Bakı Uşaq Teatrı yeni mövsümü Qusarda açdı
Sentyabrın 26-sı,
sərin bir payız günündə Bakı Uşaq Teatrı ilə birlikdə böyük bir komandayla Qusara
- Şahdağ Turizm Mərkəzinə yol aldıq. Artıq 3 ildir ki, eyni tarixdə mövsüm açılışını edən teatrın yaradıcı
heyəti böyük coşqu ilə uzaq yolu yaxın edib, Qusardakı azyaşlı uşaqların
görüşünə getdi. Ölkənin qabaqcıl televiziya və mətbuat nümayəndələrinin
müşayiəti ilə turizm kompleksinin stamaşa salonunda qərar
tutduq. Qısa bir zaman çərçivəsində səhnə tərtibatı və səs effektləri hazırlandı. Qusarda indiyə
qədər heç bir tamaşa və şou proqramı canlı izləmə şansı əldə etməyən azyaşlılar
üçün bu görüş böyük bir sürpriz idi.
Səyyar truppa
Səhnədə avadanlıqların quraşdırılması prosesi
gedərkən kulisdə nələr yaşandı nələr... Hər geyimdən bir neçəsini ehtiyat üçün
gətirən teatrın mətbuat xidməti və eləcə də, truppa rəhbəri geyimləri
aktyorlara təqdim etdilər. Artıq neçə ildir ki, qarderob və geyim otağı olmayan
bu teatrın yaradıcı heyəti səhnə paltarlarını ayaqüstdə dəyişməyə alışıb. Bu
dəfə də onlar kulisdə rahat şəkildə əyinlərini dəyişib, ayaqüstə saçlarını
qaydaya salıb, aksesuarlarını taxdılar. Geyimləri hazır olan aktyor heyəti daha sonra əllərinə fırça alıb
bir-birlərini qrim etdilər. Bir neçə dəqiqədən sonra onlar səhnəyə çıxmağa tam hazır idilər.
Hərdən Bakı
Uşaq Teatrının əməkdaşlarını səyyar truppa adlandırıram. Artıq uzun müddətdir
ki, şəraitsiz bir vəziyyətdə maraqlı tamaşalar hazırlayan yaradıcı heyət hər
mövsüm açılış etmək üçün öz səhnəsindən deyil, müxtəlif teatrların
səhnələrindən istifadə edir, müxtəlif bölgələri gəzərək açılışı məhz həmin
məkanın səhnəsində etmək məcburiyyətində
qalır. Onların çəkdikləri
əziyyəti gördükdə bir daha əmin oluruq ki, bu gün Bakı Uşaq Teatrını yaşatmaq,
öz ayaqları üstə dayanmasını təmin etmək üçün bu insanlar nəinki əllərindən
gələni edir, onun üçün hər bir çətinliyə qatlaşırlar. Düşüncələrimi bir kənara
qoyub qayıdaq səhnəyə...
Uşaqların
sevimli tamaşasına çevrilən "Pəltək cücə”
İlk olaraq
səhnəyə aparıcı çıxdı. Teatrın istedadlı aktyoru Niyaz Qasımov uşaqlara teatrın
anlamı və onları həmin gün hansı sürprizlərin gözləyəcəyi ilə bağlı məlumatlar
verdi. Teatrın rəhbəri İntiqam Soltan da
səhnəyə çıxıb Bakı Uşaq Teatrı haqqında şagirdləri və tədbir iştirakçılarını
xəbərdar etdi. Uşaqların
gözlərindəki o sevinc hisslərini uzaqdan da sezmək mümkün idi. Onlar teatrın,
tamaşanın nə olduğundan xəbərsiz idilər. Sevinc hissləri gözlərindən duyulurdu.
Nəinki uşaqlar, Turizm kompleksinin işçiləri, məktəbin müəllimləri, valideynlər
də maraqla səhnəni və teatrın yaradıcı heyətinin çıxışlarını
izləyirdi. Və nəhayət, hamının bayaqdan gözlədikləri o həyəcan dolu anlar
gəldi, artıq
10 ildir ki, həyatının ən gözəl illərini Bakı Uşaq Teatrının səhnəsinə həsr edən
istedadlı aktrisa, peşəkar rejissor İlhamə Əhmədovanın quruluşverdiyi "Pəltək cücə” tamaşası başlandı. Qeyd edim ki, tamaşanın rejissor köməkçisi Niyaz
Qasımov, musiqi tərtibatçısı Mahir İbrahimli, xoreoqrafı Könül Şahbazova, mahnı
mətnlərinin müəllifi isə Rafael Muradxanlıdır.
İbrətamiz və tərbiyəvi əhəmiyyətə malik tamaşa
Uşaqlar üçün
nəzərdə tutulmuş bu tamaşa ibrətamiz və tərbiyəvi bir mövzuya həsr olunmuşdu. Belə
ki, ailədə olan 7 cücədən birinin dilində qüsur var. Digər bacı-qardaşları qüsurlu cücəyə gülürlər.
Vəziyyəti görən ana toyuq pəltək cücəni həkim tülkünün yanına aparmaq qərarına
gəlir. Tülkü müalicə adı ilə cücəni xəstəxanada saxlayır və ailənin başını aldadıb bütünlüklə ailədəki bütün cücələri
yemək istəyir. Ancaq ailənin başçısı və
ağıllı cücə bundan şübhələnir. Tamaşanın sonunda isə və bacı-qardaşların birliyi və bir-birlərinə olan dəstəkləri sayəsində pəltək cücəni
tülkünün əlindən xilas edirlər. Bacı-qardaşlar söz verirlər ki, bir də bacılarına
lağ
etməyəcəklər.
Bu gün nədənsə bəzi valideynlər övladlarına belə məsləhətlər verməkdən uzaqdırlar. Onlar nəinki uşaqlara fiziki qüsurlu insanlara gülməyin
düzgün olmadığını təlqin etmir, bəzən özləri
uşaqlarının
yanında həmin insanlara ikrah dolu və yazıq kimi baxırlar. Belə olan halda uşaq valideyndən nə ibrət götürəcək
deyə, düşünməyə bilmirik. Tamaşanın məğzi də uşaqların dilində, onların anlaya biləcəyi
şəkildə belə halların heç də yaxşı olmadığını, əksinə həmin insanlara kömək
etməyin lazımlığını
göstərməkdir.
"Qar kraliçası” qışdan xəbər verdi
Uşaqlar
səhnədə biri-birindən maraqlı obrazları, baş verən hadisələri ilə böyük maraq
doğuran "Pəltək cücə”nin bitməsini istəmirdilər. Əslində uzun-uzadı, mənasız monoloqların
olmadığı, qısa olduğu qədər də maraqlı şəkildə hazırlanan tamaşa uşaqların
sevincinə səbəb oldu, izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Alqış
sədaları ilə cücələri səhnədən göndərən uşaqların görüşünə ondan sonra
illüzionistTofiq İsgəndərlinin maraqlı şou proqramları rəng qatdı. Uşaqların
özlərinin də iştirak etdiyi bu proqramda onlar əylənərək sehr ustasının bəxş
etdiyi bu aləmin qonağı oldular.
Şahdağ Turizm
Mərkəzi şüurumuza qış əyləncə-istirahət məkanı kimi həkk olunub. Ona görə də eelə
gündə uşaqların görüşünə Qar kraliçasının gəlməsi heç də təsadüfi deyildi. İndi deyəcəksiniz payızın oğlan çağında nə qar, nə kraliça? Qar kraliçası bu bölgəyə qarşıdan
şaxtalı qışın gələcəyini və insanların cənnət məkan olan Qusara üz tutacağını
onlara qabaqcadan xəbər verdi.
Eyni zamanda, uşaqlarla bərabər
qarın xeyrindən danışaraq onlarla
məsləhət xarakteri oyunlar oynadı.
Uşaqlara hədiyyələr, kitab və dərs ləvazimatları
təqdim olundu.Uşaqları daha
da şənləndirmək üçün teatrın yaradıcı heyəti milli və xarici rəqslərlə onların
əyləncəsinə əyləncə qatdı. Məktəb
şagirdləri rəqqaslara qoşularaq onlarla əylənməyə davam etdilər. Daha sonra şagirdlər
səhnədə bu bölgənin özünə xas rəqslərini aktyorlarla birgə oynadılar. Onu
da deyim ki, tamaşaçı qismində iştirak edən şagirdlər də gözəl rəqs etmə
bacarığına malik idilər.
Bakı Uşaq Teatrının
mövsüm açılışının sonunda azyaşlı tamaşaçılara Şahdağ Turizm Mərkəzinin və
BakıUşaqTeatrının hazırladığı müxtəlif hədiyyələr, kitab və dərs
ləvazimatları təqdim olundu. Maraqlı gün keçirib, əyləncəli tamaşaları izləyən
uşaqların sevincinə hədiyyələr ikiqat sevinc qatdı. Sonda uşaqlar tamaşanın rejissoru və aparıcı ilə
xatirə şəkli çəkdirdilər. Məktəbin
müəllimi Bakı Uşaq Teatrının yaradıcı heyətinə təşəkkür edərək bu günü şagirdlərin
heç zaman unutmayacaqlarını və teatra olan sevginin məhz bu gündən onlarda yarandığını bildirdi.
Konsert proqramı başa çatsa da, uşaqlar yenidən öz yerlərində əyləşib
konsertin davam etməsini gözləsələr də artıq proqram bitmişdi. Uşaqlarla
görüşdükdən sonra teatrın yaradıcı kollektivi mövsüm açılışının ənənəvi qaydası
olan
tort kəsimi ilə görüşümüzü sonlandırdı."Pəltək cücə”
tamaşası ilə mövsümə yekun vuran teatrın komandası elə həmin tamaşa ilə yeni
bir mövsümü açıq elan etdi. Bu mövsümdə onlar öz tamaşaçılarına nələr vəd edib,
nələr göstərəcək onu isə zaman
göstərəcək. Bizə isə Bakı Uşaq Teatrının yaradıcı heyətinə bu mövsümdə
uğurlar arzulamaq qalır.
Xəyalə Rəis