• cümə, 19 Aprel, 20:52
  • Baku Bakı 24°C

Bakıda metrobus xəyalları

25.07.13 11:05 2328
Bakıda metrobus xəyalları
Şəhərimizdə yeni yolların çəkilməsinə, körpülərin salınmasına baxmayaraq, tıxac problemi hələ də qalır. Problemin həlli istiqamətində “Böyük Bakının regional inkişaf planı”nda yeni ictimai nəqliyyat növlərinin tətbiqi nəzərdə tutulur. Layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı mətbuata açıqlamasında deyib ki, Bakıda sürət tramvayları, yerüstü metropoliten, metrobusların tətbiqi götür-qoy edilir. Belə yolların şəhər daxilində və ondan kənarda, xüsusilə Bakıdan Heydər Əliyev Hava Limanına, Sumqayıt və Ələtədək çəkilməsi nəzərdə tutulur. Layihə isə 2030-cu ilə qədər həyata keçiriləcək.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli hesab edir ki, Bakıda metrobus yolunun çəkilməsi maraqlı və lazımlı proyektdir: “Bilirsiniz ki, İstanbulda ciddi tıxac problemi yaşanır. İstanbul bələdiyyəsi metrobus proyektini həyata keçirməklə tıxacların qarşısını xeyli ala bildi. Bakı şəhərinin də buna ehtiyacı var. Məsələn, Azadlıq prospektini genişləndirib metrobus yolu çəksələr, tıxacların qarşısını ciddi şəkildə almağa müvəffəq olarıq”.
Müsahibimizin sözlərinə görə, metrobusların üstünlüyü yalnız tıxac problemini həll etməsində deyil. Bakı şəhərində təxirəsalınmaz təcili tibbi yardım maşınlarının xəstələri müvafiq klinikalara çatdırmasında problemlər var: “Türkiyədə metrobusların yolunda müstəsna hallarda təxirəsalınmaz tibbi yardım maşınlarının hərəkətinə icazə verilir. Eləcə də yanğın baş verdikdə, metrobus yoluna yanğınsöndürmə maşınları da buraxıla bilər. Lakin Bakıda bəzi yolların infrastruktur xarakteri təəssüf ki, metrobus yolunun çəkilməsinə imkan vermir”.
İ.Hüseynli bu layihənin həyata keçirilməsinin daha çox tıxac problemi yaradacağını, nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə olacağını istisna etmir. Düşünür ki, bu, zaman aparacaq məsələ olsa da, yeni sistem gələcəkdə Bakı şəhərinin qurulmasına ciddi yardım edəcək. Bu mənada, metrobusların qurulması alqışlanan bir haldır: “Bakı-Sumqayıt yolunda metrobus yolunun çəkilməsinə ehtiyac var. Çünki bu yolda nəqliyyat vasitələrinin ciddi intensivliyi müşahidə olunur. Eyni zamanda, hava limanı istiqamətində metrobus yolunun çəkilməsi çox müvafiq olardı. Bakı-Ələt yoluna da metrobus çəkilə bilər. Lakin bu, külli miqdarda vəsait deməkdir. Düşünürəm ki, Bakı-Ələt yolu tıxac problemi ilə üzləşməyən bir magistraldır”. Müsahibimiz deyir ki, ola bilsin, Azadlıq prospektindən Rəsulzadə qəsəbəsinə qədər olan yollar genişləndirildi. Amma mütləq deyil ki, bir prospektin bu başından o başına qədər metrobus çəkilsin. Ən azı infrastrukturun imkan verəcəyi məsafələrdə metrobuslar qurulmalıdır: “Həsən Əliyev prospektində genişləndirmə işinə ehtiyac var. Tbilisi prospektinin kəsişməsindən Həsən Əliyev prospektinin sonuna qədər bu işlər görülsə, yaxşı olar. Bu prospektin bəzi yerlərində elektrik xətləri quraşdırılıb. Elektrik xətlərini prospektin kənarlarına çıxarmaqla yolu genişləndirmək olar. Bununla da, metrobus yolunun çəkilməsinə imkan qazanmaq mümkündür. Bilirsiniz ki, Bakı şəhərində əvvəllər tramvaylar işləyirdi. Tramvayların işləməsi üçün tələb olunan yolun eni metrobuslara da tələb olunur”.
Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov layihə ilə tanış olduğunu, lakin uğurlu hesab etmədiyini söylədi: “Bu məsələnin həllini tapacağına inanmıram. Bakı şəhərinin küçələri imkan vermir ki, gələcəkdə bu sahəni inkişaf etdirmək mümkün olsun. Bakı şəhərinin küçə və prospektlərində aparılan tikinti, quraşdırma işləri və ya yol infrastrukturuna bugünkü kapital qoyumu onu göstərir ki, bu işlərin görülməsinə şərait yoxdur. Hesab edirəm ki, bu işin həyata keçirilməsi Nəqliyyat Nazirliyi və ya Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılarsa, onlar digər işlər kimi bu layihəni də yarımçıq həyata keçirəcəklər”.
Müsahibimiz layihənin uğurlu olacağına inanmamasının səbəbi kimi bunları dedi: “Bu gün bu fikri ortaya atmağa ehtiyac yoxdur. Əsrin son model ictimai nəqliyyat qurumunu bizdə yaratmaq mümkün olan şey deyil. İntellektual idarəetmə sistemi quraşdırılarkən milyonlarla pulu bu işə sərf etdilər. Lakin biz onun effektini görmədik. Həmçinin onların sərnişin avtobuslarında post-terminallar quraşdırmaq iqtidarında olmadığı bir daha göstərir ki, bu sahənin inkişafını sadəcə xəyal edə bilərik”.
Metrobus yolunun çəkilməsi ilə bağlı paytaxt sakinlərinin nə düşündükləri ilə maraqlandıq. Fikirlərini bizimlə bölüşən həmsöhbətlərimiz layihənin reallaşmasının tərəfdarı olduqlarını bildirdilər. Taksi sürücüsü kimi fəaliyyət göstərən Vaqif Babayev dedi ki, mənzil başına tıxac olmadan, vaxtında çatmağın mümkünlüyünə inanmır: “Paytaxtda maşınların sayı durmadan artır. Layihə isə 2030-cu ilədək reallaşacaq. Deməli, hələ o vaxta çox var”.
Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin mövqeyini isə öyrənmək mümkün olmadı. Üç gün ərzində dəfələrlə nazirliyə-mətbuat katibi Namiq Həsənova telefon açsaq da, zənglərimizə cavab verilmədi.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər