• çərşənbə axşamı, 19 mart, 08:50
  • Baku Bakı 8°C

Bakıda “Qarabağ həqiqətlərinin yayılmasında türk dünyası mediasının rolu” adlı konfrans keçirilib

19.03.17 19:23 916
Bakıda “Qarabağ həqiqətlərinin yayılmasında türk dünyası mediasının rolu” adlı konfrans keçirilib
Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü sözü ilə...” adlı layihəsi çərçivəsində Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçilərinin iştirakı ilə Atatürk Mərkəzində "Qarabağ həqiqətlərinin yayılmasında Türk dünyası mediasının rolu” adlı konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı qardaş Türkiyənin media təmsilçilərinin Bakıda salamlamaqdan məmnun olduğunu bildirdi. Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan mərkəzin bir elmi, ədəbi qurum kimi yaranmasından, fəaliyyətindən danışdı, qurumun fəaliyyət istiqamətindən, görülən işlərdən bəhs etdi. O bildirdi ki, eyni tarixi köklərə, dil və mədəni irsə sahib hər iki xalq tarixin kəşməkeşli sınaqlarından uğurla keçmişdir. Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət” deyimini xatırladan Nizami Cəfərov bildirdi ki, qardaş Türkiyənin olmadığı beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş ölkəni müdafiə etməsi də bu qardaşlıq və dostluq münasibətinin bariz nümunəsidir.
Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyə jurnalistlərinin Bakıya səfərinin özəl bir günə-Çanaqqala zəfərinin 102-ci ildönümünə təsadüf etməsini xüsusi vurğuladı. Qeyd etdi ki, Novruz bayramı ərəfəsində türk tarixinin şanlı səhifələrindən biri olan Çanaqqala zəfərinin 102-ci ildönümünün Azərbaycanda qeyd edilməsi önəmli hadisədir. Azərbaycandan Çanqaqqalaya könüllü olaraq köməyə gedən Azərbaycan türklərinin köməyə getməsi, eləcə də Nuri Paşanin komandanlığı ilə türk əsgərlərinin Azərbaycandakı bacı-qardaşlarının köməyinə yetişməsi, Çanaqqala və Bakıda qəhrəmanlıq dastanlarının yazılması, bu qəhrəmanlıq səhifələri gələcək türk gəncliyi üçün örnəkdir. Səfərin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqları və tədbir iştirakçılarını türk dünyasının əziz bayramı Novruz münasibəti ilə təbrik etdi və gələn Novruzun işğal altından azad ediləcək torpaqlarımızda Qarabağda qeyd edək dedi.
Türk Ocaqlarının Antalya şöbəsinin başqanı Abdullah Uysal təmsil etdiyi qurumun yaranmasından, onun fəaliyyətindən ətraflı söhbət açıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu beynəlxalq təşkilatlarda Türkiyə və Azərbaycan mediasının daha fəal olmasının vacibliyini vurğuladı. O bildirdi ki, türk coğrafiyasının səsinin duyulması üçün beynəlxalq qurumlarda fəallıq önəmlidir. Antalya Qəzetəçilər Cəmiyyəti və Akdeniz Qəzetəçilər Federasiyası başqanı Mevlüt Yeni səfər çərçivəsində Mətbuat Şurası, eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq memorandumunun imzalandığını vurğuladı, qeyd etdi ki, media sahəsində daha səmərəli əməkdaşlıq üçün yeni imkanlar mövcuddur.
TUMİB sədri Çingiz Bayramov 15 iyul olaylarında Azərbaycan xalqının Türkiyənin yanında olmasını xüsusi vurğuladı. Qeyd etdi ki, müasir dövrdə informasiya siyasətinin aparılmasında sosial şəbəkələrin rolu qaçılmazdır və bu baxımdan sosial mediadan səmərəli istifadə edilməlidir. "Türküstan” qəzetinin redaktoru Aqil Camal , "Birlik” jurnalının baş redaktoru İlqar İlkin Türkiyə və Azərbaycan başda olmaqla, türk dünyası mediası ilə bağlı görülən işlərdən, gələcəkdə daha səmərəli informasiya əməkdaşlığının aparılması üçün təklif və fikirlərini səsləndirdilər.
Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti ilə də tanış olublar. Daha sonra qonaqlar Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunda olmuşlar. Bilik Fondunun yaranması və fəaliyyəti ilə yaxından tanış olan qonaqlar həmçinin qurumla əməkdaşlıq imkanlarını da müzakirə etmişlər. Qonaqlar həmçinin Milli Məclisin deputatları ilə görüşmüş, fikir mübadiləsi aparmışlar. Türkiyəli qonaqlar Dənizkarı milli parkda bayram şənliklərinə qatılmış, Azərbaycanın müxtəlif bölgələrinin milli mətbəxini, şirniyyatlarını əks edən guşələrlə tanış olan jurnalistlər bayram təamlarından dadmış, eləcə də Novruz adət-ənənələri ilə daha yaxından tanış olmuşlar
banner

Oxşar Xəbərlər