• cümə axşamı, 25 aprel, 11:52
  • Baku Bakı 14°C

Bakı təsadüfi seçilməmişdi

18.02.17 09:00 902
Bakı təsadüfi seçilməmişdi
Xəbər verdiyimiz kimi, Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıda tarixi görüşü baş tutdu. Görüşdə gərginliyin azaldılması, risklərin qarşısının alınması ilə bağlı birgə ölçü götürmək barədə razılığa gəlinib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib.
Məlumatda deyilir ki, ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ABŞ-Rusiya arasında hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Əlaqələrin davam etdirilməsinə dair razılıq əldə olunub.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə bildirib ki, ABŞ və Rusiya ali hərbi rəsmilərinin görüşündə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub.
Nəzərə çatdıraq ki, bu iki böyük dövlətin generallarının görüşünün Bakıda reallaşması təsadüf sayılmır. Mövzu haqda fikirlərini bölüşənlər deyirlər ki, bu, hər şeydən əvvəl Azərbaycanın yaratdığı etibarlılıq imici və qazandığı etimadla bağlıdır.
Millət vəkili Bəxtiyar Sadıqov Trend-ə açıqlamasında deyib ki, ABŞ və Rusiya BQ rəislərinin Bakıda görüşməsi Azərbaycana etimaddır: "ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizə göstərilən etimad və etibarın nümunəsidir”.
B.Sadıqov bildirib ki, həm Rusiya, həm də ABŞ dünyada söz sahibi olan dövlətlərdir: "Əgər biz düşünsək ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün siyasi bir xaldır. Eyni zamanda, Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi həmin dövlətlərin yanında Azərbaycanın nüfuzunun yüksək olmasından da xəbər verir. Ona görə də bu görüşün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, görüşdə qarşıya qoyulan məqsədə nail olunacaq və bu da Azərbaycanın nüfuzunu daha da artıracaq”.
Deputat əlavə edib ki, artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün mərkəzə çevrilməsi təsdiq olunmuş bir aksiomdur: "Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe bu cür tədbirlərin tez-tez ölkəmizdə keçirilməsinə imkan verir”.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, Bakı görüşü İrəvanın təxribatını alt-üst etdi. Axar.az-a danışan millət vəkili deyib ki, Azərbaycan beynəlxalq birlikdə aktiv xarici siyasət yeridir: "ABŞ və Rusiya münasibətləri Obama dövründə ötən əsrin 70-ci illərinin soyuq müharibə vəziyyətinə yaxın idi. Donald Tramp münasibətləri yaxşılaşdırmaqda maraqlı olduğunu göstərdi və ilk dəfə iki ölkənin yüksək səviyyəli rəsmi şəxsləri Bakıda bir araya gəldilər. Azərbaycanın xarici siyasət xəttini təhlükəsizlik, stabillik, qarşılıqlı əməkdaşlıq uğrunda birgə mübarizə təşkil edir. Bakının bu istiqamətdə uğurları durmadan artır. Bu gün Azərbaycan dövlətçiliyinin uğuru göz qarşısındadır. Azərbaycanda siyasi gərginlik, vətəndaş müharibəsi kimi hallar mövcud deyil. Ölkədə təhlükəsizlik şəraiti yüksək səviyyədədir. Görüşün məhz Bakıda reallaşması çox vacib siyasi bir faktorla - prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzu ilə bağlıdır. Görüşün keçirildiyi müddətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında "referendum” keçirmə təxribatı baş tutmadı. Bu, o anlama gəlir ki, Azərbaycan dövlətinin siyasi uğurları sonda erməniləri bütün cəbhələrdə acı məğlubiyyətlə üz-üzə qoyacaq”.
Millət vəkili Elman Nəsirov da bu görüşün Bakıda keçirilməsini beynəlxalq aləmdə Azərbaycana böyük etimad olduğunun göstəricisi sayır. E.Nəsirov AZƏRTAC-a açıqlamasında bildirib ki, iki nəhəng dövlət həm ikitərəfli münasibətlərinin bu günü və gələcəyi, həm də regional təhlükəsizlik məsələlərini, dünyanı narahat edən mürəkkəb məsələləri müzakirə etmək üçün məhz Bakı şəhərini seçib: "Bakının görüş məkanı kimi seçilməsi ona dəlalət edir ki, Azərbaycan sözün həqiqi mənasında, dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birinə çevrilib. İkincisi, bu, onun təsdiqidir ki, prezident İlham Əliyev olduqca balanslı, çevik siyasət həyata keçirir və bu siyasətin gətirdiyi divident həm ABŞ-ın, həm də Rusiyanın diqqətini cəlb edib. Belə bir siyasət, ilk növbədə, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə söykənir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçilmiş, iki dəfə Şuraya sədrlik etmişdi. Azərbaycan bu gün beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verir. Bütün bu reallıqlar heç şübhəsiz ki, iki supergüc dövlətin hərbi sahədə önəmli generallarının Bakıda bir araya gəlməsini şərtləndirən əsas amillərdəndir”.
YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, bu görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir: "Dünyanın diqqət mərkəzində olan, beynəlxalq aləmdə iqtisadi, siyasi və humanitar mərkəz kimi tanınan Azərbaycan eyni zamanda, bir çox hallarda beynəlxalq əməkdaşlıqların qurulduğu məkan kimi də tanınır. Mütəmadi olaraq paytaxt Bakıda demək olar ki, bütün dünyanı əhatə edən qlobal tədbirlər, humanitar forumlar, maraqla izlənilən beynəlxalq idman yarışları keçirilir. Respublikamıza gələn qonaqlar inkişafın Azərbaycan modelini öz gözləri ilə görür, ölkəmizin kifayət qədər sabit, təhlükəsiz olduğunu xüsusi olaraq vurğulayırlar. Sözsüz ki, qeyd etdiyimiz bu uğurlar ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasətin bəhrəsidir. Liderlər Azərbaycanı etibarlı tərəfdaş, prezident İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Qeyd etdiyimiz kimi, Azərbaycan dünyanın super-gücləri olan ABŞ və Rusiya ilə kifayət qədər yaxın münasibətlər qurub, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir”.
V.Rəhimzadə vurğulayıb ki, ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər verir.
APA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, ehtiyatda olan general-leytenant Yevgeni Bujinski Gerasimov-Danford görüşünün Bakıda keçirilməsindən təəccüblənmədiyini söyləyib. Azərbaycanın hər iki ölkə ilə əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan general Azərbaycanın hərbi sahədə regionun güclü dövləti olduğunu vurğulayıb: "Azərbaycanın regional səviyyədə özünün milli maraqlarını müdafiə etməsi üçün hər bir potensialı, o cümlədən hərbi potensialı var”.
Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyevdə generalların görüşünün Bakıda keçirilməsinin təsadüfi olmadığını deyib: "Bakı buna qədər də belə formatlarda görüşlərin keçirildiyi məkan olub. Bundan öncə Bakıda Rusiya vəNATOölkəsi olan Türkiyənin ordularının beyin mərkəzlərinin rəhbərlərinin görüşü keçirilib. Bir sözlə, Bakının belə formatda görüşlərin keçirilməsi üçün böyük təcrübəsi var. Digər tərəfdən isə, Azərbaycan həm Rusiya ilə, həm də ABŞ-la bərabər tərəfdaşlıq və münaqişəli olmayan münasibətlərə malikdir. Məhz bu faktorlar Bakının iki nəhəng ölkənin silahlı qüvvələrinin baş qərargah rəislərinin görüş yeri kimi seçilməsinə yardım edib”.
H.Əsgər
banner

Oxşar Xəbərlər