• şənbə, 20 Aprel, 07:39
  • Baku Bakı 14°C

Bakıda mənzillər bahalaşacaq?

11.02.14 11:18 1495
Bakıda mənzillər bahalaşacaq?
“Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir”. Bunu facebook səhifəsində iqtisadçı ekspert Vüqar Bayramov yazıb. Ekspert qeyd edib ki, keçmiş Sovetki adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir: “Evlərin köçürülməsi fondunda yalnız nağd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlara gətirib çıxaracaq”.
V.Bayramovun fikrincə, ötən il mənzil bazarında müşahidə edilən qiymət artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü ildə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb: “Kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq, əmlak bazarındakı qiymət artımlarının paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır”.
Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı, eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bu il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qısa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Ekspertin qənaətincə, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı, daha ciddi artımlara gətirib çıxaracaq: “Digər tərəfdən, mənzil bazarındakı “dillerlərin” evlərə görə kompensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır, amma bazarda qiymət artımları müşahidə edilir”.
V.Bayramov hesab edir ki, əslində, Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə kompensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsədəuyğundur: “Bu zaman otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Belə olanda dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə paytaxtdakı yeniləşmə planlarının mənzil bazarına təsirlərini minimumlaşdırır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər