Bakıda “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib
Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
(SMPDK), Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Britaniya
Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə "Antikorrupsiya idarəetmə
sistemi” beynəlxalq standartı üzrə konfrans keçirilib.
Konfranda Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib. Fuad Ələsgərov bildirib ki, bu gün
Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri,
sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən
bir məkandır. Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, dövlət
idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və
korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir:
"Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi
iradə mövcuddur”. PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham
Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və
fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxışlar və vəzifələr
müəyyən edilib: "Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən
institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş
cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə
tədbirləri antikorrupsiya siyasətimizin uğurlarındandır”. F.Ələsgərov bildirib
ki, bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə
üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır: "Bu sahədə
olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini
tapıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı
strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa
xüsusi önəm verilir”.
Sonra çıxış
edən SMPDK sədri Ramiz Həsənov bildirib ki, şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən
strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir. Komitə sədri qeyd
edib ki, açıq hökumət prinsipləri daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və
həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə
edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və
vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz
açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini
vermiş və "Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan
dövlətlərdən biri olmuşdur.
Ramiz Həsənovun
sözlərinə görə, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı iqtisadi islahatlar ili
olmuşdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən
islahatlar nəticəsində Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət
qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək
138 ölkə arasında 37-ci yerə, "Doing Business” 2017-cı il hesabatında isə
"Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülmüşdür.
Korrupsiyaya
qarşı idarəetmə sistemləri üzrə standart (BS10500:2011) barədə danışan SMPDK sədri
bildirib ki, ilk dəfə bu sənəd 2011-ci ildə standartın yaradıcısı Britaniya
Standartlar İnstitutu (BSİ) tərəfindən qeydiyyata alınmışdır. Hazırda qeyd
olunan standartın əsasında Beynəlxalq Standart (İSO 37001) hazırlanmış və
2016-cı ildə beynəlxalq səviyyədə təsdiqlənmişdir.
Qeyd olunan
standartın ərsəyə gəlməsinin səbəbi BSİ, Dünya Bankı və digər iqtisadi
institutlar ilə birgə aparılmış araşdırmaların nəticəsidir. Belə ki, müəyyən
olunmuşdur ki, dünya üzrə biznes iştirakçılarının 50%-i öz fəaliyyətini qorumaq
və digər məqsədlər üçün 1 trilion dollara yaxın korrupsiya yönümlü ödəmələr
ediblər və bu iqtisadiyyatın inkişafının ləngiməsinə əhəmiyyətli dərəcədə təsir
etmişdir.
Ramiz Həsənov
standartın əsas məqsədini açıqlayıb. O bildirib ki, hər bir ölkənin korrupsiya əleyhinə apardığı
qanunvericilik siyasəti ilə yanaşı dövlət və qeyri dövlət qurumlarının ölçüsü,
fəaliyyət sahəsi və inkişaf səviyyəsindən asılı olmayaraq tətbiq ediləcək tədbirlər
toplusu və müvafiq təlimatlar vasitəsilə qurumun korrupsiyaya qarşı mübarizə
potensialını artırmaq, korrupsiya hallarının aşkarlanması, aradan qaldırılması
və qarşısının alınması üzrə tədbirlər planını hazırlamaqdan idarətdir: "Qeyd
olunan standartın tətbiqi və bu standart üzrə sertifikatlaşdırılma təşkilatda
korrupsiyaya qarşı mübarizə sisteminin təşkili, tətbiqi, daima tənzimlənməsi,
vaxtaşırı yenidən baxılması və təkmilləşdirilməsini həyata keçirir. Standartın tətbiqi zamanı təşkilatda mövcud ola biləcək
korrupsiya riskləri araşdırılır, onların qiymətləndirilməsi aparılır və bu
qiymətləndirmə əsasında qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedur
qaydalar sistemi qurulur. Bu da öz növbəsində Korrupsiyaya qarşı İdarəetmə
Sisteminin qurulması vasitəsilə təşkilatda Antikorrupsiya Siyasətinin
formalaşmasına, düzgün funksiya, vəzifə və səlahiyyət bölgüsünün aparılmasına
zəmin yaradır. Bu standart artıq Oksford
Universitetində, London Şəhər Polisi, Britaniya Dövlət Maliyyə İdarəsi, BP
şirkəti, İtaliyanın ENİ şirkəti və digər təşkilatlar tərəfindən tətbiq
edilmişdir”.
Azərbaycan
Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev
çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar
atılıb. Onun sözlərinə görə, Azərbaycanda aparılan uğurlu antikorrupsiya siyasətinin
nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq
edir: "Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən
ilə yaxşılaşır".
Sonra BSİ-nin MDB və Baltikyanı ölkələr üzrə baş
direktoru Dmitri Yartsev isə bildirib ki, Azərbaycan qlobal məkanda beynəlxalq
təcrübəni ən yaxşı tətbiq edən ölkələrdəndir. Azərbaycanda Avropanın ən
qabaqcıl standartlarının uğurla tətbiq edildiyini deyən qonaq "Antikorrupsiya
idarəetmə sistemi” standartının tətbiqi üzrə uğurlar əldə olunacağına
əminliyini ifadə edib.
Konfransda Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da çıxış edib. O deyib ki, 5 ildir
fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı
mübarizə sahəsində uğurlu formul kimi çıxış edir: "ASAN xidmət"də
"vətəndaş həmişə haqlıdır" əsas meyardır və "ASAN xidmət"
modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bir neçə ölkədə "ASAN
xidmət" modeli tətbiq olunmağa başlanıb". İnam Kərimovun sözlərinə
görə, antikorrupsiya idarəetmə sistemi üzrə beynəlxalq standartların rəhbərlik
etdiyi qurumda tətbiqi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq ediləcək.
Beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən
İSO-nun müvafiq komitəsinin katibi, standartın müəllifi Maykl Heniqan
Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycanda şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata
keçirildiyindən xəbərdar olduğunu deyib. Açıq hökumət prinsiplərinin tətbiqinin
genişləndirilməsi, korrupsiyanın qarşısının
alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin
və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində
adıçəkilən beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən
müəllif tədbirin konfrans
iştirakçıları üçün uğurlu olacağına əmin olduğunu deyib.
Sonra Maykl Heniqan konfransda iştirak edən dövlət və
qeyri-dövlət təşkilatlarının nümayəndələrinə "Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq
standartının (İSO 37001 "Anti-bribery Management Sistems”) tələbləri barədə
faydalı məlumatlarını bölüşüb.