Bakı Uşaq Teatrının “Göyçək Fatmas”-sı “Keeda” festivalından əli dolu qayıdıb

Bakı Uşaq Teatrının “Göyçək Fatmas”-sı “Keeda” festivalından əli dolu qayıdıb

04 Oktyabr 2019, 15:08 273
Yeni mövsüm Azərbaycan teatrı üçün uğurlu və hətta deyərdim ki, bol səfərlərlə açıldı. Belə ki, bu mövsüm teatrlarımızın beynəlxalq arenada qazanacağı uğurları elə mövsümün başlanğıcında özünü göstərdi.  
Bakı Uşaq Teatrı 25- 30 sentyabr tarixlərində Rusiya federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq "Keeda” Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında çox uğurla iştirak edib. Onlar milli folklorumuzun gözəl nümunəsi olan "Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış ediblər. Tamaşada uşaqlara ədalətli olmaq kimi gözəl duyğular aşılanır. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. Tamaşada istifadə olunmuş milli geyimlər, milli musiqi və rəqslər onu daha da baxımlı edir. Quruluşçu rejissor İntiqam-Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.
 
Səfərdən geri dönən teatrın direktoru, əməkdar artist  İntiqam Soltan təəssüratlarını ilk olaraq bizimlə bölüşdü. Bildirdi ki, onun quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırlanan "Göyçək Fatma” tamaşası böyük rəğbət qazanıb. İlk dəfə olaraq rus dilində oynanılan bu tamaşa festivaldakı teatrşünaslar tərəfindən ən yaxşı tamaşa kimi qiymətləndirilib.
Festivalda nümayiş olunmuş "Göyçək Fatma” tamaşası diplomla təltif olunub və Bakı Uşaq Teatrına Kalmıkiya Höküməti tərəfindən təşəkkür məktubu ünvanlanıb. Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.
 
İ.Soltan bizimlə söhbətində belə festivalların teatrın tanınmasında və inkişafında müstəsna rolunun olduğunu bildirdi: "Mənə görə Rusiyada keçirilən festivalların özünəməxsus bir cəhəti var. Çünki orada teatrın daha dərin kökləri var. Onlar bu sahədə xüsusi olaraq  formalaşıb. Festival isə xüsusi bir bayramdır. Belə bayramda iştirak etdiyimiz üçün isə özümüzü şanslı hesab edirik.  Festivalda iştirak edən bütün teatrların eyni amal uğrunda bir araya gəlməsi, bayram keçirməsi gözəl xatirə və eyni zamanda unudulmaz bir tarixdir. Bizə bu tarixə şahidlik etmək nəsib oldu. Festival çərçivəsində repertuara daxil olan  tamaşalardan əlavə biz orada olan teatrlarla, teatr camesinin nümayəndələri ilə dostluq körpüsü qurduq”.
Teatrın direktoru ilk dəfə rus dilində tamaşa oynadıqlarını bildirdi: "Festivalda iştirak edən nümayəndələr inanmadılar ki, biz ilk dəfədir ki, başqa dildə tamaşa oynayırıq. Rus teatrşünaslar tamaşamız haqqında yüksək fikirlər səsləndirdilər. Belə fikirlərin səslənməsi bizi daha da həvəsləndirdi və özümüzə inamı artırdı. Nümayiş etdirdiyimiz tamaşamız festivalda hər kəsin diqqətini çəkmişdi. Onlar bizim tamaşanın hazırlanması mexanizmi ilə maraqlanırdılar”.
 Festivaldan diplomla bərabər müxtəlif yaradıcı təkliflər alan Bakı Uşaq Teatrı bundan sonra Rusiyada keçirilən festivallarda mütəmadi şəkildə iştirak edəcək: "Rejissor olaraq Kalmıkiyanın özündən, Belarusiya teatrlarından iş təklifi aldım. Qışda Kalmıkiyada tamaşa hazırlamağa gedəcəm. Belarusiyaya dəvət almışıq.  Bundan başqa Postsovet ölkələrindən gəlmiş sənət adamları ilə dəyirmi masa ətrafında fikir mübadilələri apardıq, onlarla görüş keçirdik.  Görüşdə festivalda iştirak edən sənət nümayəndələri bizim tamaşamızı bəyəndiyini və  Azərbaycanda belə tamaşaların hazırlanmasından xəbərsiz olduqlarını bildirdilər.  Onlar öz təəccüblərini gizlətmirdilər, bildirirlər ki,  neyləmisiniz ki, səhnədə heç nə yoxdur, amma hər şey var. Azərbaycanda teatrın bu dərəcədə inkişaf etdiyini və sevildiyini məhz Bakı Uşaq Teatrının kollektivinin apardığı təbliğatdan sonra daha aydın bilmiş oldular.  Festivalın sonunda onlar kollektivimiz və yaradıcı heyətimiz haqqında xoş fikirlər səsləndirildi. Bu da bizi çox sevindirdi. Sonda bizim teatrın tarixi ilə bağlı festival iştirakçılarını məlumatlandırmağı özümüzə borc bildik və  onlara Bakı Uşaq Teatrının keçmişi, dünəni, bu günü haqqında danışdıq. Çox maraqlı bir həftə yaşadıq. Biz bu səfərdən böyük zövq aldıq”.
 Teatrın direktoru  Kalmikiyada yaşadığı maraqlı hadisələrdən  də bəhs etdi: "Kalmikiyanın bir rayon rəhbərliyi də festivalda tamaşaçı qismində iştirak edirdi. O dedi ki, mənə hərdən teatra kömək etdiyim üçün təşəkkür bildirirlər. Mən elə düşünmürəm, teatr çox sağ olsun, mənə kömək edir ki, insanlığımı itirməyim, məmurlaşmayım, insanlığımı daim özümdə saxlayım. Açığı o məmurun çıxışı mənə çox təsir etdi. Biz onların mətbuatına açıqlama verdik. Onlar bizim tamaşamızı necə bəyəniblərsə, Mədəniyyət nazirimizə təşəkkür ediblər. Bu da festivalda iştirak edən bütün kollektivlərə qismət olmur”.
 
Qeyd edək ki, tamaşada rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov ifa edib.
Bizə isə Bakı Uşaq Teatrının yaradıcı heyətinə uğurlar arzulamaq qalır. Yeni səfərlərdə görüşmək ümidi ilə.
 
Xəyalə Rəis