• cümə axşamı, 18 aprel, 07:25
  • Baku Bakı 12°C

Bakılı Vitorqan

03.03.20 09:30 2420
Bakılı Vitorqan
Aktyor hazırda da aktiv yaradıcılıq həyatı keçirir
Məşhur kino və teatr aktyoru Emmanuil Vitorqan 80 yaşını qeyd edib. Bakılı aktyor milyonlarla televiziya tamaşaçısının, sovet kino və teatrının sevimli sənətkarlarındandır. Zamanında «Xeyirxah olmaq asandır», «Kortik», «Sehrbazlar» filmlərindəki rolları ilə məşhur olub.
Emmanuil Bakıda anadan olub. Atası Qedeon Vitorqan un istehsalı üzrə yaxşı mütəxəssis kimi tanınırdı. Buna görə onu mütəmadi olaraq ölkənin müxtəlif şəhərlərinə göndərirdilər. Anası Xaya Blexman ailənin ocağını qoruyub saxlaya bilmişdi. O, iki övladını - Vladimiri və ondan 3 yaş kiçik olan Emmanuili məhəbbətlə böyüdürdü. Kiçik oğlana yəhudi qırğını zamanı həlak olmuş əmisinin adını vermişdilər. Aktyorun valideynləri milliyyətcə Odessada yaşayan yəhudilər idi. Kiçik oğullarının doğumu zamanı onlar Bakıda yaşayırdılar.
Emanuil Vitorqan məktəbi Həştərxanda bitirmişdi. Yuxarı siniflərdə oxuyarkən o, teatrla maraqlanmağa başladı. Yaradıcılıq bioqrafiyası isə Yuri Koçetkovla tanışlığından başlayıb. Yurinin valideynləri Həştərxan teatrının artistləri idilər. Vitorqan dram dərnəyinin heç bir premyerasını qaçırmazdı. Bütün digər həvəsləri – voleybol və su polosu yarışları ikinci plana keçmişdi.
Məktəb attestatını alan Emmanuil Moskvaya yollanır. Amma paytaxtın ali teatr məktəblərindən heç birinin tələbəsi ola bilmir. Ancaq abituriyent təslim olmur. O, inadkarlığı nəticəsində Leninqrad Ali Teatr Məktəbinə daxil olur. Gələcək aktyorun bəxti gətirir: Vitorqan istedadlı aktyor Boris Zonun rəhbəri olduğu kursa düşür. Emanuil Alisa Freyndlix, Sergey Yurkin, Svetnlana Kapinskiy, Aleksandr Nazarov və başqa aktyorlarla birgə sənətkarlığın sirlərini öyrənməyə başlayır.
İnstitutu bitirdikdən sonra aktyorluğa yeni başlayan Emmanuil Pskov Dramatik Teatrına göndərilir. Amma 2 ildən sonra aktyor sevimli Neva şəhərinə qayıdıb məşhur «Lenkom»da işə başlayıb. Bu teatrın səhnəsində Emmanuil 1971-ci ilədək oynayıb. Sonra isə Moskva həyatı başlayıb...
Aktyor paytaxta öz ikinci həyat yoldaşı, aktrisa Alla Balterlə birgə köçüb. Sənətçilər Taqanka truppasına qəbul olunublar. Cütlük burada iki il çalışıb, sonra V.Mayokovski adına Akademik Teatrın səhnəsində çalışmağa başlayıblar. Aktyor karyerasının yaxşı illərini bu teatra həsr edib. Emmanuil Qedeonoviçin rolları arasında - Andrey Qonçarov, Adolf Şapiro, Leonid Xeyfisin filmləri var.
Vitorqanın son işi 2015-ci ildə səhnəyə qoyulan rejissor Aleksandr Gerasimovun «Kral Tref – məhəbbət xəritəsi» tamaşası olub. Emmanuildən başqa tamaşada baş rollarda Anjelika Aqurbaş və Lyudmila Maksakova oynayıblar. Sonralar tamaşa Vitorqanın mədəniyyət mərkəzinin səhnəsində oynanılıb.
Komediyadan tutmuş psixoloji drama kimi
Ekranlarda Emmanuil Vitorqan 1962-ci illərdə görünüb. Əvvəlcə aktyora ikinci dərəcəli epizodik rollar tapşırılıb. 1977-ci ildə isə kinoda ilk rolunu oynayıb. O vaxtlar Vilya Lipatovanın eyniadlı romanı əsasında çəkilmiş «Bunun hamısı onun haqqındadır» filmi aktyorun kinoya vəsiqəsi olur. Aktyora özündə qəzəb və xeyirxahlığı birləşdirən cinayətkar Qleb Zavarzinanın rolu həvalə olunur. Vitorqan bu obrazı yaddaqalan oynayır. Film aktyora kinoda ilk şöhrəti gətirir.
Zahirən hündür və görkəmli Emmanuil Qedenoviç 1970-80-ci illərin canilərini gözəl oynayırdı. Məhz bu istedadına görə kinobiqorafiyasında bu qədər mənfi rollar yaranmışdı. O cümlədən, «Müstəntiq peşəsi» və «Sərhəd mərkəzinin emissarı» filmləri buna gözəl misaldır.
Amma Vitorqanın istedadı hərtərəfli idi - bunu aktyor öz filmoqrafiyası ilə sübut etdi. Aktyor komediya janrından tutmuş psixoloji darama kimi oynamağı bacarırdı. Emmanuilin yaradıcılığında müsbət rollar da az deyil. «Moskva uğrunda döyüş» filmindəki Fomin, rejissor Prokudin-Qorskinin «Anna Karamazoff» və «Yatmış iti oyatmayın» komediyasındakı vicdanlı müstəntiq Zotov belə rollardandır.
«Dindar Marta» və «Sehrbazlar» Vitorqana ümumxalq məhəbbəti qazandırır. Emmanuel Vitorqanın iştirakı ilə çəkilmiş filmlər sırasında musiqili «Nə vaxt ki, müqəddəslər yürüş edir», kriminal komediya olan «Yatmış iti oyatmayın» , «Deribasovskda gözəl havadır, yaxud Brayton-Biçdə yenə də yağış yağır» məzhəkə filmləri film həvəskarlarının yaxşı yadındadır.
1990-cı illərdə Emmanuil Qedenoviç ekranlarda az görünməyə başladı. Bu, kinematoqrafiyanın böhranı və həyat yoldaşının ağır xəstəliyi, sonra isə ölümü ilə bağlı idi.
Yeni əsrdə Emmanuil Vitorqan reytinqli telelayihələrdə çəkilməyə başladı. 2003-cü ildə o, Pyotr Dolqorukovun obrazını canlandırdığı «Miskin Nastya» serialında ekranlara çıxdı. Tamaşaçılar aktyoru «Arbatın uşaqları» və «2014-cü ilin küknar ağacı», «Annanın iki üzü» seriallarında da gördülər.
Son illər aktyor daha çox oliqarxların – professorların, müvəffəqiyyət qazanmış hüquqşünasların və ya tibb işçilərinin rollarını oynayır. Əvvəlki kimi Emmanuil Vitorqanın obrazları arasında polkovniklər və generallar da var.
Sovet kinematoqrafiyasının daha gözəl cütlüyü
Emmanuil Vitorqanın ilk nikahı tələbə qızla olub. Gənc aktyor kurs yoldaşı Tamara Rumyansevaya vurulub. Kursu bitirənə yaxın gənclər artıq ər və arvad kimi yaşayırdılar. Bu nikahdan qızları Kseniya doğulub. Uşağın 5 yaşı olanda onların nikahı pozulub. Bu hadisə aktyorun Alla Balter ilə tanışlığından sonra baş verib. Aktyor ilk baxışdan ona vurulub. Qarşılıqlı məhəbbət aktyorun ailəsini dağıdıb. Cütlüyün macərası o qədər təsirli olub ki, bir-birindən uzaqda dayana bilməyiblər. Boşanandan sonra Tamara Rumyanseva keçmiş həyat yoldaşından şəhəri tərk etməyi xahiş edib. Vitorqan mərkəzə köçüb. Sonralar Emmanuil etiraf edib ki, birinci arvadına etdiyi xəyanəti heç vaxt unutmur və bunu özünün günahı sayır. Çünki bu illər ərzində qızı atasız böyüyüb.
Alla ilə nikahdan isə oğlu Maksim Vitorqan doğulub. Vitorqan-Balter cütlüyünü Alen Delon və Rom Şnayderlə müqayisədə sovet kinematoqrafiyasının daha gözəl cütlüyü adlandırırdılar. Ər-arvadın şəkilləri kinematoqrafiyaya həsr olunmuş jurnalların üz qabığını bəzəyirdi.
Allanın xəstəliyi və ölümü Emmanuil Qedeonoviç üçün böyük zərbə olub. Aktrisanın xərçəng olduğu məlum olub. Lakin Alla uzun illər səhnəyə çıxmaqda davam edib. Vitorqan həyat yoldaşını hər cür müdafiə edirdi. Yoldaşının vəfatından sonra isə depressiyaya düşüb.
Emmanuil Vitorqanın şəxsi həyatı teatr agentliyinin rəhbəri İrina Mlodiklə görüşündən sonra dəyişib. Gələcək cütlük «Brodvey cadugəri» tamaşasının hazırlıqları zamanı tanış olublar. Birgə iş əvvəl dostluğa, sonralar isə məhəbbətə çevrilib. Qadın aktyora ətraf mühitə məhəbbəti qaytara bilib və 2003-cü ildə Emmanuil 3-cü dəfə ailə qurub. Hazırda cütlük Rusiya və Avropaya qastrollara çıxaraq «Hər şey üçün sənə minnətdaram» adlı musiqili-poeziya gecələrini hazırlayırlar.
Emmanuil Vitorqanın beş nəvəsi var, lakin Kseniyanın uşaqları Aleksandr və Nikita ilə münasibəti yoxdur. Əvəzində Maksimin üç uşağını – Polina, Daniila və Platonu aktyor tez-tez görür. Vitorqan böyük nəvəsi, Britaniya kollecinin tələbəsi Daniillə daha çox fəxr edir. Kseniya Sobçakın kiçik oğlu Platon isə babanın ən sevimli nəvəsidir.
Emmanuil Vitorqan hazırda
Aktyor aktiv yaradıcılıq həyatı keçirir. Vitorqan əvvəlki kimi kinolara çəkilir, V.Mayakovski adına teatrın səhnəsində görünür. Şərqi-Avropa kino məktəbində tələbələrə aktyorluq sənətindən dərs deyir, NTV telekanalında «Kino haqqında söhbət» verilişinə aparıcılıq edir.
Aktyor «Milyona dəyən sirr» verilişində qonaq olarkən birinci həyat yoldaşından ayrılmağının səbəblərindən, Alla Balter ilə münasibətlərindən və hazırkı yoldaşı İrina haqqında danışıb. 2018-ci ildə Vitorqanın ailəsində yeni uşağın dünyaya gəlməsi xəbərini isə onu tanıyanlar sevinc hissi ilə qarşılayıb. 56 yaşlı İrina Mlodik Etel adlı qız dünyaya gətirib. 2019-cu ildə Vitorqan yenidən ata olub: qızı Klara dünyaya gəlib. Aktyor bildirib ki, bunun necə böyük məsuliyyət olduğunu yaxşı başa düşür. Axı, hər iki valideyn cavan deyillər. Amma o, övladlarını hədsiz sevir.
Hazırda aktyor Emmaunil Vitorqan mədəniyyət mərkəzinə rəhbərlik etməsindən, mərkəzin tamaşalarında məşğulluğundan əlavə, həyat yoldaşı ilə bərabər «Vitorqan klub» təşkil edib. Cütlük hətta klubun filialını Almaniyada da açıb. "Mən daim işləmək, enerjimi sərf etmək haqqında düşünürəm. İstəyirəm ki, gördüyüm işlərin insanlara faydası dəysin. Zatən bütün ömrümü bu istiqamətdə sərf etmişəm”- deyə bakılı aktyor bildirib.
Emmanuil Vitorqanın çəkildiyi son filmlər içərisində «Cümə» və "Sehrkarlar» adlı fantastik film yer tutur. Aktyorun rol aldığı «Parisə» filmi isə keçdikləri müharibə yolunu və qələbəni qeyd etmək üçün Fransaya yollanan tankçılar haqqındadır.
Vitorqan Bakını da unutmur. O, Azərbaycanın paytaxtına tez-tez gəlir. 2015-ci ilin aprelində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onun iştirakı ilə "Sevgi kartı” tamaşası oynanılıb. Həmin tədbirdə Emmanuil Vitorqana Azərbaycan Mədəniyyət Nazirliyi adından "Azərbaycanın Fəxri Mədəniyyət İşçisi” döş nişanı təqdim edilib. O, doğulduğu Bakı şəhəri, onun ziyalı, qonaqpərvər sakinləri haqqında çoxlu səmimi sözlər deyib. Ölkənin paytaxtındakı görüşləri zamanı "Xoşbəxtəm ki, qismətimə Bakı kimi işıqlı, gözəl şəhərdə doğulmaq düşüb” deyə xüsusi hissiyyatla qeyd edib.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər