• şənbə, 20 Aprel, 19:17
  • Baku Bakı 24°C

Bağlanan banklardakı əmanətlərini geri ala bilməyənlərə şad xəbər

30.07.20 18:35 790
Bağlanan banklardakı əmanətlərini geri ala bilməyənlərə şad xəbər
Mərkəzi Bank vətəndaşların xeyrinə olan qərarın qəbuluna çalışır, iqtisadçılar bu cür halların yaranmamsı üçün nəzarətin gücləndirilməli olduğu qənaətindədirlər

Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanmış banklarda əmanətçilərlə bağlı yaranmış problemə münasibət bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi qurumda bağlanmış banklardakı əmanətlərini ala bilməyən əmanətçilərlə görüşü olub: "Onlara izahlar edildi. Bilirsiniz ki, "Atabank”da nəzarət dövrü Mərkəzi Bankda deyildi. NBC bankda bankın kapitalı diqqətimizi cəlb etdi. Yoxlama zamanı gördük ki, bank əmanətləri qəbul etməkdə davam edib. Ancaq bunu gizlədib. Bankın lisenziyası geri çağırılanda requlyatorun tələblərinə cavab verməyib. Yəni bank maliyyə xidmətləri göstərdiyi əhalini aldadıb. "Azəriqazbank”da daha mürəkkəb olub. Qorunan əmanətlərin səviyyəsi limitdən aşağı olub. Ancaq elə şərtlər qoyublar ki, bunlar qorunan əmanət statusu kimi nəzərə alınıb.
Biz hökumətə, hökumət Konstitusiya Məhkəməsinə müraciət etdi. Biz əhalinin mənafeyi qorunan ətraflı rəylə cavab verdik. Əhalinin bu məsələdə günahı yoxdur. Bank menecerləri əhalini aldadıb. Əhalinin hüquqları bərpa olunmalıdır. Konstitusiya Məhkəməsiylə daim kontaktdayıq. Son məlumata görə, qərarın verilməsi 1 həftə-10 gün çəkə bilər. Biz çox nikbin qərara ümid edirik. Əhaliyə təmkinli olmağı tövsiyə edirik”.
Bəs görəsən belə bir məqamda vətəndaşlarımız nə etməlidir? Öz hüquqlarımızı necə bərpa etməliyik?
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, qanunvericiliyə əsasən, Mərkəzi Bank hər hansısa bankın əməliyyatını məhdudlaşdıra bilər: "Lisenziya fəaliyyəti çərçivəsində lisenziyanı tam yox, bir hissəsini və ya hər hansısa bir əməliyyatı Mərkəzi Bank məhdudlaşdıra bilər. Requlyator tərəfindən bu, rəsmi qaydada banka bildirilir və dərhal ictimaiyyətə açıqlanır. Bankın əmanət götürmək səlahiyyətinin olub-olmaması, hansı müddətə dayandırılması haqda ictimaiyyətə açıqlama verilməlidir. Bank Mərkəzi Bankın qadağasına məhəl qoymayaraq əmanət qəbul edirsə, öz səlahiyyətindən sui-istifadə etmiş olur. Bu özü qanunvericiliklə məsuliyyət yaradır. Vətəndaş banka əmanət qoyduğu zaman ona sənəd təqdim edilibsə, burada onun heç bir günahı yoxdur. Belə olan halda cəza vətəndaşa yönəldilə bilməz. Nəticədə bütün bunları edən bank rəhbərliyidir. Ona görə də vətəndaşın vəsaiti geri ödənilməlidir”.
İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, bu məsələyə birtərəfli yanaşmaq olmaz: "Yəni bu məsələdə təkcə "banklar insanları aldadıb” demək düzgün olmaz. Requlyator qurumlar bu istiqamətdə məsələyə vaxtında müdaxilə etməyiblər. Bank sektorunda əmanətlərin və depozitlərin qəbulu üzərində mövcud nəzarət mexanizmləri zəifdir. Normativlərin təkmilləşdirilməsi, məlumatların daha qısa və real vaxt rejimində ötürülməsi infrastrukturu yaradılması zərurəti var. Belə görünür ki, bank əmanət qəbul edir, Mərkəzi Bankın requlyator qurum kimi bu məsələdən xəbəri yoxdur. Bu mənada problemin hüquqi həll yolu üçün qanunvericilik bazasının, nəzarət mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, əmanətlərin sığortalanması məsələsi, yəni məsələn, hansısa bankın əmanət qəbul etmə hüququ məhdudlaşdırılıbsa, həmin bankın sığortalama hüququ da avtomatik olaraq məhdudlaşdırılmalıdır. Banka qoyulan əmanətlərin sığortalanması mümkün olmamalıdır. Əgər həmin əmanətlər sığortalanıbsa, kimin günahından asılı olmayaraq məsələ öz həllini tapmalıdır. Vətəndaşların qoyduğu əmanətlər geri qaytarılmalıdır. Əks halda, bu, bank sisteminə olan güvəni əhəmiyyətli səviyyədə aşağı sala bilər. İndiki halda bank sektorunda vəziyyət o qədər də arzuolunan deyil. Həm əmanətlərin həcmində, həm kredit portfelində davamlı azalma baş verir. Belə bir şərtlər daxilində yaranmış problemlə bağlı aidiyyəti qurumlar və məhkəmə daha adekvat qərar qəbul edərək, vətəndaşların problemini həll etməlidir. Eyni zamanda, vətəndaşlar da diqqətli olmağa çalışmalıdır. Əmanət yerləşdirərkən onun sığortalanmasını təsdiq edən sənəd və müqavilə tələb edilməlidir. Həmin sənəd hansısa risk yarandığı təqdirdə vətəndaşa öz hüquqlarını müdafiə etməsi üçün hüquqi əsas verə bilər. Əks halda, banklar "həmin əmanətlər sığortalanmayıb” deyərək bu istiqamətdə yaranan öhdəliklərdən boyun qaçırmağa çalışa bilər”.
Ekspert bildirdi ki, bu, mülki məsələdir. Əhali pozulan hüquqları ilə bağlı məhkəməyə müraciət etməlidir: "Qanunvericiliyə əsasən, əmanət sığortalanmadığı zaman onun geri qaytarılmasında çox ciddi çətinlik yaranır. Vətəndaşlar kütləvi şəkildə məhkəməyə müraciət etməli, öz hüquqlarının təmin olunmasını tələb etməlidir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər