• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Bal baryeri azalır, azalır....

25.07.13 08:53 2352
Bal baryeri azalır, azalır....
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balı 150-yə salıb. Ancaq bu, özəl ali məktəblərə keçid balıdır. Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 250-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Kəmiyyət göstəricisinə köklənmiş məsələ
Təhsil üzrə ekspert Etibar Əliyev hesab edir ki, 150 balla indiki cəmiyyətin tələbatına uyğun mütəxəssis hazırlanmasından söhbət gedə bilməz: “Bu il ən çox abituriyent sənədlərini birinci ixtisas qrupuna vermişdi. İlk baxışdan belə hiss olunurdu ki, uşaqlar riyaziyyat, fizika və digər təbiət elmlərini daha yaxşı bildikləri üçün 1-ci qrupa müraciət edirlər. Amma əslində belə deyildi. Orta məktəbin buraxılış imtahanlarında 60 faizdən yuxarı şagirdin riyaziyyat fənnindən qeyri-kafi və kafi qiymətləndirilməsi durum haqqında fikir söyləməyə əsas verirdi. Şagirdlərin 31 faiz qeyri-kafi ilə qiymətləndirilmişdi. Demək, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı həyəcan təbili çalmaq lazımdır. Keçid balının aşağı salınması orta məktəblərdəki nəticələri də təsdiqlədi”.
E.Əliyevin sözlərinə görə, I qrupa sənəd verən abituriyentlər ümidli idilər ki, ötən tədris ilində olduğu kimi, bu il də ballar aşağı salınacaq və onlar bundan istifadə edərək aşağı ballarla tələbə adı qazana biləcəklər: “Balların aşağı salınması ali məktəblərə qəbul planlarının dolmasına xidmət göstərən bir addımdır. Qəbul planı dolmursa, müəllimlər ixtisar oluna bilər, yaxud Azərbaycan dünyada min nəfərə düşən tələbələrin sayına görə sonuncu yerlərdən birini tutar. Amma bunlar kəmiyyət göstəricisinə köklənmiş məsələlərdir. Keyfiyyətə keçid yaradılmalı və bunun üçün geniş tədbirlər planı hazırlanmalıdır”.
Ən çox abituriyent I qrupa üz tutdu, çünki...
Ekspert bildirdi ki, balların aşağı salınması onu göstərdi ki, Azərbaycanda orta təhsilin keyfiyyətində irəliləyiş yoxdur. Onun sözlərinə görə, normal bal toplayanlar isə fərdi repetitorların və böyük kurslarda keçirilən dərslərin hesabına yüksək nəticələr əldə ediblər. E.Əliyev bütün dünyada inkişafın göstəricilərindən birinin həmin ölkədə texniki və təbiət elmlərinə üz tutan vətəndaşların savadlılıq dərəcəsi olduğunu dedi: “Azərbaycanda isə keyfiyyətli çoxluq humanitar fənlərə meyl edir. 3-cü qrupda 4 nəfərin 700 bal toplaması da bunu sübut etdi”.
Aşağı balla ali məktəblərə qəbul olmadığı təqdirdə, abituriyentlərin MDB məkanındakı universitetlərə imtahansız qəbul olmalarına gəlincə, ekspert bildirdi ki, bu, nə TQDK-nın, nə də Təhsil Nazirliyinin problemidir: “Öz ölkəsində, öz dilində 0-150 bal toplayan abituriyent rus, Ukrayna, türk dilində necə təhsil ala bilərlər? Öz dilində elementar biliyi olmayan adam necə Rusiyaya, Ukraynaya gedib təhsil alaraq Azərbaycana mütəxəssis kimi dönə bilər? Bu, absurddur. Hökumət bununla bağlı bir strategiya müəyyənləşdirməlidir. Onlar ya ölkə daxilində texniki-peşə məktəblərinə üz tutmalı, ya da hərbi xidmətə cəlb olunmalıdırlar. Çünki 150 bal toplayanın Azərbaycandan kənarda mütəxəssis olması inandırıcı görünmür. Buna görə də hesab edirəm ki, bu qapıları bağlamaq lazımdır. Amma yüksək bal toplayanlara şərait yaratmaq lazımdır ki, dünyanın tanınmış universitetlərində gedib təhsil alıb əsl mütəxəssis kimi ölkəmizə xidmət göstərsinlər”.
Gənclərin qarşısında bal baryeri qoysaq...
Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı isə hesab edir ki, keçid balının 150-yə endirilməsi düzgün addımdır: “Qonşu ölkələrin universitetlərinə imtahansız qəbulla bağlı ölkəmizdə reklamlar gedir. Xüsusilə MDB ölkələrinin universitetləri abituriyentləri attestatla, imtahansız qəbul edirlər. Bu da o deməkdir ki, balı kafi olmadığından burada təhsil ala bilməyən Azərbaycan gənci həmin ölkələrə gedəcək və Azərbaycan ailəsinin qazandığı pul digər ölkələrin büdcəsinə oturacaq. Ballar da bu məqsədlə aşağı salınır ki, abituriyentlərimiz digər ölkələrə getməsin və universitetlərdə çalışan müəllim kollektivi sabah işsiz qalmasın. Çünki universitetlərə qəbul olmasa, müəllimlər iş yerlərini itirə bilərlər. 150 balı yığanı qəbul etməsək, onsuz da qonşu ölkələrin reklamına uyub attestatla universitetlərə qəbul olub təhsil haqqını həmin universitetlərə ödəyəcəklər. Biz burada nə qazanacağıq? Təbii ki, heç nə. Biz gənclərin qarşısında bal baryeri qoysaq, onlar təhsilin səviyyəsi aşağı olan xarici ölkələrə üz tutacaq, MDB ölkələrində aşağı təhsil verən ali məktəblərə diplom dalınca gedən gənclərin sayı çox olacaq”.
M.Zülfüqarlının sözlərinə görə, balın aşağı-yuxarı olmasına çox fikir vermək lazım deyil: “Sadəcə, ali məktəblərdə təhsilin keyfiyyətinə fikir vermək lazımdır. Tələbə adını qazanana güzəşt olmamalıdır. Gənc ali məktəbə girib tələbata uyğun oxuya bilirsə, qalıb oxusun. Oxuya bilmirsə, verdiyi təhsil haqqı batacaq və öz səviyyəsinə uyğun sənətin dalınca gedəcək”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər