• cümə, 29 Mart, 09:10
  • Baku Bakı 5°C

“Bakı”da “ilin ən çətin oyunu” öncəsi “qaç-tut”

29.11.13 17:21 1212
“Bakı”da “ilin ən çətin oyunu” öncəsi “qaç-tut”
“Bakı” klubu noyabrın 30-da “İnter”lə Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirəcəyi paytaxt derbisi öncəsi son məşqinə çıxıb. Lent.az-ın məlumatına görə, 1 saatadək davam edən hazırlıq prosesinə əsas qapıçı Kamran Ağayev də qatılıb.
Bu yaxınlarda əməliyyat olunmuş Azərbaycan millisinin qolkiperi “kvadrat” təmrinində iştirak edib. Əvəzində Elvin Əliyev və Əfran İsmayılov meydanın ayrı bir hissəsində fərdi məşq ediblər. Müalicəsini davam etdirən Mario Rubio isə yüngül qaçışla kifayətlənib.
Futbolçular “kvadrat”dan əlavə, mərkəz dairədə topla əyləncəli “qaç-tut” tapşırığını yerinə yetiriblər. Sonda isə qapıya zərbələr sınaqdan keçirilib. Bununla da Bakı derbisi öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç 1 saatlıq hazırlığı başa vurub.
Serbiyalı mütəxəssis paytaxt derbisi barədə fikirlərini “Bakı”nın rəsmi saytına açıqlayıb: “Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. “İnter” fərqli sistemlə çıxış edən özünəməxsus üslubu olan çətin komandadır. Oyunlarına baxanda bütün mövqelərin “işlədiyi”ni görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər. Mən bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədirlər. Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərar tuturdu, indi tədricən üst mövqelərə qalxması “İnter”in həqiqətən də, güclü olduğunu göstərir”.
Qeyd edək ki, “Bakı” klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.
banner

Oxşar Xəbərlər