• şənbə, 20 Aprel, 14:42
  • Baku Bakı 23°C

Bakı-Tbilisi-Qars dəmir yolu Təbrizə qədər uzansa...

01.12.17 10:00 3357
Bakı-Tbilisi-Qars dəmir yolu Təbrizə qədər uzansa...
"İranBakı-Tbilisi-Qarsdəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib”. Bu barədəAPA-nın Gürcüstan bürosuna açıqlamasında İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib.O bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb: "Bu, çox böyük layihədir və üzərində iş gedir. Bu layihə reallaşsa, dairəvi dəmir yolu yaranacaq. İran və Türkiyə layihə üzrə işlər aparmaqla bağlı razılıq ifadə edib”.
Cənub-Qərb nəqliyyat dəhlizinə toxunan A. Axundi bildirib ki, onun çox uğurlu olacağını hesab edir: "Bu dəhliz region və dünyada olan dəhlizlərlə rəqabət apara biləcək. Əminəm ki, İran, Azərbaycan, Gürcüstan və Ukraynanın bu dəhlizlə bağlı əməkdaşlığı uğurlu olacaq.”
O, İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini qeyd edib: "Astara-Astara dəmir yolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzalanıb. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək”.
Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişiliqəzetimizə verdiyi açıqlamada bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, gözlənildiyi kimi, regionda iqtisadi aktivliyi artırıb: "Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu layihəsinin də tamamlanmaq üzrə olduğun nəzərə alsaq, hər iki layihənin inteqrasiya olunması bütün istiqamətlər üzrə yük daşımalarını artıracaqdır. Türkiyə və İran, Avropa Birliyi-İran arasında ticarət dövriyyəsini artırılmasına əsas əngəl, nəqliyyat daşımaların imkanının məhdud olmasıdır ki, BTQ dəmir yolunun Təbrizə qədər uzanması bu problemləri aradan qaldırmaqla, bütün tərəflər üçün cəlbedici iqtisadi imkanlar yaradacaqdır. Təbii ki, burada həm də Azərbaycan tərəfi iqtisadi cəhətdən fayda əldə edəcəkdir. Regionda ölkələr arasında iqtisadi münasibətlərin inkişafı həm də onlar arasında geosiyasi münasibətlərin inkişafına xidmət edir ki, bu, son nəticədə, bütövlükdə regionun inkişafı üçün həyati əhəmiyyət kəsb edir” .
Politoloq Fikrət Sadıxovdeyir ki, Ermənistandan başqa bütün ölkələr bu layihəyə qoşula bilər: "Biz əvvəlcədən də bu layihəni digər ölkələr üçün açıq elan etmişdik və bildirmişdik ki, Ermənistandan başqa kim qoşulmaq istəyirsə, qoşula bilər. Bu, ilk növbədə İranın maraqları üçün önəmli addımdır. Mənə elə gəlir ki, əslində burada heç bir problem yaranmamalıdır. İlk olaraq ona görə ki, Təbrizdə bizim soydaşlarımız yaşayır. Bu vasitə onların başqa ölkələrə səfəri üçün qısa bir yoldur. Təbii ki, bir sıra məsələləri müzakirə etməyə ehtiyac var və müəyyən bir şərtlər qoyulmalıdır. Ermənistan və onun vətəndaşları o yoldan istifadə etməsinlər. Hətta onlara bu yol qadağan olunsun. Belə bir tələb mütləq irəli sürülməlidir”.
İqtisadçı Rəşad Həsənovbildirir ki, bu ideyanın gerçəkləşməsi Bakı- Tbilisi-Qars dəmir yolu layihəsinin effektivliyini artıracaq: "BTQ dəmir yolunun Azərbaycan çıxışı əsasən iki istiqamətli idi. Bunlardan biri Qazaxıstan, digəri Türkmənistan istiqamətlidir. İranın bu məsələdə maraqlı olması burdan daşınacaq yüklərin və sərnişinlərin həcminin artmasına müsbət təsir göstərəcək. Həmçinin də layihənin effektliliyini artıracaq. Bizdə olan məlumata görə, 2017-ci il ərzində Çin, İran dəmir yollarının təkmilləşdirilməsi məqsədi ilə bu ölkəyə iki milyarda yaxın investisiya yatırıb. Əgər Çin, İran dəmir yollarının inkişafında maraqlıdırsa, bu o mənaya gəlir ki, növbəti dövrlərdə öz məhsullarını dünya bazarına İran üzərindən çıxarmağa üstünlük verəcək. Belə bir şəraitdə təbii ki, BTQ dəmir yolunun İran dəmir yolları ilə birləşdirilməsi gələcəkdə üçüncü bir xətdən gələn yüklərin və sərnişinlərin Azərbaycan üzərindən daşınmasına gətirib çıxarda bilər. Bu baxımdan düşünürəm ki, bu gələcəkdə BTQ dəmir yolunun mənfəətinin yüksəlməsinə səbəb olacaq. Burada söhbət sadəcə ondan getmir ki, Cənub-Şərqi Asiya ölkələrindən daşınan yüklər Azərbaycan üzərindən üçüncü ölkəyə getsin. Həmçinin yerli sahibkarların da kommunikasiyalardan istifadə edərək öz daşıma proseslərini sürətləndirməsi və eyni zamand,a xərclərin aşağı salınması məsələsi də var ki, bu da yerli iqtisadiyyata öz müsbət təsirini göstərəcək”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qeyd edir ki, BTQ dəmir yolunun istismara verilməsindən sonra layihəyə maraq regionda daha da artıb: "İran tərəfinin BTQ dəmir yolunu Təbriz şəhərinə qədər uzatmaqla bağlı təklifi də dediyimiz maraqlar sırasından olan bir məsələdir. Layihənin işlənməsi ilə bağlı İran tərəfinin artıq Türkiyə ilə danışıqlar apararaq memorandum imzalaması isə təqdirəlayiqdir. Çünki BTQ dəmir yolu xəttinin genişləndirilməsi onun bütün cəhətlərdən daha maraqlı olması demək olacaqdır. Layihənin müəllifi kimi bu təklif Azərbaycan üçün İran və Türkiyədən heç də az maraqlı deyil. BTQ dəmir yolunun Təbrizə qədər uzadılması, praktik olaraq Azərbaycan və Gürcüstan üzərindən İranla Türkiyə arasında dairəvi dəmir yolunun yaranması demək olacaqdır. Belə olan halda, bütün dairəvi yollar kimi, bu yolun da əhəmiyyəti daha da artacaq və ondan istifadənin səmərəliliyi yüksələcəkdir.”
Günel Azadə

banner

Oxşar Xəbərlər