• cümə axşamı, 25 aprel, 17:59
  • Baku Bakı 23°C

Balanslanmış əqli və fiziki fəaliyyətlə məşğul olmaq

21.09.20 14:45 485
Balanslanmış əqli və fiziki fəaliyyətlə məşğul olmaq
Bu, Altsheymer xəstəliyinin inkişafının qarşısını ala bilər
Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov növbəti onlayn müsahibəsində bu xəstəlik haqqında ümumi məlumat verib.
Onun sözlərinə görə, Altsheymer xəstəliyi yaddaş, düşüncə və davranış problemlərinə səbəb olan və çox rast gəlinən bir demensiya növüdür. Xəstəlik koqnitiv proseslər və digər funksiyaların enməsi, baş beyninin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhv olması səbəbindən idrak proseslərin (yaddaş, təfəkkür, qavrama və nitq) və ali qabıq funksiyalarının pozulması ilə nəticələnə bilər.
Daha sonra Fuad İsmayılov Altsheymer xəstəliyinin simptomları haqqında danışıb. İlk növbədə, idrak (yaddaş, nitq, məntiq) və davranış proseslərinin pozulmasını qeyd edən professor, xəstəliyin ilkin mərhələsinin simptomları daha yüngül, sonrakı mərhələlərdə ciddi fəsadlara gətirib cıxardığını bildirib. Kiçik yaddaş problemləri (yeni məlumatın, son danışıqlar və hadisələrin, insanların, əşyalar və yerlər adlarının yadda qalmaması) ilə başlayan xəstəlik irəlilədikcə ondan əziyyət çəkənlərdə hallüsinasiya və fantastik ideyaların yaranması, yaxınlarını tanımaması, hərəki funksiyaların pozulmasına, öz hərəkət və fikirlərinə qarşı məsuliyyətin yox olmasına gətirə bilər. Bu sahədə ən effektiv diaqnostik üsul sayılan Psixi Statusun Qısa Qiymətləndirilməsi şkalasının (Mini-Mental State Examination, MMSE) aparılmasından məlumat verib.
Onun dediyinə görə, yaşları 65-dən yuxarı olan insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir, lakin xəstəliyin erkən forması artıq 40 yaşdan sonra da başlaya bilər: "Belə hallar, əsasən, irsi xarakter daşıyır. Bəzi mənbələrə görə, qadınlar ömürləri daha uzun olduğu səbəbindən bu xəstəlikdən kişilərə nisbətən 6-10 qat daha çox əziyyət çəkir. Həmçinin, bu xəstəliyə tutulma risk qrupunda alkoqolu qəbul edən, siqaret çəkən, yüksək qan təzyiqi, xolesterol və şəkəri olan və kəllə-beyin travmalarını alan insanlar daxildir. Təəssüf ki, Altsheymer xəstəliyi üçün məlum bir müalicə metodu hələ də mövcud deyil. Buna baxmayaraq, bəzi simptomları müvəqqəti yüngülləşdirən dərman müalicəsi var. Altsheymer xəstələrinin beyinlərində Asetilxolin adlı kimyəvi maddə çatışmır. Bu maddə tərkibli dərmanların qəbulu koqnitiv funksiyalarının enmə sürətini xeyli azalda bilər. Medikamentoz müalicə ilə yanaşı qeyri-medikamentoz müdaxilələrin aparılması tövsiyə olunur. Xəstələrə gündəlik həyat fəaliyyətinin təşkilinə yönəlmiş müxtəlif davranış metodlarının istifadəsi, düzgün qidalanma, aqressiya və depressiyanın büruzə verməsi istiqamətində müalicə rejiminə riayətetmə məsləhət görülür. Bundan başqa, xəstənin ailə üzvlərinin pasiyentə qarşı qayğı göstərməsi xəstəliyin ağırlaşma profilaktikası üçün faydalıdır”.
Daha sonra Psixi Sağlamlıq Mərkəzinin rəhbəri dünyada Altsheymer xəstələrinin artma dinamikasının son vaxtlarda dəyişmə səbəblərindən məlumat verib: "Artımın əsas səbəblərindən biri dünyada ömrün uzunluğunun artmasıdır, çünki yaş Altsheymer xəstəliyini yaradan və inkişaf etdirən əsas faktorlardan biridir. Dünya statistikasına əsasən, 65 yaşdan sonra hər 14 insandan birində, 80-dən sonra isə hər 6 nəfərdən birində bu xəstəlik müşahidə olunur”.
Fuad İsmayılov çoxlarını maraqlandıran Altsheymer xəstəliyinin profilaktikasının nədən ibarət olduğuna aid suala cavab verərək, bu sahədə bir neçə tövsiyəsini verib: "İlk növbədə fiziki aktiv olmaq (həftədə ən az 3 dəfə kardio məşqlər və qaçışla məşğul olmaq), sağlam qidalanmağı (rasiona tərəvəz, qoz-fındıq, zeytun yağı, lobya, tam taxıl qidaları, balıq, quş əti əlavə etmək) və sutkada ən azı 7-8 saat yatmağı məsləhət görürəm. Bundan başqa, davamlı və balanslanmış əqli və fiziki fəaliyyətlə məşğul olmaq beyin sağlamlığını artıra və xəstəliyin inkişafının qarşısını ala bilər. Xarici dilləri öyrənmək insanın düşüncə proseslərinin və yaddaşının aktivləşdirilməsinə səbəb olur. Alimlər və poliqlotların xəstəlikdən daha az əziyyət çəkdikləri buna sübutdur”.
banner

Oxşar Xəbərlər