AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıdan Kanna gedən yol

Bakıdan Kanna gedən yol

Mədəniyyət
17 May 2013, 08:45 1491
Bu günlərdə kino aləminin ən mühüm hadisələrindən biri baş tutub. Kann Beynəlxalq Kinofestivalı 66-cı dəfə start götürüb. Belə ki, mayın 15-dən 26-dək kino dünyasının ürəyi Fransanın Kann şəhərində döyünəcək. Məşhur aktyorların festivalda iştirakı ilə əlaqədar bütün dünyadan minlərlə pərəstişkar və incəsənət nümayəndələrnin Kann şəhərinə axını başlayıb.

Mayın 15-də açılışı olan festival Frensis Skott Ficeraldın “Böyük Qetsbi” romanı əsasında avstraliyalı kinorejissor Baz Lurmanın çəkdiyi “Böyük Qetsbi” filminin nümayişi ilə işinə başlayıb. Müsabiqə proqramında festivalın əsas mükafatı olan “Qızıl Palma Budağı” uğrunda mübarizə aparan 20 film nümayiş etdiriləcək. Favoritlər Stiven Soderberqin “Şamdanlar arxasında”, Nikolas Vindinq Röfnün “Yalnız Tanrı bağışlayar”, Roman Polonskinin “Xəz geymiş Venera”, Etan və Coel Koen qardaşlarının “Lyuin Devisin daxilində”, Takasi Miikenin “Saman qalxan” və Szya Çjankenin “Günahın toxunuşu” filmləridir.

Bu il məşhur kinorejissor Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyətində rejissorlar Enq Li, Kristian Munciu, Namoi Kavase və Linn Remzi, habelə aktyorlar Vidya Balan, Daniel Otoy, Nikol Kidman və Kristof Valts yer alıb.

Qeyd edək ki, ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunur. Azərbaycan nümayəndə heyətinin üzvləri - Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Azanfilm”in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər artıq festivalın keçirildiyi məkandadırlar. Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsullarının nümayiş etdiriləcəyi bildirilir. Həmçinin “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və videoçarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcək.

Bəs görəsən hər bir dövlətin nümayəndələri qırmızı xalça üzərindən keçib səhnəyə yol tapdığı və buna can atdığı halda, Azərbaycan nümayəndələrinin təkcə pavilyonla təmsil olunması milli kinomuzu tanıtmağa nə qədər kömək edə biləcək? Kino adamlarının bu barədə fikirləri müxtəlif oldu.

Kinorejissor Tahir Əliyev Kann kinofestivalında pavilyonumuzun açılmasını böyük əhəmiyyətli bir fəaliyyət kimi qəbul etmir: “Pavilyon açmaqla Azərbaycan kinosunu dünyaya tanıtdırmaq mümkün deyil. Əsas odur ki, filmimiz bəyaz ekranda göstərilsin. Pavilyon nədir ki? Türk rejissoru Nuri Bilgə Ceylan o mükafat qalmayıb ki, Kann festivalında almasın. Guya ondan qabaq türklər gedib Kann festivalında pavilyonmu açmışdılar? Pavilyon kağız üzərində hazırlanan protokoldur. Pavilyonun açılması elə də ciddi bir şey deyil. Azərbaycan kinosunun ulduzlarının qırmızı xalçadan keçib, filmlərimizin bəyaz pərdədə nümayiş olunmasına hələ çox zaman var. Amma hər şeyə nikbin baxmaq lazımdır. Filmlərimizin bəyaz pərdəyə gedib çıxa bilməməsi rejissorlarımızın problemi deyil. Bu, kinonu idarə edənlərin problemidir. Onlar bu barədə fikirləşməlidir. Ən əsası, cavan nəsil xarici kinematoqrafçılarla iş birliklərini artırmalıdır. Lazım olarsa, xaricdən ən yaxşı rejissorlar, operatorlar və ssenaristlərdən dəstək alıb, iş birliyi qurub, gözəl bir film çəkib Kann festivalında iştirak etmək mümkündür”.

Kinoşünas Aydın Dadaşov festivala gedən nümayəndə heyətimizin film təqdim etməyəcəyini və festivalda sadəcə olaraq, festival keçirilən binanın qarşısında nəyisə nümayiş etdirəcəklərini söylədi: “Azərbaycanda Kann festivalına gedə biləcək səviyyədə kino çəkilmir. Nə zaman Azərbaycanda dünya kino bazarında rəqabətə cavab verə biləcək film çəkilərsə, o zaman Kann festivalında iştirak edə bilər. O zaman biz də festivalda iştirak edib, yer də qazana bilərik. Əsas odur ki, biz o istiqamətə doğru gedirik”.

Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev Kann festivalında təsadüfi adlar və təsadüfi seçilmiş rejissorların heç zaman iştirak etmədiyini, yalnız professional şəkildə çəkilmiş filmlərin festivala yol tapdığını bildirdi: “Kann festivalına filmini təqdim edən rejissor müəyyən mərhələni keçmiş, söz sahibi, püxtələşmiş bir rejissor olmalıdır. Festivala adi, primitiv filmlər buraxılmır. Biz yalnız addım-addım inkişaf edib, həmin festivala gedib çıxa bilərik. Azərbaycan kinosunun ciddi müsabiqələrdə iştirakı müşkül məsələdir. Biz yüksək səviyyəli müsabiqələrə hazır deyilik. Yalnız 50-ci illərdə Muxtar Dadaşovun əsəri və bir neçə sənədli filmlərimiz Kann festivalında müsabiqədənkənar nümayiş olunub”.

Kinorejissor Elşən Zeynallı Azərbaycanın Kann festivalında iştirak etməsi üçün azad kino sənayesinin yaranmasının labüdlüyünü və azad kino bazarımızın formalaşmasının vacibliyini vurğuladı: “Kann festivalı dünyada ən yüksək səviyyəli festival hesab olunur. Bizim üçün sevindirici haldır ki, o festivalda Azərbaycan pavilyonu açılır. Amma əsas məqsəd konkursda iştirak etməkdir. Mənim istəyim odur ki, pavilyonda deyil, səhnədə çıxış edək. Festivalda filmimizin iştirak edə bilməməyinin əsas səbəbi odur ki, azad kino sənayemiz yoxdur. Azad kino bazarımız formalaşmalıdır. Filmi kütləvi istehsalata gətirib çıxarandan sonra 100 normal filmin içərisindən bir yaxşısı çıxacaq. O zaman biz həmin filmi festivala göndərə bilərik. Mən bir rejissor kimi bunun arzusundayam. Kann festivalında iştirak edən nümayişdən kənar filmimiz olub. Səhv etmirəmsə, Murad İbrahimbəyovun filmi və Azərbaycan xalçaları ilə bağlı sənədli film nümayiş olunmuşdu. Bilirsinizmi, kino hər dövlətdə yoxdur. Avropada kino nə zaman yaranıbsa, bizdə də eyni vaxtda yaranıb. Bizim də istəyimiz odur ki, filmin müəllifindən asılı olmayaraq, festivalda Azərbaycan filmi iştirak etsin. O zaman da Azərbaycan kinosu üçün böyük bir səhifə açılardı”.

Qeyd edək ki, Kann kinofestivalı mayın 26-da Jeorm Sallenin “Zulu” filminin nümayişi ilə başa çatacaq. Festivalın qalibləri mayın 22-də elan ediləcək. Xatırladaq ki, keçən il festivalda yarışan bütün filmlərin rejissorlarının kişi olması bir sıra tənqidlərə səbəb olmuşdu. Budəfəki festivalın yekun nəticələrinin necə olacağı kinosevərlərin maraq obyektinə çevrilib.


Xəyalə Rəis