• şənbə, 20 Aprel, 03:02
  • Baku Bakı 15°C

Bakıya uduzan Madrid - Fotolar

03.06.19 18:34 9528
Bakıya uduzan Madrid - Fotolar
UEFA Avropa Liqasının final oyunu Bakıda uğurla baş tutdu. Bu, Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını növbəti dəfə nümayiş etdirdi. Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura, o cümlədən idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və sairə malik ölkədir. Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılması hamı tərəfindən etiraf olundu və xüsusi qeyd edildi. Bununla yanaşı, oyun günü istər azarkeşlərin stadiona gəlişi, matçı seyr etməsi, istərsə də geriyə dönüşü yüksək səviyyədə təşkil olundu, sıxlıq yaranmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və şəhərin müxtəlif nöqtələrinə çatdırılması məsələsi peşəkar şəkildə həll olundu. Hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar, sivil və mehriban davranışı, hətta içkili ingilis azarkeşlərinin süni şəkildə qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümlü davranışı xüsusi diqqəti çəkdi, onların öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirdiyini aydın göstərdi. Bütün digər böyük tədbirlərdə olduğu kimi, könüllülərin peşəkar fəaliyyəti də ümumi işin rahat, sakit şəkildə həllinə böyük dəstək oldu. Bir daha göründü ki, Azərbaycanda könüllülük artıq bir hərəkat, institut kimi formalaşıb və gənclərimiz hər zaman dövlətin yanındadır, bütün işlərdə ona dəstək verirlər.

Lakin əfsuslar olsun ki, bəzi xarici KİV-lər UEFA Avropa Liqasının final oyunu ərəfəsində Azərbaycan əleyhinə qarayaxma kampaniyasına başladılar, hətta qarşılaşmanın paytaxt Bakıda baş tutmaması üçün əsassız iddialar ortaya atdılar. Bütün bu iddialar öz təsdiqini tapmadıqda həmin qurumlar Olimpiya Stadionunun guya dolmaması, boş yerlərin qalması barədə rəy formalaşdırmağa çalışdılar. Halbuki, stadionda 60 minə yaxın azarkeş oyunu seyr edirdi. Bakı finalını gözdən salmağa çalışan bəzi KİV-lər hətta oyunun çox sakit keçdiyini, ehtirasın olmadığını qüsur kimi göstərməyə çalışdılar. Amma oyunu stadionda izləyən istər yerli, istərsə də xarici azarkeşlər, eləcə də ekran qarşısında izləyənlər bu qarşılaşmadan böyük zövq aldılar. Əcnəbi azarkeşlərin mediaya açıqlamaları, oyun və Bakı barədə xoş təəssüratları buna əyani sübutdur. Bu kimi hallar bir daha onu göstərdi ki, Azərbaycanda keçirilən final matçı ilə bağlı heç kim diqqəti cəlb edə biləcək nöqsan tapa bilməz.


Qətiyyətlə deyə bilərik ki, final oyununa hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi, başlanmasına cəhd olunan qara piar kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi. UEFA Avropa Liqasının final oyunundan cəmi 3 gün sonra İspaniyanın paytaxtı Madriddə Çempionlar Liqasının final oyunlarının keçirilməsi, bu qarşılaşmalara hazırlığın səviyyəsi, yaşanan narazılıqlar isə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirənləri növbəti dəfə ifşa etdi. Bəlli oldu ki, beynəlxalq səviyyəli bir yarışı keçirmək potensialına malik olmayanlar bu sahədə yetərincə təcrübəsi olan Azərbaycanı qaralamaqla məşğuldurlar. Yəni, öz gözlərindəki tiri görməzlikdən gələrək başqalarının gözlərində tük axtarırlar. Belə ki, Madriddə Çempionlar Liqasının final oyunlarının təşkilati baxımdan nöqsan və qüsurlarla zəngin olmasını təsdiq edən çoxsaylı faktlar xarici KİV-lərdə geniş əks olunmaqdadır. "Liverpul” və "Tottenhem”in ifasında sönük oyunun keçdiyi, Avroliqanın Bakı finalı ilə müqayisəyə gəlməyəcək dərəcədə çoxsaylı problemlərlə yadda qaldığı hər kəsin dilinin əzbərinə çevrilməkdədir.


Həmin faktlarla tanış olub müqayisə aparanda bir daha aydın olur ki, Bakıda oyunun təşkili bütün parametrlər, o cümlədən təhlükəsizlik, nəqliyyat, servis, otellər, biletlərin ayrılması və sair üzrə daha səviyyəli olub. Misal üçün, Madriddəki stadionun tutumu 68 min olduğu halda "Liverpul” və "Tottenhem”ə cəmi 16 min 613 bilet ayrılıb. Buna görə fanatların çoxu oyuna gedə bilməyib və məyus olublar. Hətta "Liverpul” rəhbərliyi bununla bağlı UEFA prezidenti Aleksandr Ceferi ilə bu barədə görüşüb danışıqlar aparsa da, heç bir nəticə və dəyişiklik olmayıb. Digər tərəfdən, biletlər "qara bazar”da çox baha qiymətə satılıb. UEFA xəbərdarlıq edib ki, bir qrup şəxs Çempionlar Liqası üçün bilet oğurlayaraq baha qiymətə satıb. UEFA-nın rəsmi saytında qiymətlər 70-600 avro olsa da, oğurluq biletlər minlərlə avroya satılıb. Madridin bələdiyyə polisi "yaxşı keyfiyyətli” olan saxta bilet satanı həbs edib və bununla bağlı tvit paylaşıb. Polis qeyd edib ki, 2 dolandırıcı biletin qiyməti 8.400 avro olub.


Ümumiyyətlə, "The Telegraph”ın yazdığından belə məlum olur ki, Madridə futbol oyununu izləməyə gələn azarkeşlərdən üçdəbirinin bileti saxta olub. "Tottenhem”in azarkeşi olan məşhur tenor Vinn Evans xarici mediaya deyib ki, onlayn-agentlik vasitəsilə 7 min funt sterlinq ödəyərək iki bilet alıb. Ancaq bir qədər sonra ona bildirilib ki, bilet etibarsızdır. V.Evansın sözlərinə görə, həmin agentlik biletləri ona satandan sonra daha baha qiymətə başqa bir adama da satıb. O da məcbur olub bir qədər də baha qiymətə yeni bilet alıb. V.Evans əmin deyil ki, onun əbəs yerə xərclədiyi pulu agentlik geri qaytarsın. Bu kimi biabırçılıqlar əcnəbi media mənsubları və digər azarkeşlər tərəfindən də konkret faktlarla dilə gətirilməkdədir.
"SBNation Real Madrid” saytının baş redaktoru Lucas Navarrete mövzuya dair fikirlərini ifadə edərkən bildirib ki, bu, gördüyü ən pis Çempionlar Liqası finalıdır: "Bu, Çempionlar Liqasının bütün tarixi ərzindəki ən pis final idi. Bakı, sənə rişxənd etdiyimizə görə bizi bağışla. Geri boylansaq, siz Madridlə müqayisədə daha yaxşı idiniz”.

İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli isə BBC-yə verdiyi açıqlamasında qeyd edib ki, Bakı uzaq olsa da, Olimpiya Stadionundakı matçın təşkili əla olub. O, şəhərimizin təmizliyini və təhlükəsizliyini də dilə gətirib: "Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı. Mən və İngiltərədən "Çelsi”-"Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarışlaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

Madrid stadiona nəqliyyat daşımalarının da öhdəsindən layiqincə gələ bilməyib. Stadiona aparan yolda onlarla kilometr uzunluğunda tıxaclar yaranıb. Hətta "Liverpul”un sahibi Con Henri, həmçinin klubun əfsanələri Kenni Dalqliş və Yan Raş maşını tərk edərək, stadiona vaxtında çatmaq üçün yolun son 10 dəqiqəlik hissəsini piyada getməli olublar. Azarkeşlər 31 may – 2 iyun aralığında Madirddə yaşamaq üçün hədsiz yüksək qiymət, şəhərdəki fan-zonanın erkən qapadılması problemi ilə də üzləşiblər. Madriddəki stadionda təhlükəsizliyin hansı səviyyədə olmasını təsəvvür etmək üçün isə meydana qaçan yarıçılpaq qadını xatırlamaq kifayət edər.
"El Mundo” qəzetinin yazdığına görə, 33 yaşlı ingilis azarkeş güclü alkoqol təsiri altında şəhərdə açıq-aşkar tərbiyəsizlik edib, xanım turistə qarşı zorakılığa yol verib, üstəlik də 6 İspaniya polisinə xəsarət yetirib. Amma nə Olimpiya Stadionunda, nə də Bakıda belə bir olay baş verməyib. Azərbaycandan fərqli olaraq, Madriddə polis tərəfindən azarkeşlərin kütləvi həbsi və döyülməsi hallarına da rast gəlinib. Britaniya KİV-inin yazdığına görə, İspaniya polisi bara daxil olaraq, heç bir əsas olmadan "Tottenhem”in 50-yə yaxın fanatını döyüb ki, onlardan da çoxu ciddi zədə alıb.

Sonda qeyd edək ki, Bakıdakı "Arsenal” – "Çelsi” oyunu ilə Madriddəki "Liverpul”-"Tottenhem” qarşılaşmasına hazırlıq, təşkilatçılıq səviyyəsini müqayisə etdikdə Azərbaycanın İspaniyadan fərqli olaraq idman yarışına daha yaxşı ev sahibliyi etdiyini görə bilərik.
Alpər TURAN
banner

Oxşar Xəbərlər