• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Bakı Uşaq Teatrı “Günahsiz günahkarlar”la yola çıxıb - Fotolar

01.11.17 18:07 1685
Bakı Uşaq Teatrı “Günahsiz günahkarlar”la yola çıxıb - Fotolar
Bakı Uşaq Teatrı Hacıqabul, Sabirabad, İmişli, Saatlı və Şirvan rayonlarında "Günahsız Günahkarlar” tamaşasını nümayiş etdirəcək. Səfər çərçivəsində ilk tamaşa 31 oktyabr 2017-ci ildə Hacıqabul rayon Mədəniyyət Mərkəzində rayon əhalisinə təqdim olunub.
Qeyd edək ki, "Günahsız Günahkarlar” tamaşası Bakı Uşaq Teatrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Arzu Soltanın qələmə aldığı müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədi daşıyani tamaşa indiyə qədər paytaxtda müxtəlif auditoriyalarda nümayiş olunub.
Hacıqabul tamaşaçılarına insan alverinin insanların istismar məqsədilə satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən müxtəlif cinayətləri nəzərdə tutması haqqında məlumat verən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan bildirib ki, insan alverinin məqsədləri müxtəlif ola bilər. Buraya qadın alveri, insan orqanlarının satılması, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur.
O qeyd edib ki, insan ticarəti həm dövlət daxili, həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. "Günahsız Günahkarlar” tamaşası da məhz gəncləri bu bəlalardan qorumaq məqsədilə hazırlanıb.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?
Fərqli rejissor həlli ilə "Günahsız Günahkarlar” bütün bu suallara cavab verir.
Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.
Tədbirdən sonra Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinə, Bakı Uşaq Teatrının kollektivinə minnətdarlığını bildirən Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov qeyd edib ki, tamaşada bütün dünyanı narahat edən insan ticarəti problem ilə bağlı mümkün olan bütün məsələlərə toxunulub və tamaşaçılar hər biri buradan insan alveri ilə mübarizə ilə bağlı bir təbliğatçı kimi ayrılıblar.






banner

Oxşar Xəbərlər