirmək üçün evə getmişdi. Mənim pula ehtiyacım olduğu üçün həmin gün evə getmədim, bazarda işləyirdim. Həqiqətən həmin gün gözlədiyimdən də çox müştərim oldu. Piştaxtanın qarşısında 40-50 nəfər insan var idi. Təsəvvür edin hamı balıq istəyirdi. Bu zaman dindar, saqqallı, mola libasında biri gəldi və məndən balıq istədi. Balığı ona verdikdə pulu alan kimi hiss etdim ki, bu pul saxtadır. Pulunun saxta olduğunu dedim və özünə qaytardım. O mənimlə dava etməyə başladı ki, sən yalan deyirsən bu pul saxta deyil. Ona sübut etdikdən sonra qaçdı. Sən demə bu alıcı saxta dindar imiş. Ətrafımdakı insanlar adını molla qoyub fırıldaqçılıq etməyə çalışan kişinin hərəkətinə çox gülmüşdü”.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">