• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Bakıda “Youthvision-2017” beynəlxalq mahnı müsabiqəsi keçirilib

22.04.17 09:15 1491
Bakıda “Youthvision-2017” beynəlxalq mahnı müsabiqəsi keçirilib
Aprelin 21-də Bakıda "Youthvision 2017” beynəlxalq mahnı müsabiqəsi keçirilib.
AZƏRTACxəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Youthvision 2017” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir.
Müsabiqədə ümumilikdə 19 ölkənin - Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır.
Müsabiqədə qiymətləndirmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Müsabiqənin ümumi mükafat fondu 6 min ABŞ dollarıdır.
Sonda qaliblər mükafatlandırılıb: birinci yeri Gürcüstan (109 xal), 2-ci yeri Qırğızıstan (100 xal), 3-cü yeri Moldova (97 xal) təmsilçiləri tutublar.
Qeyd edək ki, aprelin 15-dən 22-dək Bakıda olan qonaqlar şəhərimizin müxtəlif yerlərini gəzib, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr ilə yaxından tanış olublar. Səfər çərçivəsində onlara Azərbaycan tarixi haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçirilib.
banner

Oxşar Xəbərlər